Rəsmi qurumlar və media Bakıdakı ağır qəzanın səbəblərini başqa istiqamətə yönəldirlər – Ekspert
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov hava limanı istiqamətində baş vermiş ağır qəza ilə bağlı maraqlı fikirlər bildirib.
Aktor.Az onun yanaşmasını olduğu kimi təqdim edir:
“Bu səhər baş vermiş faciəli qəza ilə bağlı maraqlı fikir və müzakirələrə şahid olmaqdayıq. Ən maraqlısı odur ki, artıq rəsmi qurumlar və media əsas diqqəti hadisədə iştirak edən yük avtomobili sürücsünün 19 yaşda olmasına və qanunsuz (“Fərqlənmə nişanı” olmadan) fəaliyyət göstərməsinə yönəldirlər.
Belə yanaşma birtərəflidir və düşünürəm ki, bəzi qurumların məsuliyyətdən yayınma cəhdidir.
Əvvəla, yol hərəkəti qaydalarından məlumatı olan hər kəs bilir ki, belə yük avtomobilini idarə etmə hüququ (“C” kateqoriyası) 18 yaşdan əldə oluna bilər. Qanun buna yol verir. Amma cavablandırılmlı olan başqa suallar var:
Niyə bu sürücü “Fərqlənmə nişanı” olmadan fəaliyyət göstərib?
Belə yük avtomobillərinin nə qədəri “Fərqlənmə nişanı” alır?
Ala bilməyənlərin nə problemi var və onlar niyə bu nişanı almadan rahat fəaliyyət göstərirlər?
Belə avtomobil sürücülərinin reysqabağı tibbi yoxlanması keçirilirmi, keçirilmirsə, bunun səbəbi nədir?
Niyə avtobus hava limanı yolu kimi yüksək sürət olan yolda dayanacağa yan ala bilmir? Həmin dayanacağı taksilər az qala sutkaboyu necə zəbt edə bilirlər? Axı filan küçədə 1-2 dəqiqə dayanan sürücü dərhal cərimələnir.
Niyə belə avtomobillər hər yerdə necə gəldi hərəkət edə bilirlər? Axı onlarla bağlı problem təkcə arxalarındakı liftin texpasporta yazılmamsı deyil (belə qeydin tələb olunması özü ayrıca bir absurddur).
Sualları uzatmaq olar. Amma elə bunlar da yetərlidir. Hər kəs işlə məşğul olmalıdır. Özü də təhlükəsizliyi təmin etməyə yönələn işlə. Həm də heç kəs öz məsuliyyətini başqasının üstünə atmamlıdır”