AzMİU TİKA ilə əlaqələrini genişləndirir
Bu gün TİKA-nın Bakı proqram koordinatoru Adəm Urfa Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olub. Səfər çərçivəsində o,universitetin rektoru, professor Gülçöhrə Məmmədova ilə görüşüb, təmsil etdiyi qurumla AzMİU arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıb. Görüşdə TİKA-nın əməkdaşı Elmir Laçınov, AzMİU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva, Xarici əlaqələr şöbəsinin müdir müavini Könül Şirinova da iştirak edib.
AzMİU-dan Aktor.az-a verilən məlumata görə, TİKA-nın Türkiyə ilə Azərbaycan arasında körpü rolunu oynadığını diqqətə çatdıran A.Urfa qurumun ölkəmizdə həyata keçirdiyi birgə layihələrdən danışıb. TİKA-nın dəstəyi ilə gerçəkləşən layihələr arasında, xüsusi ilə təhsil sahəsində, Azərbaycanın ali təhsil müəssisələrində gördükləri işlər barəsində məlumat verib. Qonaq memarlıq və inşaat ali təhsilinin öncülü sayılan AzMİU ilə ikitərəfli əlaqələrin yeni mərhələdə yeni istiqamətlərdə qurulmasında maraqlı olduqlarını vurğulayıb, universitet rəhbərliyinə istənilən layihənin reallaşmasında dəstək olacaqlarını bildirib, işbirliyi təklif edib.
Azərbaycanda təhsilin inkişafına, ali məktəblərin maddi-texniki bazasının gücləndirilməsinə göstərdiklləri dəstəyə görə qurumun təmsilçilərinə təşəkkür edən Gülçöhrə Məmmədova TİKA-nın rəhbərlik etdiyi universitetlə də əməkdaşlığını yüksək dəyərləndirib. Yeni tədris ilinin əvvəlində agentliyin AzMİU-nun Memarlıq fakültəsinə 3 D skayner hədiyyə etdiyini yada salan rektor tədris prosesində bu texnologiyanın böyük əhəmiyyət daşıdığını vurulayıb. O, bundan sonra ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi, yeni istiqamətlərin müəyyənləşdirilməsi üçün zəruri addımların atılacağını qonaqların diqqətinə çatdırıb və yeni əməkdaşlıq təklifinə görə təşəkkürünü bildirib.