GündəmManşetSiyasətXəbər xətti

Xanım millət vəkili Anım Günündən, şəhidlərimizdən yazdı

Bugünlərdə xalqımız Azərbaycan tarixinə çox şərəfli bir gün kimi daxil olmuş 27 sentyabr – Vətən müharibəsinin başlamasının birinci ildönümünü qeyd edir.

Bu müharibə zamanı Haqq və Şərəf işimiz olan, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə xalqımız Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək əzm, iradə və birlik nümayiş etdirdi, düşmənə ağır zərbələr endirərək onu təslim olmağa məcbur etdi.

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına və qazilərimizə ali ehtiramın göstəricisidir.

Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə baxmayaraq, Azərbaycan öz haqq savaşında zəfər çaldı.

Bu Zəfərin qazanılmasında ordumuzun tətbiq etdiyi yeni döyüş taktikaları mühüm rol oynadı. Bu gün Azərbaycan Ordusu hərb tarixində yeni döyüş taktikalarının müəllifi hesab olunur. Bəzi aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin (National War College) və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası yenilik kimi qiymətləndirilib. İkinci Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər.

Bu gün Ordumuz əldə etdiyi nailiyyətlərlə kifayətlənmir, döyüş hazırlığını və manevr təcrübəsini artıran birgə hərbi təlimlər keçirməyə davam edir. Müxtəlif dövrlərdə Türkiyə ilə birgə keçirilmiş hərbi təlimlər sayəsində Azərbaycan Ordusunun təcrübəsi və taktik manevretmə səriştəsi əsaslı şəkildə artmışdır. Çünki hərbi quruculuq işi Prezident İlham Əliyevin dövlət siyasətinin strateji prioritetlərindəndir.

Bu gün ölkəmizdə Şəhid ailələrinə və müharibə iştirakçılarına dövlətin diqqət və qayğısı da göz önündədir. “Mən hər zaman qazilərin yanında olacağam” deyən Prezident İlham Əliyev, bununla cəmiyyətimizdə bütün müharibə iştirakçılarına olan münasibətini bildirmiş oldu. Yaralanmış müharibə iştirakçılarının reabilitasiyası və onların sosial məsələlərinin həlli istiqamətində görülmüş işlər sübut edir ki, dövlət hər zaman öz əsgərinin yanındadır. Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.

Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunmuşlar. Bu orden və medallar Vətən müharibəsi iştirakçılarına və ya ölümündən sonra onların yaxınlarına təqdim olunmuşdur.

Azərbaycan Respublikası Prezidenti tərəfindən əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək olaraq vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün “YAŞAT” Fondu yaradılmışdır. İndiyədək Fondda 62 milyon manatdan çox vəsait toplanmışdır. Fondun vəsaitləri hesabına qazilərimiz xarici ölkələrdə müalicə olunaraq Vətənə dönürlər.

44 günlük müharibə dövründə Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində mühüm addımlar atdı. Cənab Prezident Azərbaycana qarşı informasiya blokadasını yararaq müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV-ə müsahibələr verdi. Bu müsahibənin hər biri Azərbaycanın diplomatik uğurudur, çünki bu müsahibələr sayəsində ölkəmizə təzyiqlər cəhdinin qarşısı müvəffəqiyyətlə alındı.

Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış Prezidentə xalqın etibarı və ehtiramı sonsuzdur. Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının olmadığını  bir daha göstərdi.  Bu baxımdan müharibə dövründə Azərbaycan ziyalılarının və vətəndaş cəmiyyəti üzvlərinin (o cümlədən 50 siyasi partiyanın) 16 beynəlxalq təşkilata müraciətləri xüsusi qeyd olunmalıdır.

Bu gün Ermənistanın işğalından azad edilmiş torpaqlarımızda bərpa və quruculuq işləri davam edir. Ötən qısa müddət ərzində infrastrukturun yaradılması, yolların çəkilməsi və digər sahələrdə çox böyük işlər görülüb. Əminik ki, tezliklə vətəndaşlarımız 30 illik ayrılıqdan sonra öz doğma yurd-yuvalarına qayıdacaq, işğaldan azad olunmuş ərazilərimizdə həyat əvvəlki axarına geri dönəcəkdir.

Jalə Əhmədova
Milli Məclisin deputatı