GündəmManşetSiyasətXəbər xətti

Seçkilərlə bağlı hər cür şərait mövcuddur – DEPUTAT

Azərbaycanda prezident seçkilərinə kölgə salmağa çalışanlar Azərbaycanın müstəqilliyini istəməyən, Azərbaycanın siyasi nüfuzunu, iqtisadi gücünü gözü götürməyən mərkəzlərin, erməni lobbisinin maraqlarına xidmət edən dairələrin təsirinə düşən və onların maliyyəsinə göz dikən təşkilatlardır. Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Azərbaycanda seçkilərin tam demokratik və şəffaf keçirilməsi üçün hər cür şərait var və istənilən şəxs öz namizədliyini irəli sürə bilər: “Lakin həmin dairələrin məqsədi odur ki, heç bir arqumentə əsaslanmasalar da, heç bir məsələnin mahiyyətinə varmasalar da, təki iftira atsınlar”.

A.Hüseynov qeyd edib ki, prezident seçkilərinin elan olunması Azərbaycan Konstitusiyasına tam uyğundur və Prezident İlham Əliyev Konstitusiyaya istinad edərək ölkədə prezident seçkilərinin 11 apreldə keçirilməsi ilə bağlı sərəncam imzalayıb: “Əvvəla onu deyim ki, cənab İlham Əliyevin yenidən prezident seçilməsi ilə bağlı heç bir problem görmürəm. Seçkilər istər apreldə, istər bir neçə gün sonra, istərsə də oktyabrda keçirilsin, heç bir fərqi yoxdur, çünki Azərbaycan xalqının, vətəndaşlarının İlham Əliyevə böyük inamı, ehtiramı var və biz insanlarla görüşlər keçirərkən də onlar Prezident İlham Əliyevi dəstəklədiklərini bildirirlər”.

Deputat deyib ki, seçkilərin apreldə keçirilməsinin səbəbi də aydındır: “Əgər prezident seçkiləri oktyabrda keçirilsəydi, 2025-ci ildə növbəti prezident seçkiləri parlament seçkiləri ilə üst-üstə düşəcəkdi. Yəni həm prezident seçkiləri, həm də parlament seçkiləri üst-üstə düşməsin deyə, belə qərar verildi”.