GündəmManşetMüsahibəSiyasətXəbər xətti

Zərdüşt Əlizadə: “Azərbaycan bununla Rusiyanı dayandıra bilər” – MÜSAHİBƏ

“Rusiya münaqişənin həll edilməmiş qalmasını istəyir. Bunun nəticəsində onun vasitəçilik və sülhməramlı missiyası davam edər. Azərbaycan da istəyir ki, münaqişə bitsin, hansısa bir sülh müqaviləsi bağıansın, 4-5 il sonra Rusiya sülhməramlıları buranı tərk etsin. Rusiya isə buna razı deyil. Baxışlardakı bu fərq gərginliyə gətirib çıxarır”.

Aktor.Az politoloq Zərdüşt Əlizadənin Teleqraf.com-a müsahibəsini təqdim edir:

– Qarabağda vəziyyət gərginləşib. Bölgədəki qanunsuz silahlı birləşmələr ordumuzun mövqelərini atəşə tutur. Vəziyyət niyə yenidən bu yerə çatdı?

– Bu gərginlik Ermənistan və Rusiya hakimiyyətlərinin niyyətlərindən irəli gəlir. Onlar hansısa məsələlərin həllindən yayınırlar. Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamaq, Mehri dəhlizinin açılmasını istəmir. Buna görə də vəziyyəti gərginləşdirir. Eləcə də sərhədlərin delimitasiya və demarkasiyasından boyun qaçırır. Çünki erməni cəmiyyəti delimitasiyaya razı olsa, iki ölkə arasında sərhədlər müəyyənləşə bilər.

Bu zaman Qarabağın Azərbaycan ərazisi olması ilə razılaşmalıdır, vaxtilə qəsb etdiyi Azərbaycan ərazilərini qaytarmalıdır. Bu, Ermənistan hakimiyyəti üçün xoşagəlməz nəticələrə səbəb olar deyə, öhdəliklərin yerinə yetirilməsindən yayınır.

Rusiya da Ermənistanın bu mövqeyini müdafiə edir. Ümumiyyətlə, Rusiya istəmir ki, Ermənistan və Azərbaycan arasında barışıq əldə edilsin. Çünki barışıq əldə edilsə, gərək Rusiya bölgəni tərk etsin. Bundan sonra da onun vasitəçiliyi kimsəyə lazım olmayacaq. Buna görə də, Rusiya vəziyyəti gərginlikdə saxlamağa çalışır. Bu, gözlənilən idi. Bunun qarşısını almaq üçün hərbi, siyasi və diplomatik təzyiqləri böyütmək lazımdır. Vəssalam!

– Rusiya Müdafiə Nazirliyinin axşam yaydığı açıqlamada Qarabağdakı separatçılar “tərəf” kimi göstərildi. Bəs bu açıqlamanı necə başa düşək?

– Azərbaycan bu silahlı birləşmələrin “qanunsuz” olduğunu deyir, Rusiya isə onları tanıyır və onların orada qalmasını “qanuni hal” sayır. Yəni Rusiya və Azərbaycanın bu məsələlərə baxışları fərqlidir. Rusiya da bölgədəki maraqlarını qorumaq üçün onları müdafiə edir.

– Ümumiyyətlə, son günlərdə Rusiya və Azərbaycan arasında baş verənlərin məntiqi izahı nədir: nə baş verir?

– Dediyim kimi, Rusiya münaqişənin həll edilməmiş qalmasını istəyir. Bunun nəticəsində onun vasitəçilik və sülhməramlı missiyası davam edər. Azərbaycan da istəyir ki, münaqişə bitsin, hansısa bir sülh müqaviləsi bağıansın, 4-5 il sonra Rusiya sülhməramlıları buranı tərk etsin. Rusiya isə buna razı deyil. Baxışlardakı bu fərq gərginliyə gətirib çıxarır.

– Baş verənlər döyüşlərin yenidən başlamasına rəvac verə bilərmi?

– Bunu düşünmürəm. Ermənistanın genişmiqyaslı hərbi əməliyyatlara başlamaq imkanı yoxdur. Digər yandan, belə bir qarşıdurma bizə də əl verməz.

– Bəs Rusiya niyə Fransa ordusunu sərhəddə mövqe tutmağa çağıran Nikol Paşinyana təzyiq etmir?

– Bu oyundur, görüntü yaradırlar. Bunu həm Ermənistan edir, həm də Rusiya. Bəllidir ki, bölgədə Fransanın hərbi mövcudluğu üçün imkan yoxdur.

– Bəs bu mübarizədə müttəfiqlərimiz kimdir, əlimiz nə qədər güclüdür?

– Əlbəttə, müttəfiqlərimiz var. Amma dünyanın tarix və diplomatiya təcrübəsi göstərir ki, hər ölkə öz problemlərini özü həll etməlidir. Heç vaxt başqasının ümidinə qalmaq lazım deyil. Bəli, bizim Türkiyə kimi yaxın müttəfiqimiz var. Amma biz Türkiyəni hansısa gücünü göstərmək məcburiyyəti qarşısında qoymamalıyıq.

– Vəziyyətin kəskinləşdiyi bu günlərdə Ağdamdakı Rusiya-Türkiyə birgə monitorinq mərkəzi niyə görünmür?

– Mahiyyət etibarilə, monitorinq mərkəzi nəzərəçarpan qurum olmamalı idi. Bu mərkəzin konkret vəzifəsi var: müşahidə aparmaq. Onların müşahidə apramaq üçün texniki vasitələri də var, bunlardan da istifadə edirlər. Əminəm ki, rusiyalı hərbçilər bu müşahidlərin nəticələrini öz komandanlıqlarına, türkiyəli hərbçilər də öz komandanlıqlarına göndərirlər.

Əlbəttə, bunlarla bağlı Azərbaycanı da məlumatlandırırlar. Onların vəzifələri bəyanat vermək, mətbuat konfransı keçirmək, vəziyyət qiymətləndirməkdir. Mərkəz bu işlərlə məşğuldur.