Volonte məsələsi ermənilərə və ermənipərəst qüvvələrə matəm oldu – DEPUTAT
İtaliyanın Milan məhkəməsinin korrupsiya ittihamında adı çəkilən italyan siyasətçi Luka Volonteyə bəraət verməsi ermənilər və ermənipərəst qüvvələrin yalan və hiyləsini bir daha ifşa etdi.Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Nəsirov deyib.
E.Nəsirov qeyd edib ki, erməni lobbisi və ermənipərəst qüvvələr daim Azərbaycana qarşı şər və böhtanla çıxış edir:
“Məlum olduğu kimi, Avropadakı ermənilər və ermənipərəst qüvvələr daim Azərbaycana qarşı qarayaxma kampaniyaları apararaq müxtəlif beynəlxalq təşkilatlarda çalışırlar ki, Azərbaycanın beynəlxalq arenadakı mövqelərini zəiflətsinlər. Belə qurumlardan biri də Avropa Şurası Parlament Assambleyasıdır ki, burada da ermənilər bizə qarşı şantajlara əl atır. Hətta bu kampaniya o səviyyəyə çatıb ki, italiyan deputat Luka Volonteni ittiham edirdilər ki, guya Azərbaycan onu pulla ələ alıb və həmin rüşvətin müqabilində L.Volonte Azərbaycanı müdafiə edir. Lakin son nəticə bir daha onu göstərdi ki, bu, ermənipərəst qüvvələrin şər və böhtanıdır. Milan məhkəməsi deputatın günahsızlığını sübuta yetirib ona bəraət verdi və bu qərar ermənilərə və ermənipərəst qüvvələrə bir matəm oldu”.
Millət vəkilinin sözlərinə görə, bu cür hərəkətlər bir daha sübut edir ki, Azərbaycana qarşı qüvvələr şər-böhtanla məşğuldur, əsassız ittihamlar irəli sürür:
“Hesab edirəm ki, bu proseslə artıq Milan presedenti yarandı. Bu, Azərbaycanı özünə hədəf seçən qüvvələrə artıq tutarlı bir cavab oldu”.