Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. Toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.
Komissiya əvvəlcə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “3№ li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin hüquqşunası Ehtiyat Feyzullayevin “Xeberxetti.com”, “xeberfakt.az” və “trendxeber.az” saytlarına qarşı şikayətini araşdırıb. Müəyyən edilib ki, “Xeberxetti.com” saytı müəssisə barədə material yayarkən, “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları” nın (AJPDQ) balans prinsipini pozub. Yayımlanmış materialda müəssisəyə qarşı ciddi ittihamlar yer tutsa da, qarşı tərəfin rəyi öyrənilməyib, faktlar dəqiqləşdirilməyib. Saytın baş redaktoru Mirəziz Əzizov qarşı tərəfin rəyini dərc etməklə yol verilmiş xətaların aradan qaldırılacağını bildirib. “Xeberfakt.az” saytının baş redaktoru Sakit Muradov isə qeyd edib ki, qarşı tərəfin müraciəti redaksiyaya daxil olduqdan sonra dərhal nəzərə alınıb və yayımlanmış yazıda yol verilmiş qüsurlar aradan qaldırılıb. “Trendxeber.az” saytının araşdırılması zamanı müəyyən edilib ki, sayt aktiv deyil, həmçinin KİV qanunvericiliyinin tələblərinə zidd olaraq ünvanı göstərilməyib, əlçatımlı deyil. Şikayətçiyə tövsiyə edilib ki, digər müvafiq qurumlara üz tutsun.
İclasda “Şhaurma1” restoranlar şəbəkəsinin sahibi Natiq Sadıqovun nümayəndəsi Aqil Nuriyev “aktualinfo.org” saytına qarşı müraciəti araşdırılıb. Müəyyən edilib ki, “aktualinfo.org” saytı şikayətçi barədə material yayarkən AJPDQ-nın balans prinsipini pozub. Yayımlanmış materialda müəssisəyə qarşı ciddi ittihamlar yer tutsa da, qarşı tərəfin rəyi öyrənilməyib, faktlar dəqiqləşdirilməyib. Saytın baş redaktoru Telman Məmmədov yol verilmiş xətaların aradan qaldırılacağını bildirib. Tərəflər arasında razılıq əldə edilib.