QHT-lərə Dövlət Dəstəyi Agentliyi əsir, girov və itkin düşmüş şəxslərlə bağlı bəyanat qəbul edib
Bu gün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “30 avqust – Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları (itkin düşmüş şəxslər) Günü” ilə əlaqədar onlayn konfrans keçirib.
Agentlikdən verilən məlumata görə, konfransı giriş sözü ilə Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev açaraq Ermənistanın təcavüzkar siyasəti çərçivəsində beynəlxalq humanitar hüquq prinsiplərinin kobudcasına pozulduğu, mülki və hərbi şəxslərin əsir və girov götürülməsi təcrübəsindən geniş istifadə olunduğu, əsirlərin məhv edilməsi siyasətinin sistemli həyata keçirildiyi, habelə itkin düşmüş şəxslərlə bağlı məsələnin hüquqi aspektləri barədə fikirlərini qeyd edib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədov çıxış edərək Ermənistanın işğalçı siyasəti çərçivəsində soyqırımı və etnik təmizləmə kimi insanlıq əleyhinə cinayətlərin törədildiyi, girov götürülmüş mülki əhali ilə qeyri insani rəftar, itkin düşmüş azərbaycanlılarla bağlı məlumatların toplanılması, bu şəxslərin Azərbaycana qaytarılması istiqamətində müvafiq tədbirlərin görülməsi, aidiyyəti yerli qurumlarla birgə Dövlət Komissiyasının fəaliyyəti barədə ətraflı məlumat verib.
Daha sonra Agentliyin Müşahidə Şurasının sədr müavini, Prezident Administrasiyasının məsul əməkdaşı Vüsal Quliyevin moderatorluğu ilə konfrans işini davam etdirib.
V.Quliyev konfrans iştirakçılarına Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin hüquqlarının müdafiəsini diqqət mərkəzində saxlamaqla onlara qarşı qeyri-insani və ya ləyaqəti alçadan rəftar və cəza hallarının aradan qaldırılması, xüsusilə də onların azad edilərək ölkəmizə təhvil verilməsi istiqamətində yerli qeyri-hökumət təşkilatlarının fəaliyyətinin əhəmiyyətini vurğulayıb, konfransda səsləndirilən təkliflərin nəzərdən keçiriləcəyini vurğulayıb.
Konfransda 1992-ci ildə Şuşanın işğalı zamanı itkin düşmüş Feruz Məmmədovun oğlu Bəxtiyar Məmmədli, “Həsrət Yolu” Əsir və Girovlarla Kömək İctimai Birliyinin sədri Esmira Orucova, Respublika Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli, Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirov, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfərova, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev, “Hüquq və İnkişaf” İctimai Birliyinin sədri Hafiz Həsənov, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri Səltənət Qocamanlı və İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyinin sədri Vüsalə Hüseynli çıxış edərək beynəlxalq qurumlar tərəfindən əsir və itkin düşmüş şəxslər məsələsinin siyasiləşdirilməsinə yol verilməməsini, ona sırf humanitar prizmadan yanaşılmasını, yüzlərlə ailənin iztirablarına, qeyri-müəyyənliyə son qoyulmasını tələb ediblər.
Sonda konfrans iştirakçılarının təklifi ilə Ermənistanın silahlı qüvvələrinin Azərbaycan ərazilərinə hərbi təcavüzü və işğalı nəticəsində əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı Azərbaycan qeyri-hökumət təşkilatlarının adından bəyanat qəbul edilib.
Bəyanatda deyilir:
“XX əsrin 80-ci illərinin sonlarından başlayaraq Ermənistan Respublikası beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq Azərbaycanın əzəli-tarixi torpaqları olan Qarabağ və ətrafındakı 7 rayonu işğal etmiş və bölgədə ağır humanitar fəlakətin yaşanmasına səbəb olmuşdur. Nəticədə 1 milyona yaxın dinc azərbaycanlı əhali Ermənistanın işğal və etnik təmizləmə siyasətinin qurbanına çevrilərək əsrlər boyu yaşadıqları ərazilərdən silah gücünə qovulmuş, dinc əhali, o cümlədən qoca, qadın və uşaqlar kütləvi şəkildə qətlə yetirilmiş, girov götürülmüş, dözülməz işgəncələrə məruz qalmış, şantaj, hədə-qorxu və insan alverinin obyektinə çevrilmiş, yaşayış məntəqələri, tarixi və dini abidələr, qəbiristanlıqlar dağıdılmışdır.
Üstəlik, təcavüzkar əməllərindən əl çəkməyən Ermənistan mütəmadi olaraq “yeni müharibə-yeni ərazi” iddiası ilə Azərbaycanın şəhər və kəndlərini artilleriya və raketlərdən atəşə tutmaqla yeni ərazilərin işğalı və etnik təmizləmə siyasətini davam etdirmişdir.
2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən müharibənin bitməsi ilə Azərbaycan bölgədə sülhün və əmin-amanlığın bərqərar edilməsi üçün əlindən gələn bütün zəruri tədbirləri görmüş, o cümlədən müharibənin gedişində əsir düşmüş şəxsləri Ermənistana qaytarmış, itkin düşənlərin, həmçinin həlak olmuş şəxslərin cəsədlərinin tapılıb qaytarılması üçün kömək göstərmişdir. Hazırda da bu proses davam etməkdədir.
Ermənistan Respublikası tərəfindən isə beynəlxalq hüquq normalarının tələbləri pozulmaqda davam edir. Azərbaycanın çoxsaylı müraciətlərinə baxmayaraq, Ermənistan hələ Birinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən əsir və girov götürülmüş ümumilikdə 4 minə yaxın azərbaycanlının sonrakı taleyi haqqında məlumat verməkdən boyun qaçırır. Təkzibolunmaz fakt və materiallar göstərir ki, həmin insanların əksəriyyəti qətlə yetirilib və ya işgəncə və xəstəliklərdən vəfat ediblər. Ermənistan tərəfi törətdiyi sülh və insanlıq əleyhinə cinayətləri, müharibə cinayətlərini gizlətməyə çalışır və humanitar təşkilatlar çərçivəsində əməkdaşlıqdan boyun qaçırır. Qeyd etmək lazımdır ki, beynəlxalq humanitar hüquqa əsasən münaqişə tərəfləri nəinki cəsədlərin dəyişdirilməsi, onların axtarıb tapılması istiqamətində, eləcə də onların kimliyinin müəyyənləşdirilməsində də əməkdaşlıq etmək kimi öhdəlik daşıyırlar.
Beynəlxalq humanitar hüququn kobud pozuntularından biri hərbi münaqişə zamanı istər mülki, istərsə də hərbi mükəlləfiyyətli şəxslərin zorla yoxa çıxarılmasıdır. Bu müddəa BMT Baş Assambleyasının 2006-cı ildə qəbul etdiyi “Bütün şəxslərin zorakı itkin düşmələrdən müdafiəsi haqqında” Beynəlxalq Konvensiyada da öz əksini tapmışdır. BMT Baş Assambleyasının 1974-cü il 6 noyabr tarixli Qətnaməsində münaqişə tərəflərinə itkin düşmüş şəxslər barəsində məlumatların qarşılıqlı olaraq verilməsi tövsiyə olunmuşdur. 2002-ci ildə BMT İnsan Hüquqları Komissiyası öz müvafiq Qətnaməsində silahlı münaqişənin qarşı tərəfinin itkin düşmüş şəxslərin axtarışında iştirak etməsini bir öhdəlik olaraq qeyd etmişdir.
Hazırda təsdiqedici sənədlər əsasında itkin düşmüş şəxs kimi qeydiyyata alınan azərbaycanlıların sayı 3890 nəfərdir. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxslərdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq (20 nəfər azyaşlı qız), 267 nəfəri qadındır (154 nəfər qoca). Bununla Ermənistan tərəfi “Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında” IV Cenevrə Konvensiyasının girov götürməni qadağan edən 34-cü maddəsini kobudcasına pozmuşdur.
3890 nəfərdən 872 nəfərinin, o cümlədən 29 uşağın və 98 qadının əsir-girov götürülməsi, yaşayış məntəqələri, kəndlər və şəhərlər işğal olunarkən öz evlərini tərk etməməsi və işğal ərazisində qalması faktı müəyyən edilmişdir. Erməni əsirliyindən azad edilmiş, eyni zamanda döyüşlərdə iştirak etmiş hərbçilərin və hadisə şahidi olmuş mülki vətəndaşların ifadələri əsasında həmin şəxslərin siyahısı tərtib edilmiş və qarşı tərəfə verilmişdir. Sübutların mövcudluğuna baxmayaraq, Ermənistan Respublikası bu şəxslərin əsir və ya girov götürülməsi və saxlanması faktını inkar edir.
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tərəfindən 1998 və 2001-ci illərdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Azərbaycan Respublikasının Dövlət Komissiyasına təqdim edilmiş məktublarda adı keçən 54 azərbaycanlı ilə bağlı məlumat bu istiqamətdə ən ciddi və təkzibedilməz faktlardan biridir. Həmin materiallara əsasən, Ermənistan hərbçiləri tərəfindən əsir-girov götürülmüş 54 Azərbaycan vətəndaşına Ermənistan Respublikasında və bu ölkə tərəfindən işğal edilmiş Azərbaycan Respublikasının ərazisində BQXK tərəfindən saxlanma yerlərində baş çəkilmiş və onlar bu qurumun rəsmi qeydiyyatında olmuşlar.
Sağ olduğu təsdiqlənmiş həmin 54 nəfərin həyatına isə Ermənistanın əsir və girovluğunda son qoyulmuşdur. Belə ki, onlardan 17 nəfərinin nəşi qaytarılmış, 33 nəfərin saxlanma yerində öldüyü bildirilsə də, qaytarılmamış, 4 nəfərin sonrakı taleyi barədə ümumiyyətlə məlumat verilməmişdir.
Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən 2000-2003-cü illər üzrə qəbul edilmiş Fəaliyyət Planı da silahlı münaqişənin qarşı tərəfinin itkin düşmüş şəxslər (onların taleyi) barəsində məlumatları həmin şəxslərin ailə üzvlərinə verməli olduğunu xatırladılır. İtkin düşmüş ailə üzvlərinə verilməyən məlumatlar həmin ailə üzvlərinin beynəlxalq insan hüquqları və beynəlxalq humanitar hüquqda təsbit edilən “ailə həyatına hörmət” prinsipinin kobudcasına pozulmasıdır. Buraya həlak olmuş şəxslər barəsində məlumatlar da daxildir.
1949-cu il IV Cenevrə Konvensiyası bəyan edir ki, münaqişənin qarşı tərəfi silahlı münaqişə zəminində şəxslərin öz ailə üzvlərini axtarması barəsindəki sorğusu cavablandırmalıdır. Bu Konvensiya ailə üzvlərinin öz yaxınlarının taleyi barəsində məlumat almaq hüququnu bilavasitə tanıyır. Bu hüquq eyni zamanda Avropa Şurasının Parlament Assambleyasının bir sıra Tövsiyələrində (868; 1056 və s.) də öz əksini tapır.
Çoxsaylı şahid ifadələri, Ermənistan hərbçilərinin əsir və girov götürülmüş azərbaycanlılarla pis rəftarı və onların üzərində olan xəsarətlər, saxlanma şəraiti beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulmasını təsdiq edir. Müxtəlif məlumatların əldə edilməsi üçün azərbaycanlı əsir və girovlara dəhşətli işgəncələr verilib. Onlar üzərində tibbi və digər eksperimentlər aparılıb, hədə-qorxu və şantaj vasitəsilə erməni xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edilməklə Azərbaycana qarşı terror-təxribat törədilməsinə cəhdlər göstərilib. Bütün bunlar Ermənistan tərəfinin qoşulduğu Cenevrə Konvensiyaları da daxil olmaqla, işgəncə və qeyri-insani rəftarı qəti şəkildə qadağan edən beynəlxalq hüquqnorma və prinsiplərini pozduğunu, insanlığa və bəşəriyyətə qarşı cinayət əməllərini davam etdirdiyini göstərir.
Bununla yanaşı, Ermənistan silahlı qüvvələri tərəfindən müharibə dövründə işğal olunmuş ərazilərimizdə azərbaycanlı əsir və girovların məqsədli şəkildə öldürülərək kütləvi şəkildə dəfn edilməsi faktı mövcuddur. Halbuki III Cenevrə Konvensiyasının 120-ci, IV Cenevrə Konvensiyasının 130-cu maddələri əsirlikdə vəfat etmiş şəxslərin şərəflə, mümkün olduğu halda öz dini adətlərinə uyğun və qarşısıalınmaz hallar olmadığı təqdirdə fərdi məzarlarda dəfn edilməsini tələb edir. Hazırda azad edilmiş Azərbaycan ərazilərində mövcud olan mina təhlükəsi işğaldan azad olunmuş ərazilərimizdə həmin kütləvi dəfn yerlərini axtarmağa da imkan vermir. Ermənistan tərəfi nə mina xəritələrini tam və düzgün şəkildə verir, nə də öldürərək kütləvi dəfn etdikləri əsir və girovlarımızın yeri barədə məlumat verir.
Münaqişədən uzun illər əziyyət çəkən ölkə kimi Azərbaycan beynəlxalq humanitar hüququn müddəalarına əməl edilməsinə xüsusi diqqət yetirir və bu sahədə beynəlxalq səyləri dəstəkləyir.
Təəssüf ki, Ermənistan Respublikasının insanlığa qarşı törətdiyi cinayət əməllərinə münasibətdə biganəlik və ikili standartlar onu bölgədə davamlı sülh və əmin-amanlıq yaradılmasına yönələn tədbirləri pozmaq siyasətini davam etdirməyə sövq edir.
Hesab edirik ki, əsir və itkin düşmüş şəxslər məsələsinin siyasiləşdirilməsinə yol verilməməli, ona sırf humanitar prizmadan yanaşılmalı və yüzlərlə ailələrin iztirablarına, qeyri-müəyyənliyə son qoyulmalıdır.
Bir daha beynəlxalq təşkilatları və dövlətləri Ermənistan silahlı qüvvələri tərəfindən itkin düşmüş 4 minə yaxın azərbaycanlının sonrakı taleyi haqqında məlumat verməsi və əsirləri və girovları, həmçinin işgəncələr və xəstəliklər nəticəsində vəfat etmiş şəxslərin nəşlərinin qaytarılması üçün Ermənistan Respublikasına təsir göstərməyə və törətdikləri müharibə cinayətlərini araşdırmağa çağırırıq”.