Tibb işçilərinin nümayəndələri üçün gender-transformativ onlayn təlim modulu – FOTOLAR
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women) tərəfindən həyata keçirilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində UNFPA dəstəyilə Ümidli Gələcək SİB 2021-ci ilin oktyabr ayından etibarən səhiyyə işçiləri üçün “Antenatal və uşaq baxımı xidmətlərinə kişilərin cəlb edilməsi ilə əlaqədar tibb işçiləri üçün onlayn gender-transformativ təlim modulu” layihəsinin icrasına başlamışdır. Bu layihə çərçivəsində təşkilatımızın nümayəndələri ilə yanaşı İSİM-in, Azərbaycan Tibb Universitetinin və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkminlləşdirmə İnstitutunun mütəxəssislərindən ibarət işçi qrupunun yaradılmışdır. Yaradılmış işçi qrupu tərəfindən UNFPA-nin hazırladığı təlim paketinə əsasən keçirilməsi planlaşdırılan təlim kursunun gündəliyi formalaşdırılmış və 30 nəfər tibb işçisi üçün 6,7,8 Dekabr 2021 –ci il tarixlərində İctimai Səhiyyə və İslahatlar Mərkəzinin konfrans zalında canlı təlim keçirilmişdir.
Təlimdə səhiyyə və tibb işçisi üçün ailə planlaşdırılması, antenatal qayğı, perinatal və zahılıq dövrlərində qayğı, yenidoğulanlara qayğı mövzularında təlim kursu keçirilmişdir. Təlim kursu əsasında materialların ecourses.az platformasında yerləşdirilməsi və bununla da uzunmüddətli əlçatan olacaq e-kurs hazırlanması təşkil ediləcəkdir.
Tarixən ana və uşaqların sağlamlığı ilə məşğul olan tibb işçiləri əsasən analar və müəyyən dərəcədə uşaqlarla təmasda olub, sanitar-maarif işini isə əsasən analar və bəzən də ailənin qadın üzvləri (qayınana, baldız, bacı) ilə aparıb. İqtisadi və sosial dəyişikliklər, müasir həyat tərzi, qadın və kişilər arasında iqtisadi və sosial bərabərliyin inkişafı hamiləliyin planlaşdırılması, hamiləliyin gedişatı və uşaqların böyüdülməsi ilə bağlı yükün ana və ata arasında paylaşılmasını vacib edib.
Dünya ölkələri ilə yanaşı, Azərbaycanda da son illər ailənin sağlamlığı məsələlərində ataların və ailənin digər kişi üzvlərinin daha aktiv iştirak səviyyəsi getdikcə artmaqdadır.
Kişilərin göstərdiyi mənəvi və fiziki dəstəyin, habelə atalarla körpələri arasında hətta doğuşdan əvvəl erkən bağlılığın əhəmiyyəti artıq danılmaz sübutlara arxalanır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hamiləlik, doğuş və zahılıq dövründə, eləcə də yenidoğulanlara qayğı zamanı kişilərin aktiv cəlb olunmasını tövsiyə edir.
Proqram haqqında:
Bu təşəbbüs Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women) və BMT-nin Əhali Fondu (UNFPA) tərəfindən birgə həyata keçirilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində icra edilir. Proqram ailədə və cəmiyyətdə kişi və qadın rollarına dair stereotiplərə meydan oxuyaraq və gender əsaslı zorakılığın aradan qaldırılması istiqamətində fəaliyyət göstərərək qadınlar və kişilər üçün bərabər hüquq və imkanları gücləndirməyi hədəfləyir. Proqram regional səviyyədə altı ölkədə – Gürcüstan, Azərbaycan, Ermənistan, Moldova, Belarus və Ukraynada icra olunur.