GündəmSiyasətXəbər xətti

“Azərbaycan daim təşviş içində yaşayacaq” – Rəsul Quliyev

“Əfqanıstanda “Taliban”ın hakimiyyəti çox asanlıqla, demək olar ki, heç bir qan tökmədən ələ keçirməsi ABŞ-ın dünyadakı super derjava imicinə ölümcül zərbə vurdu. 20 il işğal altında saxladığın Əfqanistanda 1 trilyon dollar pul xərcləyəsən, axırda 30 gün ərzində ölkəni ekstremal fundamentalistlərə verəsən, demokratiyanın kiçik bir elementinin qələbəsinə nail ola bilməyəsən, möcüzədir”.

Bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev deyib.

Sabiq spiker bildirib: “Bu möcüzəni yaradanlar sözsüz ki, sverxderjava sayıla bilməz. Bir trilyonun nə olduğunu təssəvvür etmək çox çətindir. Müqayisə üçün Azərbaycan kimi bir ölkənin 50 illik dövlət büdcəsinə bərabərdir. Bu 20 il ərzində azı 3 dəfə “Talibanların nəhayət kökünü kəsdik” bəyanatını verəsən, sonra 30 gün ərzində az qala 250 milyard dollarlıq, silah sursatını, hərbi vertolyotları qoyub qaçasan, bu, heç derjavaya yaraşmaz. Taliblər qələbə çalan kimi Rusiya və Çin Xalq Respublikası “Taliban”ın tərəfinə keçdi. Çin Talibana iqtisadiyyatını bərpa etmək və inkişaf etməkdə kömək edəcəyini elan etdi. Bu işi görəcək. Əfqanıstanda olan çox böyük ehtiyat olan qaz yataqlarını mənimsəyəcək. Rusların orada görməyə heç bir gücü yoxdur. Ancaq ətrafında yerləşən Qazaxstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Tacikstan, Azərbaycan, Ermənistanı daima qorxu içərisində saxlayacaq, onlardan hər il məsələn, “Səni düşmənlərdən qoruyuram” adı altında açıq-aşkar rüşvət alacaq. Bu maddə altında Rusiya hər il azı 50 milyard dollar rüşvət almağa çalışacaq. Onun da 5 milyardını “Taliban”lara verəcək və xahiş edəcək, “Haqqını verirəm, mənimlə işin olmasın”. Amerikanın Əfqanıstan tənəzzülü İranın ABŞ və Qərbin təhdidlərinə əhəmiyyət verməməyə gətirib çıxaracaq. İraq və Suriyanın Rusiyaya hörməti artacaq, ABŞ-a inamları azalacaq. İraq şiələri ABŞ qoşunlarını İraqdan qovub çıxarmağa çalışacaqlar. Taliblərin qalib gəlməsi Rusiyanı və Çini gücləndirdi. Orta Asiya ölkələri və Azərbaycanı daim təşviş içərisində  yaşamağa məcbur etdi. İran ABŞ-ın hədələrinə çox kəskin cavablar verəcək. Belarusiyaya verilən sanksiyalar əhəmiyyətsiz kağız parçasına çevrilir və istənilən vaxt Rusiya Belarusu işğal edəcək. Türkiyə, Orta Asiya ölkələri və Azərbaycan Pakistanla birlikdə təcili ittifaq yaratmalıdır. Bu prosesi uzatmaq daha acınacaqlı nəticə verə bilər. Əfqanıstan aeroportunu qoruyan Türkiyə və Azərbaycan silahlılarının sağ-salamat vətənlərinə döməsi bizim ən böyük arzumuzdur”.

“250 milyard dollarlıq silah sursat dedikdə, söhbət ABŞ-ın Əfqanıstanda yaratdığı orduya verdiyi silah sursatdan gedir. Əfqanıstanın dövlət qoşunları bu silahlarla talibləri  yerlə yeksan edərdi, təəssüf silah sursatı qoyub qaçdılar” – R.Quliyev əlavə edib.