Fazil Mustafa: “Fəxri adlar ləğv edilsə, xeyli insan infarkt olar”
Millət vəkili Fazil Mustafa düşünür ki, fəxri adlar sanki bir xəstəlikdir: “Layiq olan da, olmayan da əməkdar artist, xalq artisti adını almaq istəyir. Bunu almayanda da diqqətdən kənarda qalır. Sanki insanlar bir orden, medal yarışına çıxıblar. Halbuki o orden və medalın bir mənası yoxdur. Əlbəttə ki, insanlara dəyər verilməlidir. Lakin bu medalla, fəxri ad formasında vermək yanlışdır. Əsl sənət onda arxa plana keçir. Çünki fəxri ad alan artıq düşünür ki, artıq dünyanı tamamlayıb, sənət bitdi. Bu, təkcə sənət aləmində deyil, elmdə də belədir. Bir professor ad aldıqdan sonra heç bir əsər yazmır, heç bir yeni araşdırmalar ortaya qoymur. Beləliklə, titul dalınca qaçmaq yanlış bir yanaşmanın göstəricisidir.
Xarici ölkələrdə heç bir yazıçının fəxri adı yoxdur, amma kitabları satılır. Bizdə isə diqqət edin, nə qədər məmurun şeiri, musiqisi “bazarı” tutub. Kiminsə ki, yüksək mərtəbəsindəki evi dənizə baxır, olur şair. Hələ bir az səsi də varsa, olur musiqiçi. Pulunu verib, musiqi bəstələdir, özünün adına çıxır. Onlar axı kimi aldadır? Bir daha qeyd edirəm ki, bu, xəstəlikdir. İnsanlar mənəvi yüksəlişi ilə bağlı məsələlərdə uğur qazana bilməyəndə mütləq bu cür görüntülü amillərə ümid bəsləyirlər. Cəmiyyətimiz təxminən 9-10 milyonluq insandan ibarətdir, onun da az qala 7 milyonu titulludur. Dövlətdən titulu ala bilməyəndə gedib onu Məşədidən, Kərbəlayidən, Məkkədən alır. Fəxri adlarla bağlı etirazları da gördüm. Amma o etirazların özü də primitivdir. Ad almağın özü nə qədər primitivdirsə, etirazlar da buna bənzəyir. İndi o etiraz edənlərə veriləndə məgər ədalət bərpa olunur? Diqqət edin, son illərdə sənətdə hansı yeniliklər var, elmimiz hara gedir? Hamısı bərbad vəziyyətdədir. Düşünürəm ki, fəxri adlar əgər ləğv edilsə, xeyli insan infarkt olar”/Yeni Müsavat