Narkomaniya ilə mübarizə, səhiyyə və sağlamlıq sahəsində ixtisaslaşan təşkilatlarla müzakirələr aparılıb
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvlərinin qeyri-hökumət təşkilatları ilə silsilə görüşləri davam edir. Agentliyin Müşahidə Şurasının üzvü Azər Allahverənovun moderatorluğu ilə təşkil olunan növbəti onlayn görüş narkomaniya ilə mübarizə, səhiyyə və sağlamlıq sahəsində fəaliyyət göstərən təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilib.
Tədbiri giriş sözü ilə açan Agentliyin İcraçı direktoru Fuad Dərgahlı qurumun məqsəd və vəzifələri, fəaliyyət istiqamətləri, qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq perspektivləri barədə geniş danışıb, hazırda icra olunan işlər haqqında müfəssəl məlumat verib və təmsil etdiyi qurumun yaxın gələcəkdə həyata keçirəcəyi fəaliyyətlərə nəzər salıb.
Ölkədə narkomaniya ilə mübarizə, səhiyyə və sağlamlıq sahələrində həyata keçirilən dövlət siyasəti barədə danışan Müşahidə Şurasının üzvü Azər Allahverənov bu istiqamətlərdə mövcud olan aktual məsələlərə toxunub və həmin sahələrdə vətəndaş cəmiyyəti institutlarının, xüsusilə qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün geniş spektrin olduğunu bildirib. Xüsusən qeyd olunub ki, məhz bu mövqedən çıxış edərək, qeyri-hökumət təşkilatları ilə məsləhətləşmələrin və müzakirələrin aparılması gələcəkdə Agentliyin xətti ilə keçirilməsi planlaşdırılan müsabiqə mövzularının müəyyən edilməsi baxımında olduqca vacibdir.
Agentliyin qeyri-hökumət təşkilatları ilə keçirdiyi silsilə sahəvi görüşlərin əhəmiyyətini vurğulayan tədbir iştirakçıları söylənilən fikirlərə münasibət bildiriblər və onların fəaliyyət göstərdikləri sahələrdə aktual olan məsələlərin həllinə dair təkliflərlə çıxış ediblər. Narkomaniya ilə mübarizə, səhiyyə və sağlamlıq sahəsində dövlət, o cümlədən qrant siyasətinin təkmilləşdirilməsi və gücləndirilməsi, hədəf qrupları arasında profilaktik tədbirlərin həyata keçirilməsi, maarifləndirmə, təbliğat və təşviqat işinin yaxşılaşdırılması, qeyd olunan sahələrdə ixtisaslaşan qeyri-hökumət təşkilatlarının institusional inkişafına köməkliyin göstərilməsi, ictimai iştirakçılığın geniş şəkildə təşviq olunması, qanunvericilik sahəsində islahatların aparılması istiqamətlərində icrası vacib olan fəaliyyətlər barədə fikirlər söylənilib. Bununla yanaşı bildirilib ki, bir çox sahələrdə olduğu kimi, narkomaniya ilə mübarizə, səhiyyə və sağlamlıq sahələrində müsbət nəticələrin əldə olunması bir çox aktual məsələlər ətrafında səylərin səfərbər edilməsini, yeni yanaşmaların formalaşdırılmasını zəruri edir. Autizm spektrinin pozuntusu olan şəxslərin dəstəklənməsi və bu sahədə dövlət proqramının qəbulu ilə bağlı lobbiçilik fəaliyyətinin təşkili üçün geniş imkanların yaradılması bu kimi yeni yanaşmaların bərqərar olunmasını tələb edən məsələlərdəndir.
Görüşün sonunda Azər Allahverənov tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, narkomaniya ilə mübarizə, səhiyyə və sağlamlıq sahəsində ixtisaslaşan təşkilatların qaldırdıqları məsələlərə nəzər yetiriləcək və həmin problemlərin həlli istiqamətində birgə səylərin səfərbər edilməsi və bunun üçün zəruri şəraitin yaradılması məqsədilə maraqlı tərəflərin iştirakı ilə müvafiq məsləhətləşmələr aparılacaqdır.