GündəmManşetSağlıqSiyasətSosialXəbər xətti

Vaksin vurulan xəstəxanalarda yoluxma riski çox yüksəkdir – Sərdar Cəlaloğlu

Yoluxma statistikasına nəzər yetirsək görərik ki, son günlər ölən və yoluxanları sayında ciddi artım var. Ötən ay yoluxmanın artması səbəbinin toylar olduğu deyilirdi. Lakin Məhərrəm ayının gəlişi ilə toylar dayandı. Azalma müşahidə olunmadı. Maraqlıdır, insanlar indi harada virusa yoluxurlar? Virusa yoluxanların sayı niyə azalmır?

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Yenisabah.az-a açıqlamasında deyib ki, əslində Məhərrəm ayında sosial təmasın artması yoluxmanı sürətləndirdi:

“Məhərrəm ayında toylar dayansa da, bir yerə toplaşmaq daha çox oldu. İnsanlar Məhərrəmlik mərasimlərini keçirmək üçün həm məscidlərdə, həm evlərdə, təşkil olunmuş müəyyən yerlərdə çox toplaşdılar. Sırf məclis qurmaq üçün bunu etdilər. Və sosial təmasın artması səbəbindən də yoluxma daha da artdı”.

S.Cəlaloğlunun sözlərinə görə, mağazaların ətrafında da maska taxmaq zəruri olmalıdır:

“Harada əhali sıxdırsa, orada yoluxma daha çox olur. Dəmiryol stansiyalarında, ictimai nəqliyyat vasitələrində, ticarət mərkəzlərində daha çox yoluxma təhlükəsi var.

Diqqət etsək görərik ki, mağazaların ancaq içərisində maska taxılır. Daha sonra küçədə maskalarını çıxarırlar. Sanki mağazaya görə, maska taxılır. Halbuki oradan çıxandan sonra da yoluxma riski ola bilər. Yaxşı olardı ki, mağazaların ətrafında da zəruri olaraq maskadan istifadə edilsin”.

Sərdar Cəlaloğlu vaksin vurulan xəstəxanalarda yoluxma riskinin yüksək olduğunu qeyd edib:

“Əhali sıx olan yerlərdə bu xəstəlik tez yayılır. Poliklinikalarda, xəstəxanalarda təhlükəsizlik tədbirləri görülmürsə, orada da yoluxma artacaq.

Vaksin vurulan xəstəxanalarda yoluxma riski çox yüksəkdir. Bir tərəfdən növbə olur, bir tərəfdən də vaksin vurulur… Vaksinlə birdəfəlik xəstəlikdən xilas olmurlar ki”.