Onların şər-böhtanlarına reaksiya vermədim – Firdovsi Umudov
“Prezident İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən ölkə idmanı ilə bağlı bəzi mühüm məqamları vurğuladı və idman sahəsində buraxılan nöqsanların ciddi araşdırılmasını tapşırdı. Dövlət başçısı xüsusilə Olimpiya Oyunlarına hazırlıq dövründə bəzi federasiyalarda işlərin qeyri-qənaətbəxş olduğunu deyərək, Tokioda medal qazananlar arasında gənc nəslin nümayəndələrinin olmamasını xüsusi qeyd etdi”.
Bu sözləri Şöhrət ordenli Əməkdar məşqçi Firdovsi Umudov öz feysbuk hesabında yazıb.
Dünyanın ən yaxşı məşqçisi seçilmiş F.Umudov yeni nazir təyinatından sonra ölkə idmanının yeni mərhələyə qədəm qoyacağına inandığını bildirib: “Ölkənin idman ictimaiyyəti bir daha əmin oldu ki, cənab Prezident hər şeydən xəbərdardır və bütün prosesləri yaxından izləyir. Reallıq budur ki, bəzi idman federasiyalarında çox ciddi problemlər var və bu problemlərin başlıca səbəbi idarəetmə ilə bağlıdır”.
Titullu mütəxəssis bildirib ki, bəzi federasiya rəsmiləri qurumu özlərinin şəxsi mülkiyyəti hesab edir: “idarəçilər əsas diqqətlərini lazımi şəraitin yaradılmasına və idmançı yetişdirlməsinə yönəltməli olduqları halda, nədənsə bunun əksi müşahidə olunur. Bəzi federasiya rəsmilərinə elə gəlir ki, rəhbərlik etdikləri idman qurumu onların şəxsi mülkiyyətidir və nə istəyirlərsə, onu da edə bilərlər. Bu cür insanlar üçün dedi-qodu, süni qalmaqal, başqalarını ləkələmək, onlarla razı olmayanlar haqda yalanlar uydurmaq adi haldır. Onlar üçün “kim mənimlə razı deyilsə, demək mənə qarşıdır” prinsipi hər zaman aktual olub. Şəxsi mənfəətlərini hər zaman üstün tutan bu insanlar anlamalıdırlar ki, işinin peşəkarlarına ləkə yaxmaq, onları sevimli peşələrindən uzaq salmaq ancaq qısa zaman kəsiyi üçün keçərli ola bilər. Amma unutmasınlar ki, tez və ya gec hesab vermək zamanı gələcək. Əgər cənab Prezidentin dediklərini “bu bizə aid deyil” deyərək qulaqardına vuracaqlarsa, o zaman işlərini çox qəlizə salacaqlar.
Son aylar ərzində haqqımda deyilənlərə, bir vaxtlar dəstək verdiyim, amma çörəyi dizinin üstündə olan insanlar tərəfindən üzləşdiyim şər-böhtanlara reaksiya vermədim, Vətən müharibəsi başlayanda yerli kanalların birinə canlı yayıma dəvət olunduqdan sonra telekanal əməkdaşına zəng edib “Firdovsi Umudovu siz dəvət etmisiniz, yoxsa özü gəlib?” sualını ünvanlayanlara cavab vermədən keçdim, tanınmış güləşçilərimizin mənim barəmdə səsləndirdiyi müsbət fikirlərə görə onlara edilən təzyiqlərə şahidlik etdim, “Firdovsi Umudov mətbuatda bizə qarşı sifarişli yazılar yazdırır” ittihamı ilə üz-üzə qaldım, mənim barəmdə ölkə idman rəsmilərinə söylənən yalanlara şahidlik etdim, amma susdum. Çünki əmin idim ki, yalan ayaq tutar, amma yeriməz. Siz “Firdovsi Umudov federasiyaya gəlmir” deyəndə, mən zabit kimi hərbi tapşırıqların yerinə yetirilməsi ilə məşğul idim. Mən hər zaman Vətənimin, xalqımın xidmətindəyəm – istər zabit, istər idman mütəxəsisi kimi. Sadəcə mənim üçün “çağırılan yerə ar eləmə, çağırılmayan yeri dar eləmə” prinsipi hər zaman önəmli olub və xidmətimə ehtiyac duyulan yerə canla-başla getmişəm.
İnanıram ki, Fərid Qayıbovun təyinatından sonra idmanımız yeni mərhələyə qədəm qoyacaq. Biz də öz növbəmizdə parlaq gələcək üçün əlimizdən gələni əsirgəməyəcəyik”.
Qeyd edək ki, ötən il Azərbaycan Güləş Federasiyasında baş məşqçi təyinatı ilə bağlı keçirilən iclasa və tədbirlərə Firdovsi Umudov federasiya rəsmisi kimi dəvət almamışdı. AGF onun iclaslara çağırılmamasını vitse-prezidentlərin iştirakına ehtiyac duyulmadığı səbəbindən olduğunu bildirmişdi. Lakin Umudov artıq hər şeyə aydınlıq gətirib.