AzTV-dən Sabir Rüstəmxanlıya cavab:”Məntiqsiz görünür”
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Sabir Rüstəmxanlı AzTV telekanalını, dolayı yolla da Əməkdar artist Babək Niftəliyevi sərt tənqid edib.
Millət vəkili “Facebook” səhifəsində AzTV-nin yaxşı niyyət güdən bu layihəsinin belə gülünc hala salınmasına təəssüfləndiyini bildirib.
“Ənənəvi musiqi üçlüyü – tar və kamança ifaçıları, bir də əlində qaval olan müğənni… Çalıb-oxumaq üçün haranı seçsələr yaxşıdır? Zəngilan rayonunun işğalçılar tərəfindən dağıdılmış bir kəndini. Hərəsi bir uçuq divarın üstündə oturublar. Nə olar, burda da oxumaq olar. Düşündüm ki, indi savaşın gətirdiyi faciələr haqqında və ya bu kəndin harayına bənzər bir ifa səslənəcək. Ancaq mahnını dinləyəndə heyrətə gəldim.
Burada, düşmənin xaraba qoyduğu bu ağlar yurdda da son illər müsiqimizi işğal etmiş şit “diringi” əsəblərimi cırmağlamağa başladı. İnsan gözüyumulu və əhlikef olmalıdır ki, bir yurdun uçuq divarının üstündə, dağılmış bir kənddə oturub “Könüllər cəlb edən bu xoş mənzərə…” deyib oxusun. Görəsən bu üç sənət adamı ətrafa baxmırdılar? Düşünmürdülər ki, bu ürək dağlayan görüntüyə “xoş mənzərə” demək olmaz? AzTV-nin yaxşı niyyət güdən bu layihəsinin belə gülünc hala salınmasına təəssüfləndim…”, – deyə deputat qeyd edib.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZXEBER.COM-a bildirilib ki, layihənin məqsədi gözəllikləri deyil, məhz erməni vəhşiliyinin izlərini musiqinin dili ilə xalqa və dünyaya çatdırmaqdır.
“Bəzən elə məsələlər var ki, sözün düzü, açıqlama vermək belə çətindir. Millət vəkili Sabir Rüstəmxanlının “Oxuyur Vətən” layihəsinə iradı, işğaldan azad olunmuş ərazilərdə səslənən “Qarabağ şikəstəsi”, “Xudayar” təsnifi, “Qarabağ”, “Ey Vətən”, “Azərbaycan” və s. xalq və müəllif mahnılarının səsləndirilməsinə neqativ reaksiyası və həmin mahnıları “şit diringi” adlandırması əsla anlaşılan deyil.
Sabir Rüstəmxanlının irad tutduğu “Xudayar” təsnifinin Zəngilanda dağıntılar fonunda ifasına gəlincə isə burada da nəyəsə irad tutulması başadüşülən deyil və məntiqsiz görünür.
Çünki şəhidimiz Xudayar Yusifzadə bu təsnifi məhz Zəngilanda ifa edib və məhz Zəngilanda da şəhidlik zirvəsinə ucalıb.
Bundan başqa, Azərbaycanın məqsədi ermənilərin işğal dövründə torpaqlarımızı viran qoyduğunu dünyaya çatdırmaqdır. “Oxuyur Vətən” layihəsinin də məqsədi, heç şübhəsiz ki, gözəllikləri deyil, məhz erməni vəhşiliyinin izlərini musiqinin dili ilə xalqa və dünyaya çatdırmaqdır.
Üçüncüsü isə bu gün vətənpərvərlik mahnılarının Bakıda və ya digər bölgələrdə deyil, məhz işğaldan azad olunmuş ərazilərdə ifa edilməsinin çox ciddi siyasi, ideoloji tərəfi var. Yəni bütün bunları bir kənara qoyub görülən işə, xüsusən də “Xudayar” təsnifinə şit və diringi kimi yanaşmaq, düşünürük ki, heç kimə başucalığı gətirmir”.
Xatırladaq ki, Vətən müharibəsinin ildönümü ilə bağlı Azərbaycan Televiziyasının ərsəyə gətirdiyi layihələrdən biri də “Oxuyur Vətən”dir. Layihənin hər buraxılışı işğaldan azad olunmuş bir rayonda, şəhərdə, kənddə çəkilir və düşmənin həmin ərazilərdə daşı daş üstündə qoymadığını, tarixi abidələri viran qoyduğunu musiqi dili ilə dünyaya nümayiş etdirir.