Düşünürəm ki, üçüncü bina da jurnalistlərə veriləcək – Rəşad Məcid
“Junalistlər üçün tikilən üçüncü binanın şəhid ailələri və qazilərə verilməsi ilə bağlı Prezidentə ünvanlanan müraciətə imza atmağı mənə də təklif etdilər, sadəcə imtina etdim”.
Bunu Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədr müavini, yazıçı, jurnalist, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Bakupost-a müsahibəsində deyib. O, bildirib ki, müraciət yayımlanmamışdan əvvəl də bu söhbətlər gedirdi:
“Hətta Milli Mətbuat günü ərəfəsində hamımız danışmışdıq bu barədə. “Niyə jurnalistlərə ev verilir?” sualının açıqlamasını dəfələrlə izah da etmişik. Özüm də o binadan ev almışam, indi həmin evdə oğlum yaşayır. Mən elə ola-ola gedib o müraciətə imza ata bilməzdim. İki binadan baş redaktorlar, müavinlər ev alıb. İndi sıravi jurnalistlərə sıra çatıb. Üçüncü bina onlar üçün nəzərdə tutulmuşdu və mediada stajı az olan jurnalistlər ümidlərini o binaya bağlamışdılar. Bu məqamda da sən de ki, biz bu binanı veririk şəhid ailələrinə. Hesab edirəm bu addım jurnalistlərə qarşı ədalətsizlik idi. Bundan başqa, bu cəmiyyətdə qarşıdurma yaratmaq idi. Həssas yerdən vurmaq idi jurnalistləri. Mən ümid edirəm bu ideya heç reallaşmayacaq. Hər halda belə məsələlərdə həssas olmaq lazımdır. Jurnalistlər cəmiyyətin hər zaman üst, ziyalı, ictimai rəyi yönləndirən təbəqəsi olub”.
R.Məcid deyib ki, əvvəlki iki binada ədalətsiz ev əldə edənlər olub, amma çox deyil:
“Əlbəttə ədalətsizliklər olub. Elə adamlar var idi o binalarda haqqı olmadığı halda ev aldılar, ehtiyacı olanlar kənarda qaldı. Amma haqqı olmadan ev alanların sayı elə də çox deyildi inan. Uzaq başı elə adamların sayı 50 nəfər olardı. O binadakı 450 evdə indi yaşayan jurnalistlərin çoxu həqiqətən ehtiyacı olan jurnalist ailələridir”.
Üçüncü binanın jurnalistlərə verilib-verilməyəcəyi barədə suala cavabında R.Məcid belə deyib:
“Mən düşünürəm ki, bu bina elə arzusunda olan jurnalistlərə veriləcək və verilməlidir. Bakı şəhərində şəhid ailələri o qədər çox deyil. Dövlətin bütün şəhid ailələrini evlə təmin etməyə gücü var. Bir tərəfdən də şəhid ailələrini bir binaya yığmaq düzgün deyil. Bunun mənəvi tərəfləri var. Hazırda evlərin paylanılması ilə bağlı kriteriyalar müəyyənləşdirməyin özü çətin bir məsələ kimi qarşıda dayanır. Amma düşünürəm ki, bir az ictimai fikrə diqqət yetirilsə Azərbaycanda hansı jurnalistlərin o evlərə ehtiyacının olmasını müəyyən etmək elə də çətin olmayacaq. Bunun üçün uzunmüddətli araşdırmalar aparmağa ehtiyyac yoxdur”.