Ziyalılar susur, millət vəkilləri susur… – Faiq Ağayev qəzəbləndi
“Cəmiyyət olaraq hamımızın kəskin etirazına səbəb olan bir sıra olayların kökündə tərbiyyəsizliyə qarşı ictimai qınağın olmamasıdır”.Bu sözləri xalq artisti Faiq Ağayev deyib.
Xalq artisti yazıçı Çingiz Abdullayevin kitablarının yandırılmasına kəskin etirazını bildirib:
“Ziyalılar susur, vicdanlı, namuslu vətəndaşlarımız susur, din xadimləri, dövlət məmurları, millət vəkilləri belə susur. Nədir, necə gerizəkalılıqdır o kitab yandırmaq azarı? Hansı mağara düşüncəsi sahibləri bunu həyasızcasına həyata keçirmək cəhdindədir? Niyə göz yumub, yan keçirik bu vandalizm, barbarlıq, vəhşilik nümünəsindən? Tarixin hansı kəsiyində bu tərz dölbeynlik xeyir gətirib ki. “Əşşi, nə işimə?” deyib, rahatcasına əhəmiyyətsizlik nümayiş edək?”.
Faiq Ağayev qeyd edib ki, Çingiz Abdullayev bu məmləkətə namusla xidmət edən böyük şəxsiyyətdir:
“Ona qarşı törədilən bu çirkin əməllər mənəviyyatımıza, mədəniyyətimizə, milli heysiyyatımıza qarşı törədilən hücüm və cinayətdir. Bu gün qınayıb, cəzalandırmasaq o kəsləri, sabah böyük fəlakətlər qarşısında aciz qalacağıq, gec olacaq artıq. Gücümüz – birlikdədir”.