GündəmManşetSiyasətXəbər xətti

“Azadlığına qovuşmuş bütün türk xalqlarını ürəkdən təbrik edirəm!” – DEPUTATIN ÇIXIŞI

Azərbaycan Respublikasının Milli Məclisinin 12 oktyabr plenar iclasında “Müstəqillik Günü haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı deputat, Təbii ehtiyyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun çıxışının stenoqramını təqdim edirik:

Dəyərli Sahibə xanım, hörmətli deputatlar!

Azərbaycan xalqı çoxəsrlik dövlətçilik ənənələrinə, zəngin tarixə və yüksək idarəçilik məharətinə malik olan bir xalqdır. Azərbaycan xalqının azadlıqsevərliyi onun məhz dünya dövlətləri və xalqları içərisində özünəməxsus yerini müəyyənləşdirən əsas amillərdəndir. Təsadüfi deyil ki, Şərqin ilk Respublika quruluşlu demokratik dövlətini də məhz Azərbaycan xalqı qurmuşdur. 103 il əvvəl qurulmuş bu dövlətin süqutu xalqımızın tarixi şuurundakı müstəqil dövlət ideallarını təhtəlşüurundan çıxara bilməmiş, bu ideyalar xalqın ruhunda daimi yaşamışdır.

Azərbaycan xalqı 90-ci illərin əvvələrində öz milli dövlətçilik ənənlərinə sadiq qalaraq ikinici dəfə dövlət müstəqillyini bərpa edib, özünü 1918-ci ildə yaradılmış Azərbaycan Cümhuriyyətinin varisi elan etmişdir. Bəli, məhz müstəqil dövlətini bərpa etmişdir! Müstəqilliyin bərpa edilməsində və qorunmasında ümummilli lider Heydər Əliyevin müstəsna rolu danılmazdır!

“Biz azadıq, biz müstəqilik, biz sərbəstik, biz heç kəsdən asılı deyilik! Biz özümüz öz taleyimizin sahibiyik. Biz müstəqilliyə nail olmuşuq. Bunu indi əlimizdə saxlamaq, qorumaq vəzifəsi hər bir insanın canından da qiymətli olmalıdır. Mənim üçün Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq və onu əbədi etmək öz həyatımdan, öz canımdan da artıqdır!” Müstəqilliyimizin leytmotivinə çevrilmiş bu sözlər ümummilli liderin dilindən təsadüfi səsləndirilmiş gəlişigözəl sözlər deyil. Ömrünü-həyatını azadlıq ideallarına həsr etmiş bir dövlət adamının milli duyğularıdır. Bu fikirlər Heydər Əliyevin həyat amalı olan Azadlıq düşüncələridir! Heydər Əliyevin hələ sovetlər dönəmində SSRİ-nın Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsində müstəsna xidmətləri olmuşdur. Bu özünün millətinə, xalqına olan sevginin təzahüri olmaqla bərabər onun müstəqillik və azadlıq istəyindən irəli gəlirdi. Azərbaycan öz müstəqlliyini bərpa etdikdən sonra, xalqın təkidlli tələbləri ilə yenidən hakimiyyətə gələn Heydər Əliyev hələ Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin deputatı olarkən 17 noyabr 1990-cı il tarixdə Naxçıvan Ali Sovetinin sessiyasında ümummilli liderin təşəbbüsü ilə müstəqil Azərbaycan dövlətçiliyinin bərpası istiqamətində bir çox məsələlər müzakirə olunmuşdur. Qəbul edilmiş qərarlara əsasən, müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olunmuş, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından Sovet Sosialist adı çıxarılmışdır. Bu, Heydər Əliyev tərəfindən Azərbaycanın müstəqilliyinə verilmiş ən böyük töhfə idi. Məhz bundan sonra 5 fevral 1991-ci ildən Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycan Respublikası adlandırılmışdır. 30 avqust 1991-ci ildə Ali Sovetin növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul olundu. Sənəddə Azərbaycan Respublikasının 1918–1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanmışdır.

Bundan sonra 18 oktyabr 1991-ci il tarixində dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilərkən Heydər Əliyevin müstəqilliyə çağırışı və səs verməsi ona inanan milyonlarla insanın azadlıq ideallarının tərcümanına çevrildi. Elan olunduğu gündən 1993-cü ilin 15 iyuluna (Qurtuluş Gününə) qədər əldə edilmiş müstəqillik formal və şərti xarakter daşıyırdı. Çünki bu dövrdə müstəqil dövlətçilik təfəkkürü olmayan, yalnız şəxsi ambisiyalarla yaşayan, təcrübəsiz şəxslər hakimiyyətdə idilər.

Ən böyük amalı müstəqillik və azadlıq olan Heydər Əliyev bütün dövrlərdə azadlıq ideallarına sadiq qaldı. Dəfələrlə səsləndirdiyi “müstəqilliyi qazanmaq çətindir lakin onu qoruyub saxlamaq daha çətindir” fikirləri onun siyasi fəaliyyətinin əsas devizinə və ana xəttinə çevrildi.

Sonrakı dövrlərdə ümummilli liderin uğurlu davamçısı, müstəqilliyimizin qarantı cənab İlham Əliyevin fəaliyyətinin özü bir tarixə çevrilmişdir. Prezident İlham Əliyevin Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə 2018-ci il tarixində keçirilən təntənəli hərbi paraddakı çıxışında dediyi bu fikirlərə diqqəti çəkmək istəyirəm: “2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var. Gün gələcək və bu gün işğal altındakı qalan torpaqlar da azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək”.

Ali Baş Komandanın bu möhtəşəm fikirləri tarixdə öz təsdiqini tapdı. 27 sentyabr əks həmlə əməliyyatı, 44 günlük Vətən müharibəsi, Azərbaycan xalqının və MÜZƏFFƏR ALİ BAŞ KOMANDANIN tarixi qələbəsi ilə nəticələndi.

Hesab edirəm ki, Azərbaycanın dövlət müstəqilliyi və suverenliyi hər bir vətəndaşımız üçün ən böyük sərvət və nemətdir. Bu yolda şəhid olan qardaş və bacılarımızı dərin ehtiramla yad edir onlara ulu Tanrıdan rəhmət diləyirəm.

Təsadüfi deyil ki, Türk dünyasının avanqardına çevrilən Azərbaycan bu günlərdə türk xalqlarının Sovetlər Birliyindən ayrılaraq müstəqillik qazanması ilə bağlı “Türk dövlətləri və türk dünyası bilgi törəni” adlı tədbirə ev sahibliyi edir. Mən buradan Azadlığına qovuşmuş bütün türk xalqlarını ürəkdən təbrik edirəm!

Son olaraq bildirirəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Milli Məclisə göndərdiyi bu qanun layihəsi hüquqi və tarixi baxımdan əsaslandırılmışdır, odur ki, böyük məmnuniyyətlə lehinə səs verməklə digər iştirakçıları da qanun layihəsinin lehinə səs verməyə çağırıram.

Eyni zamanda xatırlatmaq istəyirəm ki, 15 oktyabr Müzəffər Ali Baş Komandan İlham Əliyevin preziden seçilməsinin ildönümüdür. Bu münasibətlə və qarşıdan gələn 18 oktyabr bayramı münasibəti ilə bütün xalqımızı təbrik edirəm.