Elçin Mirzəbəyli: “İnsanların sevgisini qazanmaq yolunu sensasiya üzərində qurmamışıq” – MÜSAHİBƏ
“Xalq cəbhəsi” qəzetinin ilk sayının çapdan çıxmasından 20 il ötür. Qəzet ilk dəfə 20 noyabr 2001-ci ildə çap edilib. 2006-ci ildən etibarən qəzetə rəhbərlik edən Elçin Mirzəbəyli Publika.az-a bildirib ki, mətbuat orqanı 20 noyabrda çapdan çıxsa da, həmin tarix Qarakənddəki vertolyot faciəsinin ildönümü ilə üst-üstə düşdüyündən, kollektiv ildönümünü bir gün sonra, yəni noyabrın 21-də qeyd edir.
Elçin Mirzəbəyli ilə müsahibəni təqdim edirik:
– Elçin bəy, “Xalq cəbhəsi” qəzeti hansı mətbuat ənənələrinin ölməsinə icazə vermir?
– Təbii ki, ilk növbədə klassik media ənənələrimizin. İllər keçsə də, bu dəyərləri heç nə ilə əvəz etmək mümkün olmayacaq. Həsənbəy Zərdabi, Üzeyir Hacıbəyov, Məhəmmədəmin Rəsulzadə, Əbdürrəhmanbəy Haqverdiyev kimi ziyalılardan qalma ənənələr davam etdirilməlidir. Bu ənənələr xalqın, millətin şüurunun və dünyagörüşün formalaşmasına xidmət edir. Biz indiyə qədər mediadan danışanda kommersiya amilini önə çəksək də, yenə də maarifləndirmə məsələsi qalır və bu missiyanı da üzərinə götürən mətbuat orqanları mütləq olmalıdır.
– “Hazırda Azərbaycanda kifayət qədər media qurumları, o cümlədən qəzetlər fəaliyyət göstərir və rəqabət var. “Xalq Cəbhəsi” qəzeti bu rəqabətdə hansı yeri tutur və sınaqlara necə sinə gərə bilib?
– Çətinliklərdən söz acmayacağam. Həyatda asan heç nə yoxdur. Jurnalistikanın isə çətinlik boyuna biçilib. Allah Həsən bəy Zərdabiyə rəhmət eləsin, gərək qəzetin adını “Əkinçi” qoymayaydı… Çünki o gündən taleyimizə şumlamaq düşüb, ya da bizi şumlayıblar.
İndi həftədə bir dəfə işıq üzü görür “Xalq cəbhəsi”… Amma internet resurslarımızın sayı və oxucuları artıb. Multimedia layihəmiz də uğurla davam edir. Bir az təsəlli kimi görünür bəlkə də… Çünki qəzet ayrı aləmdir… Vallah! Bu aləmdə yaşamayanlar, kağızın ətrini duya bilməyənlər bizi çətin başa düşə… Biz könüllü sürətdə seçmişik bu peşəni, düşünürəm ki, şikayətlənməyə ehtiyac yoxdur. Ümid edirəm, birlikdə bütün çətinliklərin öhdəsindən gələ biləcəyik!
– Torpaqlarımızın işğaldan azad olunması qəzetin inkişaf tempinə necə təsir etdi?
– Azərbaycan media rəhbəri kimi özümü xoşbəxt hiss edirəm ki, bu bir il ərzində qələbə xəbərlərini yaymışıq, paylaşmışıq. İllərdir ki, biz bunu arzu edirdik. Təbii ki, ürəyi Vətən sevgisi ilə döyünən hər bir Azərbaycan jurnalistinin hədəfində bu amil var idi. Hər dəfə qəzetin yaşını qeyd edəndə, özümüzə ilk növbədə Azərbaycanın işğal altında olan torpaqlarının azad edilmə xəbərlərini yazmağı arzu edirdik. Arzu edirdik ki, növbəti il qəzetin yubileyini məhz torpaqlarımızın azad edilməsi ilə birlikdə qeyd edək. Şükürlər olsun ki, bu günləri görmək hər birimizə nəsib oldu.
– Qəzetin inkişafı ilə bağlı hansı planlarınız var?
– Onlayn resurslarımızı inkişaf etdiririk. Xalqcebhesi.az saytı vaxtı ilə Azərbaycanda yaranan ilk onlayn qəzətlərdən biri idi. 2012-ci ildə bymedia.az saytı fəaliyyətə başlayıb. İndi artıq multimedia layihəmiz – AXC tv.az da var, bu layihəni də inkişaf etdiririk. Bunlardan hansının özünü doğruldacağını, hansının daha çox ayaqüstə qalacağını zaman göstərəcək. Hansı daha çox inkişaf edəcəksə, çox güman ki, gücü də o istiqamətə yönəldəcəyik.
– “Xalq Cəbhəsi” qəzeti bir mətbuat orqanı olaraq cəmiyyətdə söz sahibidir. Bu nüfuzu qorumaq üçün strategiyanızı nəyin üzərində qurmusunuz?
– Azərbaycan cəmiyyətinə milli hədəflərimiz haqqında obyektiv məlumat vermək və ideoloji yükün müəyyən bir hissəsinin çəkisini üzərimizdə daşımaq, Turan, türkçülük ideyalarını qoruyub saxlamaq və inkişaf etdirmək bu istiqamətdə qarşıya qoyduğumuz əsas məqsədlərdir. Bütün bunlar ilk gündən qəzet siyasətimizin əsas istiqamətləri olub və onlayn resurslarımız eyni strategiyaya daxildir. Bu istiqamətdə yolumuzu davam etdirəcəyik.
– Qəzet yarananda və bu gün oxucu tələbləri çoxmu dəyişikliyə məruz qalıb?
– Çap mediasının problemləri böyükdür. Amma bunlarla yanaşı çap mediasını qoruyub-saxlamaq lazımdır. Hesab edirik ki, indiki dövr üçün həftəlik nəşr daha uyğundur və digər tərəfdən diqqəti digər internet resurslarımıza yönəldirik. Zaman keçdikcə çap mediasının yenidən çəkisinin artacağına və müəyyən mərhələdə öz yerini tam tutacağına inanıram. Ümid bəsləyirəm ki, bu proses ölkədə həyata keçirilən media sektorunda islahatların tərkib hissəsi olaraq müəyyən qədər baş tutacaq.
– Qeyri-peşəkarlıq bu gün mətbuatın böyük problemlərindən biri kimi tez-tez dilə gətirilir. Siz nə düşünürsünüz?
– Biz özümüzə inanılmaz dərəcədə tənqidi yanaşırıq. Reketliyə qalsa, bütün sahələrdə fırıldaqçılar və reketlik var. Amma görürük ki, yalnız media özünün neqativ hallarının üzərinə gedir. Odur ki, məsələyə bir çox hallarda ifrat dərəcədə yanaşırıq. Bu, müsbət cəhətdir. Maksimalist olmalısan ki, istənilən nəticəni ala biləsən. Peşəkarlıq probleminin əsasında duran amillərin sayı çoxdur. Bu, təkcə gənc jurnalistlərlə deyil, ümumilikdə Azərbaycanda medianın durumu ilə bağlı olan məsələdir. Medianın gəlir mənbələrinin az olması nəticə etibarı ilə ayrı-ayrı sahələr üzrə peşəkar mütəxəssislərin yetişməsinə və fəaliyyət göstərməsinə mane olur. Məsələn, iqtisadiyyat müxbiri bütün sahələr üzrə yazmaq məcburiyyətindədir. Əgər bu tendensiyaları dünyada götürsək, bank sektoru üzrə yazan media nümayəndəsi yalnız bankdan yazır. Bizdə isə sosial, təhsil, iqtisadiyyat və kənd təsərrüfatından yazan jurnalistlərin hamısı bir-birinə qarışıb. Səbəbi odur ki, hər sahə üzrə bir mütəxəssis saxlamağa media qurumlarının imkanı yoxdur. Problemin kökündə bu amil dayanır. Maddi-texniki baza və reklam bazarı ədalətli şəkildə formalaşdıqca, bu problemlərin də həllinə nail olmaq mümkün olacaq.
– Qəzetin 20 illik xidmətlərini necə qiymətləndirirsiniz?
– Müsbət qiymətləndirirəm, 20 il ayaqda durmaq və bütöv azərbaycançılıq ideyasını daşımaq asan olmayıb. Media sektorunda 20 il davam gətirmək qəzət sevgisi və zəhmət tələb edir. Bu məsələdə təbii ki, bizə hər zaman dəstək verən dəyərli dostlarımız var. Xalq Cəbhəsi partiyasının millət vəkili Qüdrət Həsənquliyev öz dəstəyini bizdən əsirgəməyib. Dövlət dəstəyi uzun müddətdir ki, göstərilir. Bu, problemlərimizi həll etmək gücündə olan vəsait deyil, amma ayaqüstə qalmağımıza imkan yaradır. Buna görə də Media İnkişaf Agentliyinə təşəkkürlərimi bildirirəm.
– Oxucu sevgisini qazanmaq üçün hansı üsullardan istifadə edirsiniz?
– Heç bir gizli silahımız yoxdur. Əslində ən yaxşı silah olduğun kimi görünməkdən ibarətdir. Biz insanların hisslərindən sui-istifadə etmirik. Türkiyəli qardaşlarımız dediyi kimi, duyğu sömürüsü yapmırıq. İnsanların sevgisini qazanmaq yolunu sensasiya üzərində qurmamışıq. Məqsəd doğru yolu göstərməkdir. Kim bu yolu məqbul hesab edəcəksə, bizə bir addım yaxınlaşacaqlar və biz on addım qarşılığını verəcəyik.
– Qəzetə rəhbərlik edəndən bəri qarşıya qoyduğunuz hansı prinsipləri tapdamamısınız?
– Bütöv azərbaycançılıq ideyalarının təbliği bu günə qədər qəzetin başlıca prinsipi olaraq qalıb və qalacaq. Təməli uzun illər öncə Əhməd bəy Ağaoğlu, Əlibəy Hüseynzadə tərəfindən qoyulan milli platformanı heç zaman satmamışıq və satmaq niyyətində də deyilik.