“28 mayda biz müstəqil dövlətimizi yaratdıq” – Qüdrət Həsənquliyev
“Hörmətli həmkarım Fazil Mustafanın çıxışından sonra qərara gəldim ki, bir məsələyə münasibət bildirim. Bizə təqdim olunan layihədə 28 may Müstəqillik Günü 18 oktyabr isə Dövlət Müstəqilliyinin Bərpası Günü kimi qeyd olunur”. Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin plenar iclasında “Müstəqillik Günü” haqqında qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib: “Hesab edirəm ki, 28 mayda Dövlət Müstəqilliyi Günü ona görə qeyd olunmayıb ki, o zamanlar bizim dövlətimiz yox idi ki, onun müstəqilliyini elan edək. Hər halda bu layihənin üzərində düşünülüb. 1991-ci ildə isə Dövlət Müstəqilliyinin Bərpası kimi qeyd olunub. Ona görə ki, tam müstəqil olmasa da dövlətimiz var idi. Amma 28 mayda biz müstəqil dövlətimizi yaratdıq. Yəni xalq öz müstəqilliyini elan elədi və öz dövlətini qurdu. Ona görə də, bu tarixin Müstəqillik Günü olması daha məntiqlidir. O baxımdan bu fikirlərimi bildirməyi zəruri hesab etdim”.