GündəmKÖŞƏManşetMediaXəbər xətti

Hələ yolun əvvəlindəyik…

Medianın problemləri haqqında düşüncələrim

Son zamanlar medianın problemləri, yaxud mediadakı problemlər haqqında yazmaqdan və danışmaqdan yayınmağa çalışıram. Həmkarlarımdan da xahiş edirəm ki, bacardıqları qədər məni bu mövzudan uzaq tutsunlar. Çünki təkcə masamın üzərindəki kompüterin yaddaşında son 17-18 ildə qələmə aldığım və medianın problemlərindən bəhs edən 200-dən çox yazı var. Hələ açıqlamaları, müsahibələri bir kənara qoyuram. İndi onların hər birini cüzi dəyişikliklər etməklə “yeni yazı”, yaxud “yeni yanaşma” kimi, lap elə indicə qələmə aldığım məqalə kimi də yayımlaya bilərəm. Amma bunu etməyəcəyəm. Özümü aldatmaq niyyətində deyiləm.
…Təhsil naziri Emin Əmrullayevin brifinqini və ona ünvanlanan sualları izlədikdən sonra, medianın bitməyən, tükənməyən və əsasən insan resurslarından, peşəkarlıqdan qaynaqlanan problemləri haqqında yenidən yazmaq qərarına gəldim.
…İndi vəziyyət qismən də olsa müsbətə doğru dəyişib. Yaxşı xatırlayıram, təxminən 3-4 il öncə telekanallardan birində aparıcı mənə təxminən 15 dəqiqəlik bir sual verdi. Daha doğrusu, 15 dəqiqə mövzu ilə bağlı əzbərlədiyi tezisləri ard-arda düzüb təkrarladıqdan sonra bu barədə nə düşündüyümü soruşdu. “Heç nə düşünmürəm”, – dedim: “Yarım saat da danış, çıxıb gedim işimlə məşğul olum”.
Hələ baramaçılıq, pambıqçılıq, kənd təsərrüfatı texnikası, heyvandarlıq, daha nə bilim nələrlə bağlı mənə ünvanlanan suallardan danışmıram. Və bütün bunlara təəccüblənmirəm də. Təəssüf ki, mediamız uzun illərdir ki, özünü başqa sahədə təsdiq edə bilməyən, işi-gücü, istedadı, yazı qabiliyyəti, intellekti, mədəniyyəti olmayanların zəli kimi daraşdığı məkana çevrilib. Bu arada bütün zəlilərdən üzr istəyirəm. Onların heç olmasa insanlara bir faydası var, çirkli qanı sovurur, doyduqdan sonra isə çəkilib sürünürlər. Amma mediaya daraşanlar nə doymaq bilirlər, nə də çəkilmək. Sürünürlər! Hələ “qanımızı” da, “havamızı” da zəhərləməyə davam edirlər.
İndi illər uzunu yüzminləri həzm-rabedən keçirib ortalığa “üç manatlıq” iş qoya bilməyən, amma zəhməti ilə dolananları, “üç manta”la “üç yüz min”lik iş görənləri xüsusi həyasızlıqla, irişərək və ilişərək məsxərəyə qoyanları dindirsən, ağızlarına “çullu dovşan” sığmayacaq. Peşəkarlığın “P”-sından vurub “R”-sından çıxacaqlar, yüksək dəyərlərdən, peşə etikasından, jurnalist əxlaqından elə bəh-bəhlə danışacaqlar ki, iki yüz, bəlkə də üç yüz min dəfə xəcalət çəkməli olacaqsan. “Aman Allah, mən bu yüksək intellektli və mədəniyyətli, iti zəkalı insanları, istedad dağarcıqlarını, mediamızın QORUYUCU mələklərini niyə incitdim axı”, – deyib özünü məşhər ayağına çəkəcəksən…
Çəkəcəksən…, amma çəkdiyin ən yaxşı halda dərd və yük olacaq.
…Ölkə mediasını bacardığım qədər izləməyə çalışıram. Uğurlu nümunələr də var, şübhəsiz. Elə həmkarlarımın arasında peşəkarlığı, iti zəkası ilə ölkənin informasiya sərhədlərini dəfələrlə aşa biləcək insanların sayı da az deyil. Onlar da yorulublar, beziblər və əllərinə imkan düşən kimi hansısa qurumun köşəsində vaxt keçirmək üçün imkan axtarırlar.
Mətləbdən çox uzaq düşdüm.
Həmkarlarımın mənə ünvanladıqları sualların “keyfiyyəti” ilə bağlı dəfələrlə yazmışam. Amma heç bir faydası olmayıb. Problemin kökü daha dərindədir. Jurnalistikanın kəmiyyət göstəricilərinə əsir düşdüyü, ölçü və dəyərlərin itdiyi yerdə…
Bunun da şübhəsiz ki, obyektiv və subyektiv səbəbləri var.

Eh, səbəblər, səbəblər…

Uzun illər boyu diqqəti taleyüklü məsələlərdən yayındırmaq, ölkəni inkişafdan saxlamaq, cəmiyyəti qütblərə parçalamaqla gərəkli olduqlarını sübuta yetirməyə çalışanlar ucuz şou-biznes texnologiyalarını, meyxana-çayxana təfəkkürünü önə çəkməklə insanları ciddi və faktlara söykənən məlumatlardan, analitik yazılardan kənar tutmağa çalışıblar və ölkə mediasını saran bəsitliyin fonunda öz premodern obrazlarını gözə soxmağa cəhd göstəriblər. Kifayət qədər böyük bir zaman kəsiyində peşəkarlıq, intellekt, zövq, mədəniyyət, analitik düşüncə ölçü vahidi olmayıb. Bunu hər kəs bilir və bu baxımdan təkrarlamağa ehtiyac duymuram.
Heç bir ölçü vahidinin, dəyərin olmadığı bir məkanda isə istedad, bacarıq və peşəkarlıqdan başqa bütün vasitələrlə önə çıxmaq istəyənlərin üstünlük təşkil etməsi də təbii qəbul edilməlidir.
Azərbaycan mediasında peşəkarlıqla bağlı ciddi problemlər var. Problemin kökündə isə ixtisaslaşma dayanır. Fikrimi konkret nümunələrlə ifadə etməyə çalışacağam: Məsələn, bu və ya digər ali təhsil ocağının jurnalistika fakültəsini bitirən bir şəxs bank sektorunun, yaxud təhsilin problemləri haqqında nə yaza, yaxud bu sahənin mütəxəssislərinə hansı sualı ünvanlaya bilər? “Çulunu sudan çıxarmaq”, ona verilən tapşırığı, həm də vaxtında yerinə yetirmək üçün Azərbaycan mediasında adi hala çevrilən “ənənələri” davam etdirməli, yəni, üzr istəyirəm, müəllif hüquqlarına tüpürərək kiminsə fikirlərini qamarlamalı, köçürməli, “peşəkarlıqda” heç də ondan geri qalmayan redaktorunun yazdığı bəsit, əlaqəsiz “sualları” hecalayaraq oxumalıdır…
Bu yazını oxuyanları əmin edirəm, bu gün uzun zamandan bəri müxtəlif yollarla və üsullarla cəmiyyətə sırınan “nəhənglər”in əhəmiyyətli hissəsinin fundamental savadı yoxdur, bilikləri isə, əsasən gündəlik oxuduqları informasiyalardan və elmi, bədii əsərlərin annotasiyalarından ibarətdir. Biçarə jurnalist onlardan nə öyrənə bilər?
Jurnalistika sahəsində təhsilin keyfiyyətinə yenidən, həm də çox ciddi nəzər salmaq lazımdır. İxtisaslaşma prosesi təhsildən başlamalıdır. Ya da media sektoru o qədər cazibədar, gəlirli sahəyə çevrilməlidir ki, ayrı-ayrı sahələrdə çalışan, təcrübə toplayan, həm də yazmaq qabiliyyəti olan insanlar bu sektora üz tutsunlar.
Və yaxud… mövcud vəziyyəti nəzərə almaqla hazırda müxtəlif media qurumlarında çalışan jurnalistləri xüsusi və həm də ən azı 6 aylıq ixtisaslaşma proqramlarına cəlb etməklə problemi qismən də olsa çözmək mümkündür. Bu halda stimullaşdırıcı addımların atılmasına, eyni zamanda nəzarət mexanizmlərinin gücləndirilməsinə ehtiyac duyulduğu qənaətindəyəm. 6 aylıq, yaxud 1 illik ixtisaslaşma kurslarının sonunda müdavimlərin bilikləri qiymətləndirilməli və yalnız bundan sonra onların konkret istiqamət üzrə mütəxəssis kimi fəaliyyət göstərmələri üçün “yaşıl işıq” yandırılmalıdır.
Ölçü və dəyərlər haqqında qismən də olsa söz açdım, amma problem təkcə qiymətləndirmə meyarlarında deyil, həm də böyük mənada məsuliyyət hissindədir.
Azərbaycan mediasının ən ciddi problemlərindən biri də məsuliyyətlə bağlıdır. Bəzi media nümayəndələrində, həmçinin ekspertlərdə qəribə bir düşüncə formalaşıb. Onlara elə gəlir ki, istədikləri məsələ haqqında fakir yürüdə və faktlara söykənməyən, arqumentləşdirilməmiş, təhlil sücgəcindən keçirilməmiş söz yığınlarını ictimai rəyə obyektiv həqiqət kimi təqdim edə bilərlər. Bu halda onlara irad tutmaq da olmaz. Sanki yazdıqları, dedikləri, nauzubillah, Quran ayələridir.
Əksəriyyət öz üzərində işləmək istəmir, ordan-burdan “qamarladığı” səthi məlumatlarla “işini görməyə”, əslində isə gününü keçirməyə çalışır. Bir çox hallarda mütəxəssislərin, öz işini yaxşı bilən məmurların mediadan “uzaq gəzmələrinin” səbəbini də burada axtarmaq lazımdır. Jurnalist-mütəxəssis, jurnalist-məmur münasibətlərində hər şey sualdan başlayır. Sual nə qədər peşəkar və maraqlı olarsa, ona verilən cavab da, müsahibin potensial imkanlarına uyğun və adekvat olacaq.
…Təhsil nazirinin son brifinqində səslənən suallar, sosial şəbəkələrdə bəzi media mənsublarının bu barədə utancverici “müzakirələri” media sektorunda islahatların hələ uzun müddət və sektorun bütün istiqamətləri üzrə aparılmasını zəruri edir.
Biz hələ yolun əvvəlindəyik…

Elçin Mirzəbəyli
Əməkdar jurnalist, “Xalq cəbhəsi” media qrupunun rəhbəri

buy visio professional 2016