İllərdi mənzil gözləyən jurnalistləri bundan məhrum etmək ədalətli olmaz – Deputat
“Jurnalistlər üçün tikilmiş evi qeyd etdiyiniz şəxslərə verməklə onların problemlərini həll etmək mümkün olmayacaq. Həm də məsələnin mənəvi tərəfi də var, onlar ehtiyac üzündən həmin evləri qəbul etsələr də, daxillərində həmişə bir narahatlıq qalacaq. Hazırda 51 milyard dollara qədər valyuta ehtiyatımız var. Dövlət Neft Fondundan evə ehtiyacı olan qeyd etdiyiniz şəxslərə mənzil almaları üçün vəsait ayrılmalıdır. Bu, həm də tikinti sektorunun inkişafına təkan verər, neqativ halların qarşısını alar. Yoxsa jurnalistlərin bir qisminə mənzil verib və neçə illərdi həsrətlə mənzil gözləyən digərlərini bundan məhrum etmək ədalətli olmaz. Bu məsələ ilə əlaqədar müxtəlif təkliflər səsləndirilir. İnsanların fikir azadlığına və fikir müxtəlifliyinə hörmətlə yanaşmaq lazımdır. Müzakirələr də etika çərçivəsində aparılmalıdır. Amma mənim fikrimcə, belə bir qərarın qəbul olunması yanlış olardı”.
Bu sözləri jurnalistlər binası ilə bağlı yaranmış vəziyyəti şəhr edərkən BAXCP sədri, deputat Qüdrət Həsənquliyev belə deyib.