İrəvan Tehrana niyə “iradını” bildirmir?
İranın Azərbaycandakı Səfirliyi “Twitter” hesabında prezident İbrahim Rəisinin təbrikini paylaşıb. İranın yeni prezidenti işğal olunmuş ərazilərin azad edilərək Azərbaycanın öz milli hakimiyyətini bu ərazilərdə bərpa etməsi və dövlət sərhədlərinə nəzarətin təmin olunması münasibətilə Azərbaycan Prezident İlham Əliyevi təbrik edib. İranın yeni seçilmiş prezidentinin sözlərinə görə, yeni fürsətlərdən faydalanaraq və məsləhətləşmə yolu ilə əməkdaşlıq yüksələn templə inkişaf edəcək, bölgədə sabitliyin və əmin-amanlığın möhkəmlənməsinə öz töhfəsini verəcək.
Müharibədən sonra eyni sözləri İranın keçmiş prezidenti, o cümlədən bu ölkənin Azərbaycandakı keçmiş və indiki səfirləri də demişdilər. Bundan başqa İranın ali dini liderinin Azərbaycandakı təmsilçisi bir neçə gün əvvəl azad olunan Şuşaya gedərək məsciddə namaz qıldı. Maraqlısı odur ki, Ermənistan hakimiyyəti Azərbaycanın müharibədə uğuruna şərik olan ölkələri hədəf götürərkən, həmin ölkələrin səfirlərini Ermənistan Xarici İşlər Nazirliyinə çağırarkən, İranın adını hallandırmırlar.
İrəvan bunu İrandan çəkindiyinə görə edir, yoxsa başqa səbəb var?
Aydındır ki, kiçik və əldən düşmüş Ermənistan İran dövlətinin prezidentinə “Siz niyə Azərbaycanı müharibədə qələbə münasibətilə təbrik etdiniz” iradını bildirəcək cəsarətə sahib deyil. Bunu heç vaxt etməyiblər. Buna baxmayaraq, Ermənistan dost və müttəfiq saydığı Yunanıstana irad tutub ki, “Sənin Azərbaycandakı səfirin niyə Şuşaya gedib?”
Ermənistanda ona arxayındılar ki, İran rəsmilərinin Azərbaycanı təbrik etmələrinə baxmayaraq, Tehran Ermənistanla əməkdaşlığın səviyyəsini azaltmayacaq və Ermənistanı “anti-Turan” layihəsində istifadə edəcək. Bizim üçün vacibdir ki, Tehranın sözü ilə əməli üst-üstə düşsün. Ən azı İranın Ermənistandakı səfiri deyilənləri təkzib etməsin. Misal üçün İranın Azərbaycandakı kemiş səfiri Cavad Cahangirzadə ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəyini hər zaman bu şəkildə ifadə edirdi: “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”. Bundan başqa Cavad Cahangirzadə hər il iyun ayında qeyd edilən “Qüds günü” münasibətilə bu fikri də səsləndirirdi: “İran Azərbaycan və Fələstin torpaqlarının işğaldan azad olunmasını istəyir”. Cavad Cahangirzadə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyevlə görüşündə Ermənistan tərəfindən işğal edilmiş torpaqların sülh yolu ilə geri qaytarılmasının, regionda stabilliyi qoruyub saxlamağ üçün ən yaxşı yol olduğunu bildirmişdi. Bunun qarşılığında İranın Ermənistandakı səfiri Abbas Bədaxşan isə ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həllində balanslaşdırılmış mövqeyi dəyişmədiyini və Bakıdakı həmkarının bu şəkildə təkzib etmişdi: “Əgər fərqli fikir söyləyənlər varsa, onların mövqeyi İran hökumətinin baxışını əks etdirmir, rəsmi mövqe İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi vasitəsilə təqdim edilir, onun açıqlamalarında isə fərqli heç nə yoxdur”.
İndi İran prezidenti özündən əvvəlki kimi ərazi bütövlüyünü bərpa etməsi və sərhədlərinə nəzarət etməsi münasibətilə Azərbaycan prezidentini təbrik edibsə İranın Ermənistandakı səfiri buna ayrı nə “don” geyindirə bilər ki?
Elxan Şahinoğlu, “Atlas” Araşdırmalar Mərkəzi