Bələdiyyələrdə gənclər və idman komissiyalarının işinin gücləndirilməsi zəruridir
Prezident İlham Əliyevin ilk dəfə dövlət başçısı seçildiyi 2003-cü ildən etibarən ölkəmizdə gənclərin hüquqlarının daha effektiv şəkildə qorunması, onların hərtərəfli inkişafı üçün kompleks tədbirlərin həyata keçirilməsi ilə bağlı sistemli fəaliyyət başlayıb. Dövlət gənclər proqramlarının qəbul olunması, hakimiyyətin müxtəlif qollarında gənclərin təmsilçiliyinin artırılmasına geniş şərait yaradılması, ictimai fəal gənclərdən yaradıcı gənclərə, tədqiqatçılardan silahlı qüvvələrimizdə xidmət keçən əsgərlərə qədər əhalimizin ən dinamik hissəsinin xüsusi qayğı ilə əhatə olunması bu sahədə dövlətin güclü və sabit siyasi iradəsinin olduğunu göstərir.
Əsasını ümummili lider Heydər Əliyevin qoyduğu dövlət gənclər siyasətinin uğurla davam etdirilməsinin, Cənab Prezident İlham Əliyevin göstərdiyi yüksək diqqət və qayğının nəticəsində Azərbaycan gəncliyi cəmiyyət həyatının ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sferalarında aktiv və proqressiv fəaliyyəti ilə seçilərək avanqard qüvvəyə çevrilib. Ölkəmizdə bütün sahələrdə uğurla həyata keçirilən gənclər siyasəti yerli özünüidarə orqanlarının fəaliyyətində də aydın şəkildə görünməkdədir.
Ötən 17 ildə bələdiyyələrlə bağlı mühüm uğurlardan biri də yerli özünüidarəetmə orqanlarının fəaliyyətində gənclərin təmsilçilik səviyyəsinin əhəmiyyətli sayda artmasıdır. Ölkəmizdə keçirilən son 3 bələdiyyə seçkilərinin nəticəsi buna bariz sübutdur.
Statistik məlumatlar göstərir ki, ölkəmizdə bələdiyyə seçkilərində uğur qazanan gənclərin sayı 2009-cu ildə 26%, 2014-cü ildə isə 36% olub. Sonuncu, 2019-cu ilin 23 dekabrında yerli özünüidarə qurumlarına keçirilən seçkilərdə isə 1606 bələdiyyə üzrə seçilmiş 15000-ə yaxın bələdiyyə üzvünün 40%-ni gənclərin təşkil etməsi bu sahədəki müsbət dinamikanın davamı və mühüm nailiyyətdir. Təbii ki bu rəqəmlər kəmiyyət göstəricisi olaraq qalmamalı, eyni zamanda bələdiyyələrin fəaliyyətindəki keyfiyyət artımında da özünü əks etdirməlidir. Gənclər beynəlxalq təcrübədə olduğu kimi yerli özünüidarə qurumlarında da idarəçilik təcrübəsi qazanmalı, eyni zamanda potensiallarını yerli sakinlər üçün ən əlçatan qurumun inkişafına, əhaliyə daha yüksək və çoxsaylı xidmətlərin göstərilməsinə, bələdiyyələrə ictimai etimadın artırılmasına sərf etməlidirlər.
Burada bir önəmli məsələ də bələdiyyələrin tərkibində “Gənclər və idman” komissiyalarının qurulması və onların effektiv fəaliyyətinin təşkilidir. Məlumat üçün bildirim ki, yarandığı dövrdən 2021-ci ilədək Xırdalan bələdiyyəsində qeyd olunan adda komissiya fəaliyyət göstərməyib. Ölkəmizin böyük şəhərlərindən olan Xırdalanda gənclərlə işin səmərəli şəkildə qurulması, bu sahədə təşəbbüslərin dəstəklənməsi və fəaliyyətin canlandırılması üçün 2021-ci ilin mayın 5-də Xırdalan bələdiyyəsinin iclasında qəbul olunan qərara əsasən “Gənclər və idman” komissiyası yaradılıb. Bələdiyyənin 27 may tarixli qərarı ilə isə “Gənclər və idman” komissiyasının tərkibi müəyyən olunub. Bu komissiyanın fəaliyyətini gücləndirilməsi hazırda Xırdalan bələdiyyəsi üçün prioritetlər sırasındadır.
“Gənclər və idman” komissiyasının yaradılmasında məqsəd əhalisinin sayına görə ölkənin dördüncü böyük şəhəri olan Xırdalanda gənclərin bələdiyyənin işində, qərarların qəbulunda iştirakçılığının artırılması, bələdiyyə ilə gənclərin əməkdaşlığının və kommunikasiyasının gücləndirilməsi, gənclərin bələdiyyəninin fəaliyyətinə marağının, ictimai təşəbbüskarlığının və gənclərin problemlərinin həllində bələdiyyələrin rolunun artırılması və bələdiyyənin könüllülük institutunun yaradılması kimi məsələlərdir.
“Gənclər və idman” komissiyalarının fəaliyyətinin səmərəli formada qurulması bələdiyyənin gənclər sahəsində işini daha faydalı şəkildə təşkilinə önəmli töhfə verəcək. Bu gün bələdiyyələrin qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələrinin daha effektiv şəkildə icra olunması üçün könüllülərə ciddi ehtiyac var. Ölkəmizdə böyük vüsət alan könüllülər hərəkatı bələdiyyələrin fəaliyyətində də aydın hiss olunmalıdır. “Gənclər və idman” komissiyası bu məsələdə də fəal rol oynamalı və bələdiyyənin fəaliyyətində könüllülərin iştirakını və sayını artırmalıdır. Adıçəkilən komissiya eyni zamanda, bu gün bütün cəmiyyəti ciddi şəkildə narahat edən zərərli vərdişlərlə mübarizə, sağlam həyat tərzinin təbliği, gənclərin sahibkarlıq təşəbbüslərinin stimullaşdırılması, kiçik idman qurğularının sayının artırılması və digər məsələlərlə bağlı əlaqədar mərkəzi icra qurumlarının yerli təşkilatları, publik hüquqi şəxslərlə səmərəli əməkdaşlıq münasibətlərinin yaradılmasına çalışmalıdır.
Cənab Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Azərbaycanda kompleks islahatlar və böyük quruculuq işləri aparılır. Bu gün Azərbaycan qalib ölkə kimi dünyanın diqqətini əvvəlkindən daha çox cəkir. 44 günlük Vətən savaşında düşməndən azad edilən torpaqlarımızda yaşıl zonaların yaradılması, eyni zamanda “ağıllı şəhər” və “ağıllı kənd”lərin salınması istiqamətində mühüm addımlar atılır. Sadalanan nəhəng işlər gənclərin öz məsuliyyətlərini daha yaxşı dərk edərək Cənab Prezidentin heyrətamiz dərəcədə uğurla həyata keçirdiyi siyasi xəttə uyğun olaraq ölkəmizin qüdrətlənməsi istiqamətində tükənməz enerji ilə çalışması üçün böyük motivasiya qaynağıdır. Bütün bunlar yerli özünüidarə qurumlarının fəaliyyəti üçün də yeni tələblər müəyylənləşdirir və onların quruculuq, abadlıq və sosial xidmət siyasətinin reallaşmasında fəal iştirakını artırmasını daha da zəruri edir.
Gənclər təşəbbüskardır.
Gənclər dinamikdir.
Gənclər ideya qaynağıdır.
Gənclər tələbkardır.
Gənclər yaradıcıdır.
Gənclər inkişafın əsas avanqard qüvvəsidir.
Bunlarla yanaşı gənclər irəli sürdükləri təkliflərin reallaşması üçün konkret qaynaqların taılmasında, yerli problemlərin həllində də yaxından iştirak etməlidirlər. Yaşadıqları ərazidə vətəndaşların sosial sifarişlərindən irəli gələn təkliflərin həlli yollarının tapılmasında bələdiyyə ilə yaxından əməkdaşlıq etməlidirlər. Bu işdə beynəlxalq təcrübədən yararlanaraq yerli və xarici donorlara müraciət edilməsinə, mövcud potensialın doğru realizə olunmasına, yerli imkanları təhlil edərək onlardan səmərəli istifadə olunmasına öz töhfələrini verməlidirlər. Bələdiyyənin qeyd olunan sahədəki fəaliyyətinin uğurlu olması üçün “Gənclər və idman” komissiyası səylə çalışmalıdır. İnanıram ki, ölkəmizin yerli özünüidarə qurumlarının “Gənclər və idman” komissiyaları qarşıdakı dövrdə fəallığını daha da artıracaq və onlara bəslənən ümidləri əməli fəaliyyətləri ilə doğruldacaqlar.
Orxan Musayev
Xırdalan bələdiyyəsinin sədri