FotoGündəmManşetSiyasətXəbər xətti

Millət vəkili ​Jalə Əhmədova nazirlə görüşdü – FOTO

Millət vəkili ​ ​ Jalə Əhmədova Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyevlə görüşüb.Aktor.Az xəbər verir ki, görüşdə təmsil etdiyi ərazilərin məsələləri gündəmə gətirilib.Deputatın fikirlərini təqdim edirik:
“Təmsil etdiyim 59 saylı seçki dairəsində yerləşən kəndlərin telefonlaşdırılması məsələsi ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyevlə görüşdüm. Görüş zamanı, əhalinin dayanıqlı rabitə, yüksəksürətli internet və digər multimedia xidmətləri ilə təmin olunmasını xahiş etdim.​ Kəndlərdə rabitə texnologiyalarının qurulmasına böyük ehtiyac duyulduğunu qeyd edərək bildirdim ki, rayonun Marışlı, Seyidsadıqlı, Qızılağac, Sarvan, Ərəbqardaşbəyli, Kürqaraqaşlı, Arbatan, Xurşud, Aşağı Kürkənd, Şorsulu və Boranıkənd kəndlərinin bir hissəsi telefon və internetlə təmin olunsa da, digər Xocalı, Cəngan, Dayıkənd, Seyidlər, Beştalı və Quyçu kəndləri, həmçinin Arbatan, Xurşud və Aşağı Kürkənd kəndlərinin yeni yaşayış massivi bu günə kimi telefonlaşdırılmayıb. Ötən ilin əvvəlindən bütün dünyanı bürüyən “COVİD 19” pandemiyası ilə əlaqədar dərslərin onlayn keçirildiyini və bundan da ən çox əziyyət çəkənlərin evində telefon və internet xətti olmayan​ Salyan məktəblilərinin olduğunu vurğuladım. Cənab nazirlə görüşdə, daha bir xahişimi çatdırdım. Əlverişli coğrafi zonada yerləşən Salyan rayonunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Muğan Regional Mərkəzi olaraq görmək istədiyimi bildirdim. Nazir Rəşad Nəbiyev, əhaliyə nümunəvi rabitə xidmətinin göstərilməsi məqsədilə konkret vəzifələrin müəyyənləşdirildiyini, cari ilin sonuna kimi ​ Salyan kəndlərinin bir hissəsinin, növbəti 2022-ci ilin sonuna kimi isə digər kəndlərin telefon, müasir rabitə və internet sistemləri ilə tam təmin olunacağını və hal-hazırda bu istiqamətdə müvafiq işlərin görüldüyünü diqqətə çatdırdı. Xüsusi olaraq onu da qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə aparılan gəncləşmə siyasəti və gənclərin mühüm vəzifələrə təyin edilməsi nəticəsində, hazırda Azərbaycanın idarəetmə sahəsində çox müsbət təcrübə əldə edilib. Cənab Prezidentin etimad göstərərək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri vəzifəsinə təyin etdiyi Rəşad Nəbiyev peşəkar kadr potensialı olan məmurlarımızdandır. Peşəkarlığı ilə şəxsi keyfiyyətləri bir-birini tamamlayan R.Nəbiyev dövlətimizin başçısının ona göstərdiyi etimadı layiqincə doğruldaraq ölkəmizin inkişafı naminə öz bilik və bacarıqlarını əsirgəmir. Nazir Rəşad Nəbiyevə şərəfli və məsuliyyətli işində yeni-yeni uğurlar arzulayıram”.