“Bu edilməsə, bölgədə uzun müddət əmin-amanlıq olmayacaq” – Əkrəm Əylisli
“Hər cür konfliktin dərinləşməsi onun həll edilməsinə əlavə əngəllər törədir. Təmənnalı kənar dövlətlərin regiona ayaq açmasına geniş imkan yaradır. Necə deyərlər, ara qarışır, dəftər itir. Bölgədə yaşayan xalqların az qalır adı da yadından çıxsın. Hansı məşhur dövlət hansı məzlum xalqın dərdinə çarə qılıb? ABŞ 50 ildən çoxdur ki, İsraillə Fələstini barışdırır. Bəs hardadır o barışıq?Bunu Meydan TV-yə açıqlamasında yazıçı Əkrəm Əylisli bildirib.
Yazıçı vurğulayıb ki, demokratiya və insan hüquqları dəllallarının Balkanlarda, İrakda, Liviyada, Suriyada törətdikləri əməllərin faktiki nəticəsi göz gabağındadır. Cənubi Qafqazın iki qonşu dövləti əgər yaxın gələcəkdə sözü bir yerə qoya bilməsə, bölgədə uzun müddət əmin-amanlıq olmayacaq. Qələbəmiz möhtəşəm qələbədir, buna kim şübhə edə bilər? Ancaq bu qələbənin bol bəhrəsini görmək üçün Ermənistanla münasibətlərimizi mümkün qədər tezliklə sahmana salmalıyıq. Xalqların bir-birilə ünsiyyətinə normal şərait yaradılmalıdır. Bu işdə xalq diplomatiyasından bəhrələnməyə də indi heç vaxt olmadığı qədər ehtiyac var.
“Bilirəm ki, heç bir xalq müharibə istəmir və xalqın istəyinin əleyhinə gedənlər gec-tez öz cəzasına çatır. Zəmanəmiz çox aqressiv zəmanədir. Konfliktlər hər yerdə kompromisi üstələyir. Vaxt gələcək bəşəriyyət bu darqursaq siyasətdən canını qurtaracaq. Bəşəri dəyərlərlə milli təəssübkeşlik biri-birinə qovuşacaq, biri-birini tamamlayacaq. O zaman, “Arzuya bax, sevqilim!” – Cənubi Qafqazın üç qonşu xalqının həyatında yeni mənəvi formasiya başlanacaq. Buzlar əriyəcək, ürəklər yumşalacaq”, deyə Əkrəm Əylisli sonda vurğulayıb.