GündəmManşetXəbər xətti

QHT sədrindən minalarla bağlı daha bir açıqlama!

Ölümcül təsirli tam avtonom silah sistemləri insan müdaxiləsi olmadan kimin yaşayaçağı və kimin öləcəyinə qərar verən silah növü olaraq hazırlanmaqdadır. Hazırlanmaqda olan bu silah növləri mülki vətəndaşlarla döyüşən əsgərləri fərqləndirmir, bu silahlarda  insanlara xas olan mərhəmət hissi olmadığından kritik anlarda  qərar qəbulunda yalnız alqoritm verimiş maşın kimi çalışır. Adi qoşunların robotlarla əvəzlənməsi müharibə başlamaq üçün verilən qərarların sayını xeyli artıra bilər ki, bu da hərbi münaqişələrdə mülki şəxslərin çətinliklərini daha da artıracaqdır. Tərəqqipərvər insanlar belə hesab edir ki, ölümcül təsirli tam avtonom silahlardan istifadə dünyada gərginliyi artıracaq və gözlənilməz faciəli nəticələrə yol aça bilər.

 

Bütün bunları nəzərə alaraq bəzi dövlətlərin hökümətləri, BMT strukturları, QHT-lər, süni zəka sistemlərinin yaradılması ilə məşgul olan müxtəlif şirkətlər bütün dünyada avtonom silahların istehsalı və inkişafına qarşı mübarizə aparmaq və hüquqi tənzimləyici sənədin hazırlanması üçün çağırışlar edirlər. 26 Nobel Sülh Mükafatçısı bu prosesdə aktiv iştirak edir. Artıq bir neçə ildir ki, BMT strukturları çərçivəsində 100-dən artıq dövlətin iştirakı ilə diplomatik müzakirələr aparılır. Burada xüsusi qeyd etmək lazımdır ki, müzakirələr süni zəka sistemlərinin tamamilə ləğv olunması istiqamətində aparılmır, bu sistemlərin insan həyatı üçün təhlükə olan yerlərdə və insan həyatının xilas edilməsi istiqamətindəki fəaliyyəti nəzərə alınır. Yəni öldürmə deyil, xilasetmə və yardım sahəsində bu tipli sistemlərin tətbiqi alqışlanır. Hazırda ərazilərin minalardan təmizlənməsi, təhlükəli və falakət baş vermiş ərazilərdə insanların axtarışı, xilası, ilkin yardımın göstərilməsi kimi istiqamətlərdə dünyanın bir sıra aparıcı ölkələrində avtonom sistemlər tədbiq edilir.

 

28 ölkədə aparılan araşdırmada hər beş nəfərdən üçü insan müdaxiləsi olmadan hədəfləri seçib hücum edən silah sistemlərinin inkişafına qarşı çıxır. Bu silahlara qarşı ən çox çıxış edənlər İsveçdə (% 76), Türkiyədə (% 73) və Macarıstanda (% 70) olmuşdur. Qatil  robotlara qarşı əhalinin 50-74 yaş arası (69%) olan hissəsi üstünlük təşkil etmişdir. 63% qadınlar və 60% kişilər bu silah növlərinin yaradılmasının əleyhinə olmuşlar. Rəyi soruşulanların 66% -i bu silahların “mənəvi xətti keçəcəyindən, robot silahlara öldürmək icazəsinin verilməsindən” ən çox narahat olduqlarını bildirmişlər.

 

Bütün dövlətlər silahlar üzərində real insan nəzarətinin olmasını təsbit edən yeni müqavilənin yaradılması üçün danışıqlara başlamalıdırlar. Göründüyü kimi ictimaiyyət arasında robot silahlara qarşı münasibət olduqca mənfidir, bu da onları qadağan etmək üçün cəsarətli siyasi fəaliyyətə ümid verir. “Qoşulmama Hərakatı” BMT Baş Assambleyasının sessiyasında əvvəlki illərdə olduğu kimi bu il də mövqeyini təkrarladı və bildirdi ki, “ölümcül avtonom silahların qarşısını alacaq hüquqi tənzimləyici bir sənədə ciddi ehtiyac vardır.”

 

Ölümcül təsirli tam avtonom silah sistemləri ilə əlaqədar BMT çərçivəsində aparılan və hüquqi tənzimləyici sənədin hazırlanmasına yönəlmiş müzakirələrin növbəti raundu 2021-ci ilin dekabr ayında keçiriləcək və bu müzakirələrdə Azərbaycan Respublikasının diplomatlarının və süni zəka üzrə mütəxəssislərinin də aktiv iştirak etməsini  vacib hesab edirik.

 

Hafiz Səfixanov

“Minalar Əleyhinə Azerbaycan Kampaniyası” ictimai birliyinin sədri