GündəmManşetSiyasətXəbər xətti

BAXCP sədrindən 10 noyabr bəyanatının şərhi

Son günlər Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı 10 noyabr 2020-ci il tarixli Bəyanatla bağlı bəzi dairələr ictimai rəyin yanlış istiqamətə yönləşdiirlməsinə xidmət edən və heç bir hüquqi əsası olmayan iddialar səsləndirirlər.

Bu baxımdan, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin 10 noyabr Bəyanatının Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında müzakirəsi zamanı etdiyi çıxışı oxucularımızın diqətinə çatdırmağı məqsədəuyğun sayır və çıxışda ətrafında mübahisə yaratmağa cəhd göstərilən bütün məqamlara aydınlıq gətirildiyini bildiririk:

“Hazırda həm Ermənistanda, həm də Azərbaycanda birgə Bəyanatın hüquqi qüvvəsinə dair müxtəlif fikirlər səsləndirilir. Hətta bəzi ekspert və siyasətçilər bu sənədin tərəflər üzərində beynəlxalq hüquqi öhdəliklər yaratmadığını qeyd edirlər. Bu zaman daha çox sənədin adına istinad olunur. İmzalanmış sənədin adına istinad etməklə belə bir mövqe sərgilənməsinin isə heç bir hüquqi əsas yoxdur. Azərbaycanın da 2017-ci ildə qoşulduğu “Beynəlxalq müqavilələr hüququ haqqında” Vyana Konvensiyasının terminlərdən istifadə adlanan 2-ci maddəsinin “a” bəndində deyilir ki, müqavilə necə adlandırılmasından asılı olmayaraq, dövlətlər arasında imzalanmış beynəlxalq razılaşmadır və beynəlxalq hüquqla tənzimlənir. Beynəlxalq müqavilələr saziş, protokol, razılaşma, pakt, müqavilə, xartiya, konvensiya, bəyannamə, traktat və s. adlandırıla bilər. Konvensiyanın 7-ci maddəsində qeyd olunur ki, dövlət və hökumət başçılarının dövlət adından beynəlxalq müqavilə imzalamaq hüququ var. Konvensiyanın 26-27-ci maddələrinə əsasən, tərəflər vicdanla imzalanmış müqaviləyə əməl etməlidirlər və daxili qanunvericiliyə istinad edib öhdəliklərinin yerinə yetirilməsindən imtina edə bilməzlər. Konvensiyanın 75-ci maddəsinə görə, Konvensiyanın müqaviləyə xitam verilməsi və ya dayandırılması barədə müddəaları aqressor dövlətə şamil oluna bilməz. Ermənistan birgə Bəyanatı imzalamaqla aqressor dövlət olduğunu təsdioq edib. Birgə Bəyanatın 1-ci maddəsinə görə, Ermənistan münaqişə tərəfi olduğunu qəbul edir, 6-cı maddəsinə görə Azətrbaycanın Ağdam, Laçın, Kəlbəcər rayonlarının qaytaracağına və 4-cü maddəsinə görə, qoşunlarını Rusiya sülhməramlı kontingentinin bölgəyə daxil olması ilə paralel Azərbaycan ərazisindən çıxarmağa dair öhdəlik götürür. Birgə Bəyanat Vyana Konvensiyasına tam uyğun olduğundan beynəlxalq birlik tərəfindən dəstəklənmişdir.

İmzalanmış sənədin ratifikasiya olunmadığı üçün hüquqi qüvvəsinin olmaması barədə səsləndirilən fikirlərin də heç bir ciddi əsası yoxdur. 1995-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasının Beynəxalq müqavilələrin bağlanması, icrası və ləğv edilməsi” haqqında Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə görə, Azərbaycan Respublikası adından dövlətlərarası müqavilələr imzalanır. Qanunun 8-ci maddəsində görə, dövlətlərarası müqavilələr Milli Məclis tərəfindən təsdiq (ratifikasiya) olunur. Konstitusiyanın 109-cu maddəsinin 17-ci bəndinə görə, Prezident dövlətlərarası müqaviləni təsdiq və ləğv olunmaq üçün Milli Məclisə göndərir və Konstitusiyanın 95-ci maddəsinin 4-cü bəndinə görə, Milli Məclis dövlətlərarası müqavilələri təsdiq və ləğv edir. Konstitusiyanın 147-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir. Ona görə də, dövlətlərarası müqavulə olan birgə Bəyanat Azərbaycan Respublikasının Mili Məclisində təsdiq olunmalı və təsdiq sənədi Prezident tərəfindən imzalanmalıdır. Amma Qanunda ratifikasiyanın hansı müddətdə həyata keçirilməsinə, yaxud beynəlxalq müqavilənin yalnız ratifikasiya olunduqdan sonra hüquqi qüvvəyə minməsinə dair heç bir müddəa yoxdur. O da qeyd olunmalıdır ki, BMT Nizamnaməsinin 102-ci maddəsinə görə, dövlətlər arasında imzalanmış hər bir sənəd BMT-nin Katibliyində qeydə alınmalı və dərc edilməlidir.

Eyni zamanda birgə Bəyanatın 4-cü maddəsinə istinad etməklə Rusiya sülhməramlı kontingentionin bölgəyə yerləşdirilməsinin ölkə konstitusiyasına və qanunlara zidd olması barədə deyilənlər də doğru deyil.

Azərbaycan Respublikasının Hərbi Doktrinasının 29-cu maddəsinə görə, “hərbi-siyasi şəraitdə əsaslı dəyişikliklər baş verərsə, Azərbaycan Respublikası öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə, yaxud başqa formada xarici hərbi iştirakın yer almasına müvəqqəti icazə vermək hüququnu özündə saxlayır”. Sülhməramlı kontingentin ölkə ərazisində qalma müddəti 5 ildir. Bununla yanaşı, “Azərbaycan Respublikasınən sülhməramlı əməliyyatlarda iştirakı haqqında” Azərbaycan Respublikası Qanunun 4.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikası öz ərazisində sülhməramlı əməliyyatlar aparmaq üçün digər dövlətlərə və beynəlxalq təşkilatlara müraciət edə, onlardan kömək istəyə bilər. Qanunun 5.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası sülhməramlılarının xaricdə iştirakını nəzərdə tutan beynəlxalq müqavilənin Milli Məclisdə ratifikasiyası tələb olunur. Sülhməramlıların göndərilməsi müxanizmi, hüququ və vəzifələri Qanunla dəqiq müəyyən edilir. Amma xarici sülhməramlıların ölkəmizə gəlişini, onların hüquq və vəzifələrini müəyyən edən qanunvericilik aktı yoxdur.

Birgə Bəyanatla bağlı ən çox mübahisəli məsələlərdən biri də bizim Qarabağda keçirdiyimiz hərbi əməliyyatların necə adlandırılması (müharibə, yoxsa antiterror əməliyyatı) və ondan doğan məsələlərdir. Bu kimi fikirlər səsləndirilir ki, Müdafiə haqqında Qanunun 13-cü maddəsinə görə, Azərbaycan Respublikası silahlı hücuma və ya təcavüzə məruz qaldıqda müharibə vəziyyəti elan olunmalı və müharibə edən tərəflər arasında sülh müqaviləsi bağlandıqda ləğv edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 30-cu bəndinə görə, Prezident müharibə elan etmək və sülh bağlamaq üçün Mili Məclsiin razılığını almalıdır. Bu edilmədiyi üçün sülh sazişi adlandırıla biləcək birgə Bəyanatın hüquqi qüvvəsi yoxdur. Qeyd edim ki, Beynəlxalq Humanitar Hüququn əsasını təşkil edən “Haaqa hüququ” adlanan rəsmi sənədlərə, 1949-cu il Cenevrə Konvensiyalartına və onlara edilən əlavələrə görə dövlətlərin müharibə elan etməsindən asılı olmayaraq, onlar arasındakı silahlı münaqişələrə Beynəlxalq Hümanitar Hüququn norma və prinsipləri tətbiq olunur. “Quruda döyüşən Silahlı Qüvvələrdə yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında” 1949-cu il Cenevrə Konvensiyasının 2-ci maddəsində qeyd olunur ki, Konvensiya tərəflərin birinin ərazisinin qismən və tamamilə işğal olunduğu hallarda, hətta bu işğal heç bir müqavimətlə rastlaşmazsa belə tətbiq olunur. Bununla yanaşı, 44 günlük savaş zamanı Azərbaycan Respublikası Prezidenti Azərbaycan Respublikası Konstitusiyasının 109-cu və 111-ci maddələrinə və “Hərbi vəziyyət haqqında” Qanunun 4-cü maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisinin bir hissəsinin faktiki işğal olunduğunu məzərə alaraq, hərbi vəziyyət və qismən səfərbərlik elan etmişdir. Mövcud qanunvericiliyə görə, Prezident müharibə elan etmədən də hərbi vəziyyət elan edə bilər. Ermənistanla Azərbaycan arasında baş vermiş münaqişə zamanı tərəflərdən heç biri digərinə müharibə elan etməsə də beynəxalq hüquq normalarına görə, iki dövlət arasında müharibə baş vermiş və 10 noyabr 2020-ci ildə Rusiyanın da iştirakı ilə üçtərəfli atəşkəs haqqında dövlətlərarası beynəlxalq müqavilə imzalanmışdır. Bu sülh müqaviləsi olmadığı üçün onun imzalanmasına Azərbaycan Respublikası Konstitusiyasının 30-cu maddəsinə əsasən, Milli Məclisin razılığının alınması tələb olunmurdu. Beynəxalq təcrübəyə əsasən, deyə bilərik ki, sülh müqavilələri ilə dövlətlər bir-birilərinin ərazilərini və həmin ərazilər üzərində dövlətlərin suveren hüquqlarını tanıyır, düşmənçiliyə son qoyacaqlarına dair öhdəlik götürür, diplomatik, siyasi, iqtisadi əməkdaşlıq, humanitar əlaqələrin yaradılmasına, işğalçı dövlətin kompensasiya ödəməsinə və digər məsələlərə dair razılığıa gəlirlər. Əslində birgə Bəyanat sülh müqaviləsinin imzalanması üçün əlverişli şərait yaradır, amma sülh müqaviləsi deyil. Ona görə də, qəti şəkildə deyə bilərik ki, Azərbaycan Respublikası Prezidenti 10 noyabr 2020-ci il tarixdə birgə Bəyanatı imzalayarkən beynəlxalq və yerli qanunvericiliyin tələblərini pozmamış və imzalanmış sənəd hələlik ratifikasiya olunmasa da, “Beynəlxalq müqavilələr hüququ haqqında” Vyana Konvensiyasına uyğun olaraq, müqavilədə göstərilən tarixdə qüvvəyə minmişdir. Hazırda xarici sülhməramlıların statusu haqqında qanunun qəbuluna və beynəlxalq müqavilələrin ratifikasiyası ilə əlaqədar qanunvericilikdəki boşluqların aradan qaldırılmasına ehtiyac var”.