Hərbii sirr kimi gizlədilən telekanal reytinqləri – MTRŞ sədrinin müsahibəsində toxunulan məqamlar
Hərbii sirr kimi gizlədilən telekanal reytinqləri – MTRŞ sədrinin müsahibəsində toxunulan məqamlar
Reklam verənləri, vermək istəyənləri, jurnalistləri, hətta televiziyanın özündə çalışan həmkarlarımızı hər zaman bu mövzu maraqlandırıb – “Görəsən, bu televiziyanın reytinqi neçədir, mənim proqramım digərindən üstün, yoxsa aşağıdır?” Amma nə fayda, hərbi sirr kimi qorunan reytinqləri heç vaxt əldə edə bilməmişik. Bu gizlətməyə yaxşı don da geyindiriblər – “Bu, bizim kommersiya sirrimizdir”. Təəssüf ki, indiyə kimi məsələnin üzərinə yetərincə gedilməyib.
Məlumat üçün bildirim ki, Azərbaycanda televiziya reytinqlərinin ölçülməsinə 2005-ci ildən başlanılıb. Ümumilikdə 150 ailənin zövqünə görə formalaşan bu reytinqlə əməlli-başlı “oynayırdılar”. Qərarverici şəxs bir neçə telekanal üzərindən qazanc əldə edirdi. Bəlkə də yanlış məlumatdır, amma iddi olunurdu ki, həmin telekanalların reytinqi şişdirilirdi, yaxud da digər telekanallara lazımi datalar verilmirdi. Bir ildən çoxdur ki, Milli Televiziya (MTRŞ) və Radio Yayımları Şurasında rəhbərlik dəyişib, kolektiv yenilənib. Yeni kolektivin fəaliyyəti ilə tanış olmadığım üçün konkret fikir söyləmək çətindir.
Hərbi sirr kimi qorunan reytinqlərə qayıdaq…
Bu gün MTRŞ sədri İsmətt Səttarovun “Report” agentliyinə müsahibəsini oxudum. Müsahibənin sualları agentlik, cavabları isə İ.Səttarov tərəfindən yazılana oxşamır. Bununla belə, xeyli informativdir. İllərdir ki, şəxsən mənim üçün çox maraqlı olan informasiyaları bu müsahibədə görə bildim. Hesab edirəm ki, Sizin üçün də maraqlı olacaq.
Deməli, cənab Səttarovun bildirdiyinə görə, reytinqölçmə cihazları yenilənəcək. Bu, çox gözəl haldır. Çünki köhnə ölçmə cihazları ilə işləyən yerli reytinqölçmə 2016-cı ildən sırf texniki səbəblərə görə beynəlxalq standartlara cavab vermir. Yadımdadır, o vaxtlar bəzi kommersiya telekanalları xarici reytinq şirkətlərinə müraciət etmişdilər, reklam agentliklərinə bəzən həmin reytinq cədvəlləri təqdim olunurdu. Bildiyimə görə, o vaxt MTRŞ-dan həmin telekanalların bu addımına qarşı sərt reaksiya verilmişdi. Nəticədə “partizan”lıq etmək istəyən həmin telekanallar da MTRŞ-nın reytinq “orbit”inə qayıtdı. Bu o deməkdir ki, 5 ildir, Azərbaycan reklam verənlərinə yanlış datalar təqdim olunur. Yəni kasad seçimlərdən ibarət olan 150 ailənin nəyə baxdığı əsas kimi təqdim olunur. Bu reklam verənlər kimi telekanallar üçün də faciədir. Çünki yanlış dataya görə düzgün, uğurlu proqram planlaşdırılması mümkün olmur. Hə, deyə bilərsiniz ki, 2016-cı ildən öncə niyə kefiyyət təmin olunmamışdı? Orası da başqa bir müəmmadır!
Hesab edirəm ki, Azərbaycanda telekanalların reytinqölmə prosesi lap əvvəldən düzgün qurulmayıb və müəyyən səbəblərə görə də təkmilləşdirilməsi prioritet hesab edilməyib. İndi məlum olur ki, 16 ildir, zövqünə möhtac qaldığımız, bizə Xoşqədəmi, Elgizi, Mikayılı, 2 Zauru və daha kimləri ərməğan edən həmin 150 ailə reytinqölçmə tələblərinə uyğun deyilmiş. Daha aydın desək, reytinqölçmə üçün müəyyən edilən ailələr bir neçə göstəricilərə cavab verməlidir, onların təhsil, dünyagörüşü, yaşı, yeri, maraqları, siyasi baxışları və s. fərqlənməlidir. Bu olmadığı halda düzgün data əldə etmək mümkün deyil.
İndi isə MTRŞ sədrinin müsahibəsində verilən müjdə cəlbedici görünür. Reytinqlərin ölçülməsi Böyük Britaniyanın “Kantar Media” şirkətinin texnologiyası üzrə aparılacaq. Yerli əməliyyat fəaliyyətini “Kantar Media”nın nəzarəti altında MARSA (Media Audience Research System of Azerbaijan) şirkəti həyata keçirəcək. Datalarımızın özümüzdə olması, yəni ölçmənin yerli şirkət tərəfindən aparılması, təqdirəlayiqdir. Lakin belə bir məsələ var, əgər avadanlıqlar “Kantar Media”ya məxsusdursa və əgər MARSA-nın fəaliyyəti “Kantar Media”nın nəzarəti altında olacaqsa, demək ki, Böyük Britaniya şirkəti datalarımızı görəcək. Buradan belə nəticəyə gəlmək olar ki, ortada vasitəçiyə nə ehtiyac var axı? Bu işi elə birbaşa “Kantar Media” ilə həyata keçirmək olar, beləcə bəzi şübhələr də aradan qalxar.
Bütün neqativlərə rəğmən, media mənsubu kimi reytinqlərin ölçülməsi ilə bağlı yeniliyə çox sevinirəm. Ümid edirəm ki, yeni ölçmə mexanizmi düzgün dataların əldə olunmasına, düzgün, baxımlı, tamaşaçı zövqünə uyğun proqramların ərsəyə gəlməsinə imkan verəcək. Bir tamaşaçı, yaxud da media mənsubu, reklam verən kimi bu dataları həftəlik və ya aylıq olaraq MRTŞ-nın saytında görəcəyimə də çox ümidliyəm. Bu datalar daha əvvəl qeyd etdiyim kimi ölkədə reklam bazarının inkişafını sürətləndirəcək. Nəticədə televiziyalar ciddi biznes subyektinə çevriləcək, jurnalistlər və texniki heyyət “hədiyyə”lərə mövtac qalmayacaq, savadlı, analitik qabiliyyətli aparıcılar yetişəcək. Yoldaşlar, televiziyanın gücünü unutmayın, mavi ekran hələ də Sizi uzaq Midiya səhralarında göstərə biləcək vasitədir. “Bəyin oğurlanması” filmində rəhmətlik Səməndar Rzayevin dediyi kimi oynamaq istəmirsinizsə, o başqa məsələ!
Nicat Abdullayev