GündəmManşetSiyasətXəbər xətti

QHT minalar və partlamamış hərbi sursatlarla bağlı hesabatını açıqladı

Aktor.Az Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin hesabatını təqdim edir:

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi Azərbaycan Respublikası ərazisində minalardan və partlamamış hərbi sursatlardan zərər çəkən insanların vahid Məlumat Bazasının yaradlıması və onların problemlərinin öyrənilərək bu problemlərin həll olunması sahəsində mütəmadi fəaliyyətini davam etdirir.

Təşkilat tərəfindən rəsmi strukturlardan, regional koordinatorlardan və digər mənbələrdən alınmış məlumatlar nəticəsində 2021-ci ilin iyul ayında 6 hadisə nəticəsində 8 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınmışdır. Nəticədə iki mülki şəxs həlak olmuş, altı mülki şəxs yaralanmışdır. Yaralananlardan biri kasetli silahdan olmuşdur. 2021-ci ilin iyul ayında minalarla bağlı hadisələr Füzuli, Göygöl, Xocalı və Cəbrayıl rayonlarının ərazisində baş vermişdir.

Ümumilikdə 2021-ci ilin ötən dövründə Azərbaycan Respublikasının 78 vətəndaşının minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınmışdır.

Azərbaycan Respublikasının beynəlxalq miqyasda tanınmış ərazisində yerləşən Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin verdiyi məlumata görə 12 iyul 2021ci il tarixdə bir nəfər Ermənistan vətəndaşı Füzuli rayonu ərazisində özlərinin basdırdığı minanın partlayışına məruz qalmışdır. Azərbaycan tərəfinin müvafiq strukturları lazımi yardımı göstərdikdən sonra həmin şəxs təxliyyə edilib.

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi bir daha əhaliyə müraciət edərək xahiş edir ki, işğaldan azad olunmuş ərazilərə səfər etməsinlər, partlamamış hərbi sursatlara toxunmasınlar.