Dövlət hər addımında vətəndaşı düşündüyünü bir daha nümayiş etdirdi – Millət vəkili
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 oktyabr 2021-ci il tarixdə imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam bir daha göstərdi ki, dövlətimizin başçısı atdığı hər bir addımında vətəndaşını düşünür və hər zaman onun yanındadır. Əhalinin sosial rifahının qorunmasını təmin etmək məqsədi ilə imzalanmış bu Sərəncam, beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin ölkə əhalisinə, xüsusilə həssas əhali qruplarına mənfi fəsadlarının yumşaldılmasını və əhalinin sosial müdafiəsinin gücləndirilməsini təmin edəcəkdir.
Təbii qaz və elektrik enerjisi üzrə tarif tənzimlənməsi ilə paralel olaraq əmək haqlarının yüksəldilməsi, tariflərdəki artımları kompensasiya etmək baxımından mühüm əhəmiyyətə malikdir ki, bu da təbii olaraq dövlət siyasətinin mərkəzində vətəndaşın, onun rifahının durduğunu nümayiş etdirir. Son üç il ərzində ölkəmizdə qəbul edilmiş 900-dən çox fərman, sərəncam, qanun və s. normativ-hüquqi aktlar, həmçinin “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” yeni Sərəncam bunun bariz nümunəsidir.
Dövlətimizin başçısı tərəfindən imzalanmış bu Sərəncam, ölkəmizdə sosial inkişafın davamlı xarakter almasını, sosial ödənişlərdə ciddi artımları təmin edən islahatların növbəti mərhələsinə keçidi təmin etməklə yanaşı, ümumilikdə 1 milyon 800 min nəfərədək vətəndaşımızın rifahının daha da yaxşılaşmasına xidmət edəcəkdir.
Jalə Əhmədova, millət vəkili