“”Təmiz şəhər”dən “Təmiz ölkə” konsepsiyasına keçmək vaxtıdır” – Sadiq Qurbanov
Bu gün Milli Məclisdə 2022-ci ilin dövlət büdcəsinin müzakirəsi davam etdirilib.
İclasda Təbii ehtiyatlar, energetika və ekolgiya komitəsinin sədri, millət vəkili Sadiq Qurbanov çıxış edərək hökumətin təqdim etdiyi layihəyə münasibət bildirib, eyni zamanda təkliflərini səsləndirib.
Komitə sədri deyib ki, layihədə ətraf mühitin mühafizəsi xərcləri üçün ayrılan vəsaitin 249 milyon manatı ərazilərin təmizlənməsi, çirkab suların yığılması və təmizlənməsi tədbirləri üçün nəzərdə tutulub. Başqa sahələr üzrə də vəsait bölgüsü aparılıb: “Hazırda bir neçə sahənin nəticə əsaslı büdcəyə keçdiyini nəzərə alaraq, büdcə zərfində xərclərin tam aydın göstərilməsini arzulayırıq. Çünki belə olmadıqda nəzərdə tutulan işlərin icrasına nəzarət etmək də cətinləşir”.
Millət vəkili bildirib ki, büdcədə “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinə subsidiya formasında 33 milyon manat vəsait ayrılması nəzərdə tutulub. S. Qurbanov əlavə edib ki, ayrılan vəsaitin kifayət qədər iri həcmli olmasına baxmayaraq, paytaxtda bərk tullantıların idarə olunması cox aşağı səviyyədədir. “Regionlarda isə bu sahədə vəziyət daha acınacaqlıdır. Hazırda bu problemlə rayon icra hakimiyyətlərinin tərkibindəki təsərrüfat idarələri məşğul olur ki, onların da maddi-texniki bazası demək olar ki, yox səviyyəsindədir. Bu sahənin diqqətdən kənarda qalması əkinə yararlı torpaqların və suların çirklənməsinə səbəb olur. Hesab edirik ki, bu sahəyə xüsusi diqqət ayrılmalıdır və özəl sektorun cəlb edilməsinin təşviq edilməsinə böyük ehtiyac var. Düşünürəm ki, artıq “Təmiz şəhər” konsepsiyasından “Təmiz ölkə” konsepsiyasına keçmək vaxtıdır”.
Komitə sədri əlavə edib ki, neft-qaz hasilatı və emalı, metallurgiya, gəmiçilik və s. ətraf mühitə daha çox tullantı atan, təsir edən müəssisələr iri çirkləndiricilər hesab olunur: “Təkcə Bakı şəhərində belə müəssisələrin sayı 35-dir. Bununla yanaşı dövlətə məxsus bir sıra hüquqi şəxslər birbaşa və dolayı yollarla ətraf mühitin çirklənməsində xüsusi rola malikdirlər. Belə müəssisələr tərəfindən tullantıların düzgün idarə olunmaması, tullantısız texnologiyalardan məhdud istifadə edilməsi, utilizasiya mexanizmlərinin qeyri-qənaətbəxş təşkili ekoloji riskləri artırır”.
Millət vəkilinin sözlərinə görə, ölkə üzrə atmosferə atılan çirkləndirici maddələrin yol verilən həddinin 2023-2025-ci illərdə 2 min ton, şirin su hövzəsi üzrə 2 min ton, Xəzər dənizinə 100 ton proqnozlaşdırılır. Sadiq Qurbanov vurğulayır ki, torpağa atılan çirkləndirici maddələrin yol verilən həddi də 2022-ci illə müqayisədə artaraq 2023-2025-ci illərdə 10 min ton proqnoz edilir: “Qeyd edilənlərdən aydın olur ki, çirkləndirici maddələrin yol verilən həddi ilbəil artır ki, bu da ətraf mühitin pisləşməsinə və ya dəyişməz qaldığına dəlalət edir. Yaxşı olar ki, dövlət büdcəsindən maliyyələşən qurumlar və təşkilatlar büdcə planlaşdırılması zamanı Prezidentin 2 fevral 2021-ci il tarixdə təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərin 5-ci istiqamətindən biri olan “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” olmaq məqsədlərini nəzərə alsınlar. Təklif edirəm ki, bu sahədə görülən işlər barədə hesabatlılıq təmin edilsin. Həmçinin istehsal proseslərində və tullantıların idarə olunması sahəsində müasir texnologiyaların tətbiq edilməsi, tullantısız texnologiyaların təşviq olunması, alternativ enerjidən istifadənin genişləndirilməsi və mərhələli şəkildə yaşıl iqtisadiyyata keçidin təmin olunması da ayrıca olaraq büdcə zərfində nəzərə alınması məqsədə müvafiq olar”.
Millət vəkili daha sonra bildirib ki, 2022-ci ilin dövlət büdcəsində məcburi köçkünlər üçün salınmış qəsəbələrdə küçə, park və xiyabanlarda abadlaşdırma, yaşıllaşdırma işlərinin görülməsi üçün 9,2 milyon manat vəsait nəzərdə tutulub: “İşğaldan azad olunmuş ərazilərdə ekoloji genosidin həyata keçirildiyini, flora və faunaya böyük zərərlər vurulduğunu nəzərə alaraq, ekoloji tarazlığın təmin olunması məqsədi ilə bu sahəyə daha çox diqqət ayrılması məqsədə müvafiq olar”.
Millət vəkili çıxışının sonunda deputat həmkarlarını 2022-ci ilin büdcə zərfinə səs verməyə çağırıb.