İran hərbi təlimlər keçirməklə Bakıya hansı mesajı verir – Əli Hacızadənin təhlili
Yerli politoloqlar və KİV-lər “İranın hərbi təlimləri” mövzusunda yazır və İranın hansı mesajı vermək istədiyi üzərində düşünürlər.
Mən hər zamanki kimi, məsələyə biraz daha geniş baxmaq istəyirəm. Müharibə zamanı İran tərəfi, SEPAH-ın böyük qüvvələrini İran-Azərbaycan sərhəddi boyunca, habelə o zaman hələ işğal altında olan və hərbi əməliyyatların getdiyi ərazilərə yaxın cəmləşdirmişdi.
Daha sonra, Tehran müxtəlif vasitələrlə müharibənin nəticələrindən narazılığını ifadə edirdi (Azərbaycandakı İran agentlərinin bəh-bəhlə reklam etdiyi “İrandan gələn Təbrik” mesajlarına çox fikir verməyin, bu fars siyasətinin, ana ünsürüdü, sözlərə yox, əməllərə baxmaq lazımdır).
Azərbaycan sərhədçiləri Zəngəzur istiqamətində bizim sərhəddi nəzarətə götürdüyü vaxt, İran hərbi nümayəndə heyyəti İrəvana təcili səfər edir, onların ardınca isə Ermənistandakı İran səfiri də Zəngəzura yollanaraq “mübahisəli” əraziləri ziyarət edir.
Bütün bu müddət ərzində, İran tırları müxtəlif təyinatlı yükləri, Qarabağın, müvəqqəti olaraq Rusiya sülhməramlıları yerləşdirilən hissəsinə daşamağa davam edirdi. Sözsüz ki, İran Ermənistanı və Xankəndindəki separatçı qalıqlarını dəstəkləməkdə son dərəcə maraqlıdır (həmçinin Moskva kimi) Bunun fonunda İran mediası və siyasətçiləri isə Azərbaycan əleyhinə şər, təhdid və böhtan kampaniyası aparır.
Bu gərginliyin zirvəsi (hələlik) Bakının İrandan qanunsuz şəkildə Qarabağa gedən qaçaqmalçılıq axınını dayandırması və burada qanun qayda yaratmaq cəhdi və əlbətdə ki, Bakı ilə Ankara arasında artan xəttlə davam edən aktiv hərbi əməkdaşlıq oldu. Bütün bunlar Tehranda olan narahatlığı biraz da artırdı.
Bu fonda İran, Azərbaycan sərhədlərində irimiqyaslı hərbi təlimlərə başlayıb. Təlimlərdə əsasən SEPAH qüvvələri iştirak edir, bu qüvvələr Tehranın əlində olan ən döyüşkən qüvvələr sayılır. İran ordusunun isə vəziyyətini anlamaq üçün, təlimlər zamanı vurduqları özlərinin təyyarə və gəmilərinə baxmaq olar.
Prinsipcə istədikləri qədər təlim keçirə bilərlər, bu təlimlər Azərbaycan və Türkiyənin, habelə bəzi dost dövlətlərin xüsusi xidmət orqanlarının diqqət mərkəzindədir. Bizim isə İrana hücum etmək kimi, bir planımız yoxdur.
Bəzi başqa mətləblərə də toxunmaq istərdim. Demək olar ki, 1990-cı illərin ortalarından, sonradan Ermənistan prezidenti olmuş Qarabağ separatçıları, işğal olunmuş ərazilərimizdə narkotik istehsalına başlayır. Onlar İran tərəfi ilə də əməkdaşlıq quraraq, iranlılar üçün narkotrafik qurmağa şərait yaradır. İrandan gələn narkotik vasitələr, Qarabağda istehsal olunan narkotiklərlə birlikdə Ermənistan üzərindən Avropa və Rusiyaya yollanır. Bu sxem onilliklərlə işləyirdi və sahiblərinə yüzmilyonlarla dollar gəlir gətirirdi. (qismən bu haqda burada yazmışam – https://english.alarabiya.net/…/How-the-Iranian-regime… ).
Qeyd edim ki, İranda sıravi narkotacirlərin “günü qaradı”, onlara “işləməyə” imkan vermirər, bu sahə (xüsusən ixrac hissəsi) SEPAH başda olmaqla, yerli xüsusi xidmət orqanlarının əlindədi (bax – https://www.politico.com/…/obama-hezbollah-drug…/… ).
44 günlük müharibə nəticəsində İran-Azərbaycan sərhəddi tam nəzarətə götürüldü və bu trafikə son qoyuldu (erməni hərbi hissələrindən çıxan kilolarla narkotik yadınızdadır?)
Uzun sözün qısası biz SEPAH və molları özündən çıxarmışıq, onları narkotrafikdən gələn gəlirdən məhrum etmişik, Qarabağa gedən qaçaqmalçılığın qarşısını alırıq, belə getsə Ermənistan bunlar üçün vasitə olmaqdan çıxacaq.
Əslində bu bir çox məqamları özündə ehtiva edən böyük bir mövzudur, onu bir posta və ya bir məqaləyə yerləşdirmək mümkün deyil, bacardığım qədər qısa və konkret yazmağa çalışdım.
Əli Hacızadə, siyasi şərhçi