Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura sığınacaq axtaran şəxslərin məsələlərini müzakirə edib – FOTOLAR
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın Sığınacaq axtaran şəxslər üzrə İşçi Qrupunun təşkilatçılığı ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunda qrupun növbəti iclası keçirilib. Tədbirdə Dövlət Miqrasiya Xidmətinin Qaçqın statusunun müəyyən olunması idarəsinin əməkdaşı, İşçi qrupuna daxil olan qeyri-hökumət təşkilatlarının, həmçinin Beynəlxalq Avrasiya Mətbuat Fondunun və media nümayəndələri iştirak ediblər.
Çıxış edən İşçi Qrupun rəhbəri Zəminə Səfərova Azərbaycanda sığınacaq axtaran şəxslərlə bağlı məsələlərin həll edilməsində Dövlət Miqrasiya Xidmətinin və İctimai Şuranın böyük rolunun olduğunu qeyd edib. Z. Səfərova vurğulayıb ki, daxil olan müraciətlərə çevik reaksiya və operativ müdaxilə bu müstəvidə əldə olunan uğurların əsasını təşkil edib. Belə ki, cari ilin ikinci yarısında 20-dən çox müraciət daxil olub və bu müraciətlər aidiyyəti üzrə istiqamətləndirilib və son nəticədə müsbət həllini tapıb. Bildirilib ki, sığınacaq axtaran şəxslərlə bağlı müstəvidə mövcud məsələlərin həll olunması üçün mümkün səylərin səfərbər olunması və bu səbəbdən İşçi Qrupu formatında qeyri-hökumət təşkilatları arasında zəruri əlaqələndirmə işlərinin aparılması davam etdiriləcək.
Qısa təqdimatla çıxış edən qeyri-hökumət təşkilatlarının nümayəndələri miqrasiya sahəsində həyata keçirdikləri fəaliyyətlər barədə danışıb, xidmət göstərdikləri miqrant qruplarının, o cümlədən ölkə ərazisində sığınacaq axtaran əcnəbilərin üzləşdikləri problemlərə toxunub, həmin problemlərin aradan qaldırılması ilə bağlı təklif və tövsiyələrini bildiriblər. Qeyd olunub ki, Sığınacaq axtaran şəxslər üzrə İşçi Qrupunun fəaliyyəti xüsusilə təqdir olunur və belə bir müzakirələrin davamlı şəkildə keçirilməsi maraqlı tərəflərlə yanaşı həm də miqrantlar tərəfindən məmnunluqla qarşılanır.
Fəal müzakirə şəraitində keçən tədbirdə iştirakçılar tərəfindən verilən suallar Dövlət Miqrasiya Xidmətinin əməkdaşı tərəfindən ətraflı şəkildə cavablandırılıb.