BAXCP Ali Məclisinin videokonfrans formatında iclası keçirilib
Oktyabrın 25-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Ali Məclisinin videokonfrans formatında iclası keçirilib. İclası giriş sözü ilə açan BAXCP Ali Məclisinin sədri, tarix üzrə elmlər doktoru Vaqif Abışov Azərbaycan Ordusunun işğalçı üzərindəki Böyük Qələbəsinin ildönümü ərəfəsində olduğumuzu, bir il öncəyə təsadüf edən tarixi günlərin əbədiyyətə qədər xalqımızn yaddışından silinməyəcəyini bildirib. Ali Məclis sədrinin təşəbbüsü ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan əsgər və zabitlərimizin, Ermənistanın müharibə cinayətləri nəticəsində dünyasını dəyişən mülki vətəndaşlarımızın, COVİD-19 yeni növ koronavirusa yoluxma səbəbindən həyatlarını itirən BAXCP üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla və sayğı duruşu ilə yad edilib.
Daha sonra iclasın gündəliyi müzakirəyə çıxarılıb və yekdilliklə qəbul olunub. Təşkilat məsələlərinin müzakirəsi çərçivəsində BAXCP Mərkəzi-Nəzarət Təftiş Komissiyasının sədri Yeganə Mehdibəylinin vəfat etdiyini bildirən Ali Məclis sədri, partiyanın Nizamnaməsinə əsasən, yeni MNTK üzvünün seçilməsinə ehtiyac duyulduğunu bildirib. Qurultaylararası dövrdə MNTK üzvlərinin seçilməsinin BAXCP Ali Məclisinin səlahiyyətində olduğunu deyən Vaqif Abışov iclas iştirakçılarına öz namizədlərini irəli sürməsini təklif edib. Ali Məclis üzvləri Mahir Zeynalovun MNTK üzvlüyünə namizəd irəli sürülməsi ilə bağlı BAXCP sədrinin təqdimatını dəstəklədiklərini bildiriblər. Səsvermə nəticəsində Mahir Zeynalov BAXCP MNTK-nın üzvü seçilib. MNTK-nın sabiq sədri Yeganə Mehdibəyliyə Allahdan rəhmət diləyən Mahir Zeynalov onun xatirəsinin daim əziz tutulacağını vurğulayıb.
İctimai-siyasi məsələlərin müzakirəsi zamanı BAXCP-nin sədri, millət vəkili Qüdrət Həsənquliyev çıxış edib. Ötən zaman kəsiyində BAXCP MNTK-nın sədri Yeganə Mehdibəylinin, partiyanın Qəbələ və Zərdab rayon təşkilatlarının sədrlərinin koronovirusdan vəfat etdiklərini xatırladan Qüdrət Həsənquliyev hər bir partiya üzvünün bu itkiləri ürək ağrısı ilə qarşıladığını bildirib və dünyasını dəyişmiş əqidədaşlarına Allahdan rəhmət diləyib. BAXCP sədri COVİD-19 pandemiyasının sevdiyimiz insanların, doğmalarımızın vaxtsız ölümlərinə səbəb olduğunu vurğulayıb və qeyd edib ki, mövcud reallıqlar vaksinləşmə ilə bağlı çağırışlara xalq olaraq daha ciddi yanaşmağımızı zəriri edir. Qüdrət Həsənquliyev partiya üzvlərini yaşadıqları ərazilərdə COVİD-19 əleyhinə vaksinləşmə ilə bağlı marifləndirmə işində fəal olmağa və bu prosesə dəstək verməyə çağırıb.
44 günlük Vətən müharibəsində əldə olunan Zəfəri Azərbaycan xalqının və dövlətinin tarixi qələbəsi adlandıran BAXCP sədri qeyd edib ki, ölkəmizə qarşı qərəzli mövqedə dayanan dairələrin, Ermənistanla həmrəylik nümayiş etdirən xəyanətkarların apardıqları əsassız, arqumentsiz, söz yığınından ibarət təbliğat-təxribat kampaniyaları əldə etdiyimiz Qələbənin kölgəsində olduqca aciz görünür və Azərbaycan xalqı Vətən müharibəsində əldə edilən nəticənin tarixi əhəmiyyətinin fərqindədir, heç bir qüvvə milli birliyimizi, bütövlüyümüzü sarsıda bilməz.
Qüdrət Həsənquliyev xalqımızın monolit birliyinin ölkədə siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsində, həmçinin işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulımasında da özünü büruzə verəcəyinə əminliyini ifadə edib.
İclasda çıxış edən partiyanın baş katibi Yaşar Kələntərli, BAXCP sədrinin müavinləri Niyaməddin Orduxanlı və Elçin Mirzəbəyli ötən müddət ərzində BAXCP üzvlərinin ölkənin ictimai-siyasi həyatında fəal iştirak etdiklərini, Azərbaycan xaqlının milli maraqlarına qarşı çıxış edən qüvvələrə layiqli cavab verdiklərini, neqativ hallara qarşı vahid və prinsipial mövqe sərgilədiklərini vurğulayıblar.
İclasın sonunda cari məsələlər müzakirə olunub və Ali Məclis üzvləri partiyanın gələcək fəaliyyəti ilə bağlı önəmli təkliflərlə çıxış ediblər.