Ən çox bu rayonların polisindən şikayət var – PA
“Azərbaycan polisinin fəaliyyəti nəticəsində əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 271-dən 264-ə qədər azalıb”.Aktor.Az-ın xəbərinə görə, bunu Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bildirib.
O bildirib ki, polis orqanlarının fəaliyyəti ilə əlaqədar müraciətlər az deyil:
“Dünya İqtisadi Forumunun “2017-2018-ci illər üzrə Qlobal Rəqabətlilik Hesabatı”na əsasən, Azərbaycan “Polis xidmətlərinin etibarlılığı” indikatoru üzrə irəliləyərək 137 ölkə arasında 54-cü olub.
Ötən il daxili işlər orqanları tərəfindən 1028 cinayətkar qrup zərərsizləşdirilib, 944,5 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb, 175 tona yaxın qanunsuz əkilmiş çətənə və xaş-xaş kolu məhv edilib.
Vətəndaşlara dəymiş maddi ziyanın ödənilməsi 14,5 faiz artaraq 84,9 faiz təşkil edib. Cinayətlərin ümumi sayı 2,7 faiz, yol-nəqliyyat hadisələri 8,6, qəzalarda ölənlərin sayı 1,2, xəsarət alanların sayı 14,2 faiz azalıb.
Bununla yanaşı, polis orqanlarının fəaliyyəti ilə əlaqədar müraciətlər az deyil.
İstintaqın aparılması, təhlükəsizliyin və ictimai asayişin qorunması, yol polisinin fəaliyyəti, pasport qeydiyyatı, şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı daxil olan müraciətlərin sayı Bakı şəhərinin Xətai, Xəzər, Nərimanov, Nizami, Pirallahı, Suraxanı rayonlarından, Gəncə, Lənkəran, Yevlax, Ağcabədi, Ağdam, Cəlilabad, Göygöl, Qəbələ, Oğuz, Saatlı, Siyəzən, Şabran, digər şəhər və rayonlardan nisbətən çox olub.