Bakı gələcəkdə də töhfə verməyə hazırdır – Prezident
Azərbaycan gələcəkdə də təhlükəsizliyin möhkəmləndirilməsi və risklərin azaldılması işinə töhfə verməyə hazırdır.Bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Soçi şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı deyib.
Dövlətimizin başçısı çıxışında təhlükəsizliyin möhkəmləndirilməsi məsələlərinə də toxunub:
“Biz şadıq ki, Azərbaycan bu istiqamətdə də risklərin azaldılması üçün imkan yaradır. Xüsusi qeyd etmək istərdim ki, Rusiya və ABŞ ordularının baş qərargah rəislərinin birinci görüşü Bakıda keçirilib. Biz şadıq ki, bu görüşün keçirilməsi üçün bizim ölkəmiz seçilib. Biz məkan təqdim etdik, lakin belə bir görüşün Azərbaycanda keçirilməsi faktının özü, əlbəttə, bizi sevindirir və həm də risklərin azaldılması məsələsində Azərbaycanın oynadığı rolu göstərir. Rusiyanın Baş Qərargah rəisinin və NATO-nun hərbi komandanlığının birinci görüşü də Bakıda keçirilib. Biz gələcəkdə də təhlükəsizliyin möhkəmləndirilməsi və risklərin azaldılması işinə töhfəmizi verməyə hazırıq”.