Mobil cihazların orijinallığını onlayn yoxlamaq mümkündür – imei.az
Mobil telefonlar istifadə edilməyə başlananda IMEI nömrə vasitəsilə rəsmi qurumlar və ya kommersiya şirkətləri (məsələn, mobil operatorlar) tərəfindən qeydiyyatdan keçirilir. Ölkəmizdə bu proses üzrə tənzimləyici qurum Mobil Cihazların Qeydiyyat Sistemidir. Sistemin imei.az saytı üzərindən mobil cihazları onlayn qeydiyyatdan keçirmək, eləcə də cihazın orijinallığını yoxlamaq mümkündür. Bunun üçün əvvəlcə *#06# qısa kodunu yığaraq cihazın IMEI kodunu dəqiqləşdirmək, daha sonra isə həmin kodu imei.az saytında “IMEI nömrəsini daxil edin” bölməsinə yazıb “yoxla” düyməsini sıxmaq lazımdır. Prosesi ardıcıllıqla yerinə yetirəndən sonra ekranda qısa bildiriş mətni əks olunur. Bu mətndə daxil edilən İMEI kodun saxta olub, olmadığı və həmin IMEI üzərində görünən cihaza qarşı hansısa məhdudiyyət varsa, bununla bağlı məlumat verilir. Sistem, həmçinin oğurlanmış və itirilmiş cihazıları tapmağa da kömək edir. IMEI verilənlər bazasına oğurlanmış telefonun kodu daxil edildikdən sonra itirilmiş telefonu tapmaq şansı artır. Qeyd edək ki, hazırda xidmət üzərindən ən son modellər də daxil olmaqla bütün telefonların IMEI kodlarını yoxlamaq mümkündür. Məlumat üçün bildirək ki, mobil cihazların bir-birindən fərqləndirilməsi, eləcə də həmin cihazın şəbəkə ilə təmin olunması IMEI kod vasitəsilə həyata keçirilir. IMEI (International Mobile Equipment Identification) – mobil cihazlar üçün tək və bənzərsiz olaraq təsis edilən beynəlxalq identifikasiyanı (eyniləşdirməni) göstərən unikal nömrədir. Müxtəlif rəqəmlərin kombinasiyasından təşkil olunan bu nömrə Beynəlxalq GSM Assosiasiyası tərəfindən təyin edilir və istehlaka yararlı hər bir mobil cihazın 15 rəqəmdən ibarət öz IMEI nömrəsi olur.