Pandemiya dövründə rəqəmsal texnologiyalar necə tətbiq olunur? – FOTOLAR
Sosial təcrid dövründə əhalinin hərəkətinin minimuma endirilməsi nəticəsində ağciyər xərçəngi, vərəm kimi xəstəliklərin aşkarlanmasında geriləmə baş verdi. 14 oktyabr tarixində yayımlanan ÜST-nın 2021-ci il Qlobal Vərəm hesabatına əsasən, 2020-ci ildə vərəmin aşkarlanması 2019-cu illə müqayisədə 18% aşağı düşmüş, 2012-ci il səviyyəsinə gəlib çatmışdır. Vərəmin profilaktik tədbirlərində isə 2019-cu illə müqayisədə 21% azalma olmuşdur. Vərəmin aşkarlanmasında azalma təəssüf ki, ölkəmizdə də müşahidə edilmişdir.
COVID-19 pandemiyası rəqəmsal texnologiya məhsullarının, tibbi avadanlıqların, evdə müayinəni mümkün edən portativ tibbi müayinə metodlarının tətbiqinin vacibliyini bir daha gündəmə gətirdi. Müayinələrin mərkəzsizləşdirilməsi virusa yoluxma hallarının sayının azalmasına xidmət edir. Ölkəmizdə vərəmin aşkarlanması, əhalinin COVİD-19 və vərəmlə bağlı maarifləndirilməsi üçün bir sıra qurumlar rəqəmsal texnologiyaları tətbiq etməklə epidemioloji vəziyyəti yaxşılaşdırmaq üçün hərəkətə keçmişlər.
“Sağlamlığa Xidmət” İctimai Birliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu publik hüquqi şəxslə əməkdaşlıq çərçivəsində, “sağlam xidmət göstər”şüarı altında Quba, Qusar, Astara, Lənkəran, Masallı, Gəncə, Goranboy və Bərdə rayonlarının ucqar kəndlərində yaşayan əhali üçün ödənişsiz döş qəfəsinin rentgen müayinələrini təşkil edib. Aksiya 29 sentyabr-16 oktyabr tarixləri arasında həyata keçirilib. Müayinələr Yaponiya istehsalı “Fujifilm FDR X-Air” rəqəmsal, süni intellekt üstünlüyü olan portativ rentgen avadanlığı vasitəsilə həyata keçirilmişdir. Aparatın üstünlüyü onun çəkisinin cəmi 6 kg olması, daha az ultrabənövşəyi şüalar buraxmaqla daha keyfiyyətli və dəqiq görüntü əldə olunmasıdır.
Cihazın eyni zamanda açıq havada istifadəsi və batereya ilə ardıcıl 100 nəfəri müayinə etmək xüsusiyyətinin olması onun ucqar kəndlərdə, elektrik olmayan ərazilərdə istifadəsi üçün böyük üstünlük verir.
29 sentyabr-2 oktyabr tarixlərində Qusar Rayon Mərkəzi Xəstəxanasında (RMX), Samur kənd həkim məntəqəsində, Quba RMX-da, Nügədi kəndində aparılan rentgen müayinələrinin sayı 371 olub.
6-9 oktyabr tarixlərində Astara RMX-da, Pəlikeş kənd həkim məntəqəsində, Lənkəran RMX-də, Mamusta kəndində, Masallı rayonunda ağciyərlərin səyyar rentgen müayinəsini aparan İctimai Birlik və İnstitut əməkdaşları 349 nəfərin müayinədən keçirilməsinə nail olublar. Aparatın süni intelekt avadanlığının təqdim etdiyi nəticə isə 58 nəfərin ağciyərlərində dəyişikliklər olduğunu qeyd edib.
Növbəti aksiya 13-16 oktyabr tarixlərində Gəncə, Goranboy və Bərdə rayonlarında həyata keçirilib. Bu zonada isə rentgen müayinəsindən keçirilənlərin sayı 360 nəfər təşkil edib.
Ümumilikdə 1070 nəfər müayinədən keçirilib. Ağciyərlərində dəyişiklik qeydə alınan vətəndaşlar RMX-də terapevtə və ya ftiziator müayinəsinə yönləndirilmiş, vərəm şübhəsi olan şəxslərdən isə aksiya zamanı müayinə üçün bakterioloji müayinə üçün nümunə toplanmışdır.
Dövlət və qeyri-dövlət sektorunun uğurlu əməkdaşlığı nəticəsində ən ucqar kəndlərdə yaşayan vətəndaşlar belə ödənişsiz müayinələrdən yararlanmışdır.
Növbəti həftələrdə isə digər rayonlarda bu cür aksiyaların təşkil edilməsi planlaşdırılır.