Bakıda “MilliÖn” aparatı yarıldı – FOTO/ VİDEO
Bakıda “MilliÖn” ödəniş terminalı yarılıb. BakuPost-un məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində, Hənifə Ələsgərov küçəsi 15 ünvanında baş verib.
Fevralın 16-sı səhərə yaxın naməlum şəxslər sözügedən ünvanda yerləşən avtobus dayanacağındakı “MilliÖn” aparatının kassasını kəsərək aparıb. Bu barədə polisə vətəndaşlar xəbər verib. Hadisə yerinə polis əməkdaşları, kriminalistlər və Nəsimi Rayon Polis İdarəsinin istintaqçıları cəlb edilib. Dayanacaqdan və ödəmə aparatından əl-barmaq izləri götürülüb.
“MilliÖn” ödəmə sistemləri şirkətinin hüquqşünası Azər Quliyev BakuPost-un hadisə yerində olan əməkdaşına bildirib ki, onlara aparatın yarılması barədə məlumat hüquq-mühafizə orqanlarından verilib. İlkin olaraq kassada nə qədər pul vəsaitinin olduğu bəlli olmasa da, sonradan şirkətin informasiya texnologiyaları mütəxəssisləri rəqəmi dəqiqləşdiriblər. Məlum olub ki, oğurlanan pul 1243 manat 70 qəpik məbləğində olunub.
Hazırda Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxs və ya şəxslərin axtarışına başlayıb.
Qeyd edək ki, hadisənin baş verdiyi ərazidə heç bir müşahidə və ya təhlükəsizlik kamerası yoxdur.