Səməd Vurğunla bağlı növbəti qalmaqal: “Vurğun keçilmiş mərhələdi”
Ötən bazar günü şair-publisist Şəhriyar del Gerani televiziya verilişlərinin birində Azərbaycanın tanınmış şairi Səməd Vurğun haqda növbəti səs-küylü açıqlama verib. O, telekanallardan birinin səhər proqramında deyib: “Mən Səməd Vurğundan böyük şairəm”.Həmçinin “Səməd Vurğunun yazdığı mətn deyil, folklordur” fikrini də səsləndirib. Şəhriyar del Geraninin bu açıqlaması peşəkar və sosial mediada birmənalı qarşılanmayıb. Onu bu fikirlərinə görə qınayanlar olub.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı musavat.com-a deyib ki, bəzi şair və yazarların iddiaları o qədər böyükdür ki, onların bu iddiaları qarşısında böyük ədiblər, şəxsiyyətlər belə acizdir.
A.Aşırlı deyib ki, əlinə qələm alıb, 2-3 şeir yazanlar özünü böyük yazıçı, şair, düha sahibi hesab edir: “O cümlədən Şəhriyar del Gerani və digərləri də özünü böyük şair, mütəfəkkir, filosof, “millətin atası” hesab edir. Bu səhv yanaşmalar özlərinə həqiqət, obyektiv fikir kimi görünür. Şəhriyar del Gerani Səməd Vurğun haqqında nə deyə bilər ki? Dediyi fikir də fərdi ola bilər. Yəni millətin, xalqın, çoxluğun fikri deyil. Kiçik bir sorğu keçirməklə Azərbaycanın tarixən ədəbi-bədii zövqünü hansı şairlərin formalaşdırdığını müəyyənləşdirmək olar.
Səməd Vurğun ustad sənətkar, böyük şair, qüdrətli qələm sahibidir. Kimsə Səməd Vurğunu sevməyə bilər. Bunu normal qəbul etmək olar. Ancaq təhqiramiz fikirlər yolverilməzdir. Tənqidi yanaşmalar da o zaman həqiqət payını alacaq ki, Səməd Vurğunu öz dövründən kənarda təhlil etməyəcəklər. Bəzən deyirlər, Səməd Vurğun niyə milli istiqlal ideyalarını, Cümhuriyyət dövrünü tərənnüm etməyib. Azərbaycan Xalq Cümhuriyyəti qurulanda şairin 12 yaşı olub. həyatının əksər dövrünü Azərbaycanın Sovet dönəmində keçirib. O, Azərbaycanın həmin dönəmində yaşayıb-yaratmış, çox qüdrətli qələm sahibidir. Azərbaycanda onun qədər söz ehtiyatına, böyük istedada, qüdrətə malik çox az sayda qələm sahibi var. O, yeganə ədibdir ki, Azərbaycan ədəbi dilinin formalaşması üçün öz töhfələrini verib. İndi gənc şairlər, yazıçılar yazdıqları mətnlərə baxsınlar ki, 500 işarəlik mətndə nə qədər sözdən istifadə ediblər və bir cümlədə nə qədər sözü təkrarlayıblar. Onun əsərlərini oxuyub diqqət etsinlər ki, Səməd Vurğun nə qədər sözdən istifadə edib? Bu onu göstərir ki, indiki gənclər oxumur, buna rəğmən böyük iddialar irəli sürür və bunu heç bir əsas yoxdur. Şəhriyar Del Gerani həm şeirlərində, həm də adi statusunda işlətdiyi sözlərə fikir versin. Görsün, nə qədər orta əsrlər ədəbiyyatından qalma ərəb-fars sözlərindən istifadə edir? Hətta xitablarında belə bunu görmək olar. Bu cür özünə şair deyən kəsin təmiz ana dilini formalaşdıran Səməd Vurğuna qarşı getməsi ona baş ucalığı gətirməz”.
Yaranmış qalmaqalla bağlı şair Şəhriyar Del Geraninin də mövqeyini öyrənməyə çalışdıq.
Şair fikirlərinin kontekstdən çıxarıldığını bildirib: “Əvvəla, mənim fikrimi kontekstdən çıxarıb şüara çevirmək nə jurnalist əxlaqına yaraşır, nə də oxucu. Müzakirə edənləri uzaqdan da olsa görürəm. O müzakirəbazların arasında bircə nəfər belə olsa intellektual adam yoxdur. Nədən ki, ciddi təfəkkür adamları yaxşı bilir mən hansı mətləblərdən bəhs edirəm. Sosial şəbəkə aylakları və manıslar ilə polemikaya getmək kimi bir azarım da yox. Biz ədəbiyyatı, ədəbiyyat adamlarını bunlardan qoruyuruq illərdir, bunlar kimdən qoruyur?
Mən Səməd Vurğunun yerini yaxşı bilirəm. Və bu münasibətdə mərhum dostumuz Vaqif Səmədoğluyla eyni fikirdəyəm. Ki, “Səməd Vurğun Şekspir dövrünün şairidir”. Yəni 4-5 əsr öncələrin. Mirşahin bəylə müsahibəsinə baxın, orda da qeyd edib. Yəni Səməd Vurğun cidd-cəhdlə 21-ci əsrə daşınası şair deyil, çağdaş deyil, funksional deyil. Mənim mübahisə doğuran fikrim isə “folklor-yazılı mətn” müstəvisində idi. Bəli, yazılı mətn olaraq “Darıxmağın adı” şeirlər-esselər kitabım, kitabdan sonra yayımlanan bütün şeirlərim daha ciddi poeziya faktları, daha ruhani-estetik nümunələrdir, nəinki Səməd Vurğunun arxaik pafoslu poemaları, bolşüarlı vitrin şeirləri. Dünya ədəbiyyatında paradiqmalar çoxdan dəyişib. Səməd Vurğunun poeziyada qaldırdığı problemlər indi gülünüb qurtarmış anekdotlar qədər əttökəndir. Faktiki olaraq günü bu gün mənim oxucularım Səməd Vurğunun oxucularından daha hazırlıqlı, daha intellektual, daha elit təfəkkürlüdürlər. Səməd Vurğun çoxdan keçilmiş mərhələdir. Sadəcə bizim toplum hər şeydə olduğu kimi, bu konuda da ötən əsrlərdə qalmış. Çağdaş dünyanın təfəkkür nəhəngi Eko İtaliya cəmiyyətini nəzərdə tutaraq belə yazır: “Biz hələ də Orta Əsrlərdə yaşayırıq”. Bu prizmadan baxanda Azərbaycan cəmiyyəti barədə tam səmimiyyətimlə deyirəm: “Biz hələ Orta Əsrlərə çatmamışıq”
Azərbaycan insanı folklorpərəstdir, meyxana xiridarıdır. Ona görə yazılı, konseptual mətnlərə nifrət edir. Göz yox, qulaq adamlarıdı bunlar. Görmürlər, analiz etmirlər, eşitdiklərinə inanırlar. Məsələn, əhalisinin 90 faizi müsəlman olan bu məmləkətdə Quran oxumurlar, həyatlarına tətbiq etmirlər, eşitdikləri hədislərə inanır, hədis qaydaları ilə yaşayırlar. Heç bir aydına sirr deyil. Ki, bizim cəmiyyətdə Quran deyil, hədislər dominantdır. Yəni Allah deyil, mollalar haqdır. Böylə bir “Kufə əhli” ortamında hansı həqiqətdən, hansı sənətkarlıqdan, hansı estetikadan danışasan? Bunlar adamı çıraq sönəndə yox e, günün günorta çağı tənha qoyub qaçacaq qədər xaraktersizdirlər.
Şair facebook sosial şəbəkəsindən getməsinin səbəbini də açıqlayıb: “Mütaliəsizlik də mədəni-mənəvi impotentlik yaradır. Feysbukdan getməyimin səbəbi də bu. Nəzəri olaraq tanıdığım cəmiyyəti əyani olaraq görməkdən çimsindim. Heç kimi də xilas etmək mümkün deyil. Maarifçilik Azərbaycanda biədəb şəkildə fiaskoya uğrayır 100 ildir. Heç kim kitab oxumur. Elə bizim cameə, mənim də 15 ildir içində olduğum media cameəsi. Aşağı-yuxarı hamısını tanıyıram, hamının qafasına bələdəm. Məməyeyəndən (müdiriyyətəƏ screenshot göndərəndən) pəpəyeyənə (müdiriyyətDƏN screenshot göndərən) qədər. Potensial nadanlardı böyük əksəriyyəti. 5-6 nəfər xaric heç kim kitab üzü açmır. Xırdaca polemik situasiya açılan kimi hamısının qafa tasında gəzdirdiyi “boşqabı” aşikar olur. Dinəndə də deyirlər, “Xalq Səməd Vurğuna heykəl qoyub e, sən kimsən?!”. Başa sala bilmirsən ki, cahil bala, ey heykəlbaz xalqın əlçalan nümayəndəsi, belə heykəlqoyansan, Məhəmməd Əminə nöş qoymursan o heykəldən?
Xülasə, daşı yatmış saat da gün ərzində vaxtı iki dəfə düz göstərir. Arzu edirəm, bizdən sonrakı nəsillər heç olmasa həmin vaxtları tutsunlar, dəyərləndirsinlər, böyük mədəniyyətə gec qalmasınlar. Bizdə alınmadı, görək sonrası necə olur. İnanıram ki, Allah hər şeyi görür. Eşqlər!