QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının iclası keçirildi
7 oktyabr 2021-ci ildə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.
Agentlikdən verilən məlumata görə, Müşahidə Şurasının qərarı ilə Agentliyin daxili auditor vəzifəsinə Əlisa Qurbanov təyin olunub.
İclasda İşə Qəbul Komissiyasının müvafiq vəzifələr üzrə keçirilmiş müsahibələrdə iştirak edən şəxslərdən Agentliyə aidiyyatı üzrə işə götürülməsi haqqında rəy və tövsiyəsi dinlənilmiş, Agentliyin icraçı direktorunun vəzifələrini müvəqqəti icra edən Emil Çaparlının Agentliyin işçilərinin vəzifəyə təyin edilmələrinə razılığın verilməsi haqqında təqdimatına baxılmışdır. Ətraflı müzakirələrdən sonra Müşahidə Şurasının 16 sentyabr 2021-ci il tarixli müvafiq qərarı da nəzərə alınmaqla icraçı direktorun təqdimatına razılıq verilməsi haqqında qərar qəbul edilmişdir.
Agentliyə qrant verən dövlət orqanları tərəfindən təqdim olunan mövzuların və layihələrin razılaşdırılması Komissiyasının yaradılması, Agentliyin 2021-ci il və 2022-ci il qrant müsabiqələri mövzuları və layihələrin qiymətləndirilməsi üzrə ekspertlərin müəyyən edilməsinin meyarları müzakirə edilmiş və hər üç məsələ ilə əlaqadar müvafiq qərar qəbul edilmişdir.