Prezidentin də, polisin də, MM-in də, YAP-ın da nüfuzu masa üzərindədir
Parlamentdə mənim haqqım olan kürsünü zəbt etmiş deputatla bağlı biabırçı paylaşımlar davam edir. Adının belə çəkilməsinə layiq olmayan bu adam daim gündəmdə hansısa qlamur mükafatlar alması, yaxud da yeyib-içib dava salmasıyla olub.
İndi də yazırlar ki, adam restoranda yeyib-içib, karantin qaydalarını pozub, üstəlik də polisi döyüb. Yəni bunu edən deputatdır. Bir tərəfdə karantin qaydalarını pozması, digər tərəfdə də onu asayişə dəvət edən polisi döyməsi.
Hər iki hal çox böyük qəbahətdir. Hələ bu əməlləri törədən adam deputat mandatına sahibdirsə, min qat artıq qəbahətdir.
Haşiyə: İyulun 1-də toyların keçirilməsinə icazə verilsə də dəvətləri qəbul etmirəm. Çünki peyvənd olunmamışam. Yalnız bir dəfə Dədəlidə bir toya getmişəm. O da açıq havada, məhdud sayda qonaqla olub. İstər Bakıda, istərsə də Xaçmazda şadlıq evlərində keçirilən toylara getmirəm. Düşünürəm ki, dövlətin qoyduğu qanunları şəxsən mən – Əməkdar jurnalist, ictimai fəal və özəlliklə də Prezident İlham Əliyevin bir tərəfdarı olaraq pozmamalıyam. Örnək olmalıyam hər kəsə. Yəni mənim kimi insanlar mütləq hər kəsə örnək olmalıdır ki, bizə etimad göstərən Prezident və onunla bərabər dövlət də gözdən düşməsin. Bu, mənim əxlaqımdır…
İndi deputat dediklərimiz də öz davranışları, əxlaqlarıyla örnək olmalıdır. Özəlliklə də YAP deputatları ümumiyyətlə bu məsələdə öndə getməlidir. Çünki onlar eyni zamanda həm də Prezident İlham Əliyevin partiyasının təmsilçiləridir. Amma göründüyü kimi, bunların arasından bəzən elələri çıxır ki, nəinki deputat adına layiq deyillər, heç İlham Əliyev kimi çağdaş liderin adına yaxın belə getməməlidirlər. Lakin hansısa sehrli əl bu cür adamları deputat etməyi bacarıb…
Keçənə güzəşt deyərlər. İndi kimsə bunu deputat edibsə, öz işidir. Amma bu hadisədən sonra onun mandatı əlindən alınmalıdır! Əslində, onun özü vəziyyətin gərginliyini anlayaraq mandatdan imtina etməlidir. Etməlidir ki, təmsil etdiyi partiyanı da, onun liderini də zərbə altında qoymasın. Amma bu adamda o qabiliyyət və qanacaq varmı ki? Yoxdursa, onda YAP özünün və liderinin nüfuzunu qorumaq üçün hərəkət etməlidir. Necə ki, “əli dinc durmayan” bir keçmiş deputatla bağlı təcili tədbirlər görüldü, bununla bağlı da eyni operativlik göstərilməlidir…
Az öncə Facebook-da qeyd etmişdim ki, Daxili İşlər Nazirliyi, şəxsən nazir Vilayət Eyvazov dövlət adına hərəkət edən polisi döyən deputatla bağlı qətiyyətli davranmalıdır. Çünki hər yerindən duran polisə əl uzadar və onun da cavabı verilməzsə, asayiş keşikçiləri gözdən düşər.
Az sonra xəbər gəldi ki, DİN Baş Prokurorluğa müraciət edib artıq. Əhsən! Belə davranmalı. Biz polisimizin yanındayıq, hər kəs bilsin!
Digər tərəfdən Milli Məclisdən hərəkət gözləyirik. İntizam Komissiyası bu adama yerini göstərməlidir. Əks təqdirdə MM-lə bağlı ən pis düşüncələrimiz bir daha təsdiqlənmiş olacaq.
Və YAP! Özünün və liderinin nüfuzunu qorumaq, bizim də siyasətini dəstəklədiyimiz Prezident İlham Əliyevin qoyduğu qanunlara belə bivec yanaşan adamın cəzasız qalmayacağını göstərmək üçün mütləq hərəkətə keçməlidir. YAP bu adamı öz sıralarından qovmalı, mandatını da təhvil verməsi üçün uyğun addımlar atmalıdır.
Ümumiyyətlə isə, belə adamlarla birdəfəlik üzülüşmək lazımdır. Azərbaycan Vətən müharibəsindəki möhtəşəm zəfərdən sonra yeni mərhələyə qədəm qoyub. Bu mərhələdə isə deputat kimi deputatlar da lazımdır bizə. Daha restoranlarda araqdan içib dava salanlar deyil.
Yeri gəlmişkən, bu deputat o 44 günlük müqəddəs savaş günlərində gözə belə dəymədi. Adam, başqa yerləri demirəm, heç Xaçmazda belə şəhidlərin dəfnində iştirak etmədi. Sonradan da şəhid ailələrinin dərdinə şərik olduğunu görmədik. Yalnız bəzən hardasa yeyib-içməyə gedəndə yolunun üstündəki şəhid qəbrinə baş çəkdiyi haqqında xəbərlər aldıq…
Belə adamı öz sıralarında saxlayan parlament haqqında kim xoş düşünə bilər? Şəxsən mən düşünə bilmərəm…
Sonda: Adını çəkib məşhurlaşdırmaq istəməsəm də oxucular üçün yazmağa məcburam. Bu adam 55 saylı Xaçmaz şəhər seçki dairəsindən deputat edilmiş Eldəniz Səlimovdur…