26 nəfər əcnəbi saxlanıldı – DMX
12 və 14 fevral 2018-ci il tarixlərdə Dövlət Miqrasiya Xidmətinin Dövlət Təhlükəsizlik Xidməti ilə birgə qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlər zamanı 24 nəfər Hindistan, 1 nəfər Pakistan və 1 nəfər Türkmənistan vətəndaşı olmaqla, ümumilikdə 26 nəfər əcnəbi saxlanılıb.Bu barədə qurumdan Aktor.Az-a verilən məlumatda deyilir.
Araşdırma zamanı 17 nəfər Hindistan, 1 nəfər Pakistan və 1 nəfər Türkmənistan vətəndaşının ölkə ərazisində olma və yaşama qaydalarını pozduğu, 7 nəfər Hindistan vətəndaşının ölkəyə gəlişinin bəyan edilmiş məqsədinə əməl etmədiyi məlum olub.
Eyni zamanda Hindistanın Qucarat əyalətində fəaliyyət göstərən Mehbub adlı şəxsin Azərbaycandakı əlaqələndiricisi Nirav Dineshkumar Patel vasitəsilə Hindistan vətəndaşlarının ölkəyə göndərilməsini və burada yerləşdirilməsini təşkil etdiyi müəyyən edilib. Qeyd olunan şəxslər Hindistan vətəndaşlarını aldadaraq yüksək aylıq əmək haqqı olan iş yeri vəd etməklə, Azərbaycan Respublikasında leqallaşacaqlarına inandırıb və dələduzluq yolu ilə müəyyən məbləğdə pul vəsaitlərini mənimsəyiblər. N.D.Patel aldadı-laraq ölkə ərazisinə gətirilən Hindistan vətəndaşlarını Bakı şəhərinin Yasamal və Nəsimi rayonları ərazisindəki müxtəlif ünvanlarda yerləşdirib, özü isə məqsədli şəkildə Gürcüstan istiqamətində Azərbaycan Respublikasını tərk edib.
Görülmüş qabaqlayıcı tədbirlər nəticəsində qeyd olunan şəxslər tərəfindən Hindistan vətəndaşlarının Azərbaycan Respublikasına gətirilərək qanunsuz miqrantlara çevrilməsi və neqativ miqrasiya kanalının təşkil edilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mü-barizə çərçivəsində tədbirlər davam etdirilir.