Anar Əsədli beynəlxalq təşkilatlara çağırış etdi
AY Partiya Başqanı beynəlxalq təşkilatlara çağırış etdi
“Yerli və xarici mətbuatın yaydığı məlumata görə, İran və Azərbaycan arasında gərginliyin artdığı bir vaxtda Ərdəbil Cəza Məhkəməsinin 102-ci şöbəsi 44 günlük Vətən Müharibəsi zamanı güneyli soydşlarımızın təşkil etdiyi Qarabağın azadlığına dəstək mitinqində saxlanılan 12 mədəni fəalı ağır cəzalara məhkum edib”.
Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli bildirib.
Anar Əsədli qeyd edib ki, saxlanılan şəxslərə ümumilikdə 180 ay həbs və 888 şallaq cəzası verilib: “Həmin şəxslər ötən il sentyabrın 28-də Ərdəbildə Qarabağın qurtuluşuna dəstək və İran ərazisindən Ermənistana silah göndərilməsinə etiraz əlaməti olaraq keçirilən aksiyalarda iştirak etdikləri üçün saxlanılıblar və işgəncəyə məruz qalıblar”.
O, İran İslam Respublikasında son vaxtlarda həbs olunan fəalların taleyindən narahatlığını ifadə edib, son aksiyalar zamanı fəallara qarşı təhlükəsizlik qüvvələri tərəfindən fiziki zorakılığı, qeyri-insani davranışı, onların həbsini pisləyib: “Qeyd etmək vacibdir ki, beynəlxalq konvensiyaların prinsiplərinə uyğun olaraq: “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya və onun 1, 4, 6 və 7 saylı Protokolları; 1948-ci ildə BMT Baş Assambleyası tərəfindən qəbul olunmuş Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin yaşamaq, azadlıq və şəxsi təhlükəsizlik hüququ; İşgəncə və alçaldıcı rəftara məruz qalmamaq hüququ; Əsassız həbs və sürgünə məruz qalmamaq hüququ; Dinc toplaşmaq və birləşmək azadlığı hüququ; onlar sırf azərbaycanlı olduqları üçün həbs olunduqlarını nəzərə aldıqda: Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin Ayrı-seçkiliyə məruz qalmamaq hüququ; Qanun qarşısında bərabərlik hüququ; İrqi Ayrı-seçkiliyin Ləğvi üzrə Beynəlxalq Konvensiya (1965); İşgəncə, Qəddar, Qeyri-insani və ya Alçaldıcı Rəftarın Digər Formalarına qarşı Konvensiya (1984); BMT səviyyəsində Mülki və siyasi hüquqları haqqında Beynəlxalq Paktın 27-ci maddəsinə əsasən, bu soydaşlarımızın hüquqları pozulub. Bu baxımdan yuxarıda adı çəkilən beynəlxalq qurumları İranın təxribatlarına son qoymasına, vətəndaşları irqi-ayrıseçkiliyə məruz qoyduğuna görə adekvat tədbirlərin görülməsinə çağırırıq”.