İranla Azərbaycan qonşudan daha çox qohumdurlar – Hüseyn Abdullahiyan
“İki ölkə və iki xalq qonşudan daha çox qohumdurlar… Azərbaycan Respublikasının prezidenti bizi nigaran edən məqamlarla bağlı ümidverici sözləri dedi.”
Bu sözləri İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan instaqram səhifəsində yazıb.
O, son günlərdə Türkmənistanda keçirilən ECO toplantısı çərçivəsində İran-Azərbaycan dövlət başçılarının görüşü və əldə edilən razılaşmalarla bağlı yenidən fikirlərini bildirib.
O deyib:
“Aşqabadda ECO toplantısının çərçivəsində Azərbaycanın xarici işlər naziri ilə dostluq görüşü müsbət nəticələrlə yadda qalıb. Öncəki həftələrdə bu yaxşı görüşlər üçün hazırlıqlar görülürdü. Əldə edilən razılaşmaların istiqamətləri və növləri iki millətin və ölkənin mənafeyi istiqamətindədir.
İki ölkə dövlət başçılarının əlaqələrin bütün sferalarda genişləndirilməsi barədə iradələri var. Tranzit, enerji, turizm, mədəniyyət və sair iki tərəfin təkidlə yanaşdığı məsələdir.
İki ölkə və iki xalq qonşudan daha çox qohumdurlar. Bizim nigaran olduğumuz məqamlarla bağlı Azərbaycan Respublikası prezidentinin ümidverici sözləri oldu və vurğuladı ki, bu əsasla da addım atılacaq. İki prezidentin görüşündən bir gün qabaq siyasi, diplomatik və təhlükəsizlik müstəvidə mühüm məsləhətləşmələr oldu. Qonşularla münasibətləri genişləndirməyə davam edəcəyik.”