Millət vəkilləri Vyanaya səfərə gedirlər
Milli Məclisin deputatları Azay Quliyev, Kamran Nəbizadə, Tahir Mirkişili, Elşad Həsənov və Ülviyyə Ağayeva ATƏT Parlament Assambleyasının Avstriyada keçiriləcək qış sessiyasının işində iştirak etmək üçün fevralın 21-dən 24-dək bu ölkədə səfərdə olacaqlar.
Aktor.Az xəbər verir ki, Vyana şəhərində keçiriləcək sessiya çərçivəsində əvvəlcə deputatlarımız qurum rəhbərliyinin iştirakı ilə Daimi Komitənin iclasına qatılacaq, sonra isə təşkilatın Demokratiya, insan hüquqları və humanitar məsələlər, İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit, Siyasi məsələlər və təhlükəsizlik komitələrinin iclaslarında iştirak edəcəklər. Toplantıda iqlim dəyişikliyi və onun qlobal fəsadlarının uzunmüddətli mübarizə strategiyasının hazırlanması, ATƏT məkanında silahlara nəzarətlə bağlı yaranan problemlər və silah yayılmasının qarşısının alınması, yanlış informasiyaların demokratiyaya təsirləri mövzusunda müzakirələr aparılacaq.
Deputatlarımız səfər çərçivəsində ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun 2-ci iclasına da qatılacaqlar. Burada qurumun əsasnaməsinə əlavə və dəyişiklər ediləcək, Yunanıstan və Moldovanın təşkilat üzvlüyünə qəbuluna, İpək Yolunun bərpası təşəbbüsünü dəstəkləyən qətnamə layihəsinə, bu ilin martın 13-14-də Milli Məclislə qurumun birgə təşkilatçılığı ilə keçiriləcək “ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun Beynəlxalq Bakı Konfransı”na dair məsələlər müzakirə olunacaq.
Deputatlarımız müzakirə edilən məsələlərlə bağlı öz fikirlərini açıqlayacaqlar.