Erməni əsgərlərinin gözünün dərinliyində ancaq qorxu və gərginlik duyulur – Elməddin Behbud
Azərbaycanın özünü Qafqazın “pələngi” hesab edənlərin əslində heç çöl pişiyi belə olmadığını cəmi 44 günə isbatlamasından sonra Ermənistan cəmiyyəti ciddi psixoloji sarsıntıya uğrayıb.
Doğrudur, Nadir şahın qətlə yetirilməsindən sonra müxtəlif hissələrə parçalanan Azərbaycan xanədanın ilk dəfə olaraq yenidən toparlanıb işğal edilmiş torpaqlarını düşməndən təmizləməsi, minlərlə düşmən əsgərini, o cümlədən xeyli sayda Xocalılının qatilini məhv etməsi müstəsna hadisə, çox böyük uğurdur.
Amma fikrimcə erməni cəmiyyətinin dərin psixoloji sarsıntıya uğradılması, yüzlərlə ailənin hələ də meyit axtarışının nəticəsini gözləməyə məhkum olunması, “güvəndikləri dağlara qar yağmasına” şahidlik etmələri və nəhayət düşmənin yaxın illərdə (bəlkə də daha uzun zaman müddətində) yaxa qurtarması mümkün olmayan məğlubiyyət sindiromuna düşməsi daha mühüm və uzun müddətli nailiyyətdir.
Ermənilər bu sindiromdan nə qədər uzaqlaşmağa çalışsalar da, məğlubiyyəti guya özlərinə yaxın buraxmadıqlarını göstərmək üçün haldan-hala düşsələr də həqiqəti gizlədə bilmirlər. Ötən 9 ayın sosialoji nəticələri bu sindromun aydın əksidir.
Diqqət edək! Müharibənin əvvəlində Lələtəpəni belə yenidən işğal etməyə iddialı olan düşmən ölkənin baş nazirinin Sovet dönəmindəki sərhədlərə çəkilməyə məcbur edildikdən, kapitulyasiya aktı imzaladıqdan sonra keçirilən seçkidə 700 minə yaxın səs alıb yenidən iqtidar olması, Ermənistanı tərk edənlərin statistikasındakı böyük artımın müşahidə edilməsi, əsgər analarının övladlarını ayrı dövlətin ərazisinə – Qarabağa göndərilməsinə etiraz olaraq aksiyalar keçirməsi, hətta vaxtaşırı olaraq əllərinin hələ silah tutduğunu, ordu adlandırdıqları hərbi birləşmələrinin mövcudluğunu göstərmək üçün Rusiya və Fransanın ayaqlarına sığınıb sərhəd postlarımızı və bir sıra digər ərazilərimizi atəşə tutmaları da bunun nəticəsidir.
BBC və Azadlıq radiosunun Ermənistandan və ermənilərin Azərbaycanda kompakt yaşadığı ərazilərdən müntəzəm hazırladığı reportajları diqqətlə izləyənlər düşmənin vahimə içərisində olduğunu hiss etməmiş deyillər. Baxmayaraq ki, bu materiallar fərqli maraqlara və niyyətlərə xidmət edir.
Araikin və Paşinyan hökumətinin nazirlərinin paylaşdığı video və şəkillərdəki erməni əsgərlərinin gözünün dərinliyində ancaq açıq qorxu və gərginlik duyulur. Əski özündənrazı və arxayın görünüşlü erməni hərbiçiləri sanki qeybə çəkilib. Kamera qarşısında nə danışmalarından asılı olmayaraq, onlar indi sadəcə ümidsizlik içində çabalayan və qeyri-müəyyən gələcəklərindən narahatlıq keçirən toplumun taleyi Azərbaycan əsgərinin barmağının toxunduğu tətikdən asılı olan zavallı fərdləridir.
Bu məsələdə bir mühüm faktor var! Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin açılmasının olmazsa olmazlığında israr etməsi, “bizim torpağımız Zəngəzurdur, Göyçə mahalıdır, İrəvandır” fikrini davamlı şəkildə və qətiyyətlə söyləməsi və bütün bunları açıqladığı hər bir fikrin sonadək arxasında dayanan, sözü imzası qədər etibarlı olan şəxsin dilə gətirməsinin erməni cəmiyyətinin düçar olduğu məğlubiyyət sindromunun daha da dərinləşməsində xüsusi payı var. Diqqətinizi konkret nümunəyə yönəltmək istəyirəm. Bildiyimiz kimi iyulun 7-də Prezident İlham Əliyevin fərmanı ilə Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonu) və Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonu) yaradılıb. Cənab Prezidentin siyasi leksikonumuza gətirdiyi və davamlı olaraq müraciət etdiyi Şərqi Zəngəzur ifadəsinin adının keçdiyi bu fərmanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasının 98-ci ildönümündə imzalanması, əlbəttə ki, bir neçə cəhətdən mühüm siyasi əhəmiyyət daşıyır.
Birincisi, Azərbaycan Zəngəzurla bağlı iddialarını siyasi müstəvidən hüquqi müstəviyə keçirir. Bir ərazinin Şərqi varsa, demək Qərbi də var…
İkincisi, Azərbaycanın regionun siyasi və iqtisadi konfiquriyasını dəyişəcək, hazırda inşa olunan yeni nəqliyyat şəbəkəsinin məsafəcə qısa (42 km), ancaq bir çox cəhətdən böyük əhəmiyyəti olan hissəsi – Zəngəzur dəhlizinin açılması ilə bağlı israrının davam etdiyini göstərir. Fərmanda Zəngəzur qəzasının yaradılması tarixinə növbəti dəfə istinad edilməsi də buna sübutdur.
Üçüncüsü, ermənilərin müvəqqəti olaraq “sülhməramlıların” nəzarət etdiyi Azərbaycan ərazisindən qarşı tərəfdəki hərbiçilərimizə atəş açıb varlıq göstərmə cəhdləri fonunda İlham Əliyevin ölkə Konstitusiyasını rəhbər tutaraq Xankəndi, Xocalı və Xocavəndin də daxil olduğu Qarabağ iqtisadi rayonu yaratması Ermənistan başda olmaqla destablizə cəhdləri göstərən bütün tərəflərə adıçəkilən ərazilərdə də Azərbaycanın Konstitusiya quruluşunun addım-addım bərpa olunacağının mesajıdır. “Status” mövzusunu müzakirə etmək üçün telefonda həmsöhbət axtaranlar Azərbaycanın bu məsələ ilə bağlı hüquqi müstəvidə də qətiyyətli qərarlarını izləməyə məcbur olacaqlar.
Hər vəchlə regiona təşrif buyurmağa çalışan Marsel Fransasının və müvəqqəti fəaliyyətinə daimilik səbəbi axtaran məlum qüvvənin dəstəyi ilə ermənilərin təxribat cəhdləri birmənalı olaraq Azərbaycan dövlətinin Xankəndi, Xocalı və Xocavənd adının tez-tez çəkildiyi fərman, sərəncam, qanun və s. qəbul etməsi və bundan da irəli gələn praktik addımlar atması ilə müşahidə olunacaq.
Bütün bunlar erməni istibleşmentinə və cəmiyyətinə öldürücü zərbələr vurur…
Əli Xocalıda və Azərbaycanın digər torpaqlarında yüzlərlə məsum körpənin və digər mülki insanların qanına batan R.Koçaryanın ötən ay parlament seçkisinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Qafanda söylədiyi fikri əslində Vətən müharibəsi nəticəsində Azərbaycanın qazandığı qələbənin regionda yaratdığı yeni siyasi vəziyyətin ən dolğun ifadələrindən biri hesab etmək olar. Koçaryan bildirmişdi ki, “mən ölkəni bunlara (yəni Paşinyan iqtidarına) təhvil verəndə Ermənistanın Azərbaycanla sərhədləri Beyləqan yaxınlığında idi, indi isə secicilərlə görüşü Azərbaycan bayrağının (Qafan aeraportuna qonşu olan yüksəklikdə dalğalanan dövlət bayrağımızı nəzərdə tutur) altında aparmağa məcburam”.
Ermənistan Müdafiə Nazirliyinin sentyabrın 15-dən dekabrın 15-nə qədər ehtiyatda olan hərbçilərin toplanışını həyata keçirəcəyini elan etməsi və baş nazirin sülh müqaviləsi üçün yenə absurd şərtlər irəli sürməsi də ermənilərin qısıldıqları dalandan çıxması baxımdan təsirsiz addımlardır. Ermənistan cəmiyyətində hələ də revanşist qrupların varlığına, onların siyasi təmərküzləşmə çabalarına, seçkidə qalib gəldikdən sonra Paşinyanın oyunpozanlıq xarakterli çıxışlarına rəğmən erməni siyasi elitasında çoxluq manevr imkanlarının tükəndiyini anlayır. Sadəcə bu anlayışlarının rəsmi təsbiti olacaq sülh müqaviləsi imzalamağın zəruriliyini etiraf edib postmüharibə dövründə Azərbaycanla dövlət sərhədlərinin delimitasiyası işlərinə başlamaqdan başqa optimal variantın olmadığını birmənalı şəkildə açıqlamağa cəsarət etmirlər.
Hələlik isə iki ölkə arasında olmayan münasibətləri gözləmə vəziyyəti adlandırmaq olar. Cənab Prezidentin bu açıqlaması 10 noyabrdan sonra üçtərəfli formatda aparılan konfedensial danışıqların istiqamətini və məzmununu aydın göstərir. Azərbaycanın diktə edən tərəf kimi mövqeyi birmənalı və dəyişilməzdir: “Biz Ermənistana gündəlik göndərmişik – Sülh müqaviləsi. Biz danışıqlara başlamağa hazırıq. Müharibə qurtarıb. Etmənistan bizim ərazi bütövlüyümüzü tanısın, sülh müqaviləsi imzalansın, sərhədlərin delimitasiyası həll olunsun. Ermənistan yeni reallıqları qəbul etməlidir – istəsə də, istəməsə də”.
ELMƏDDİN BEHBUD