Reyestrin yaradılması jurnalistləri sıxma-boğmaya salmaq niyyətindən xəbər verir – Media hüquqçusu
Yanvarın 12-də prezident İlham Əliyev Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında fərman imzalayıb.Fərmanda digər məsələlərlə yanaşı «Media haqqında» Azərbaycan Respublikası qanununun layihəsinin iki ay müddətində hazırlanması nəzərdə tutulmuşdu.Bəzi ekspertlərin həmin müddəaları söz azadlığına növbəti basqı kimi qiymətləndirir.
Media hüquqçusu Xalid Ağəliyev isə “Azadlıq” radiosuna bildirib ki, qanun layihəsinin tam mətni ictimaiyyətə açıqlanmadıqca layihənin məzmunu haqda mülahizələr irəli sürmək xeyli çətindir: «Həm də layihənin hazırlanmasına beynəlxalq, özəlliklə də Avropa Şurası ekspertlərinin cəlb edilməməsi, rəy üçün müraciət edilməməsi və layihənin israrla qapalı tutulmasının özü də xeyli şübhələr yaradır və qanunun mütərəqqiliyi baxımından nikbinliyi aradan qaldırır».
Ekspert indiyə kimi qanun layihəsi ilə bağlı rəsmilərin dilindən əsasən üç məsələnin açıqlandığına diqqət çəkir: «Qanun layihəsi ilə bağlı rəsmilərin dilindən bizə 3 məsələ bəllidir – bunlar jurnalistlərin vahid vəsiqə qaydasına təbe etdirilməsi, İnternet medianın lisenziyalaşdırılması və mediaların reyestrinin yaradılması, dolayısı ilə jurnalistlərin statusu məsələləridir. Bəlli olan məzmun baxımından hesab edirəm ki, hər 3 məsələ ilə bağlı yanaşma ifadə azadlığı hüququ konsepsiyaları baxımından ciddi mübahisəlidir və ayrı-seçicilik elementləri hiss olunur».
Vahid vəsiqə qaydasının tətbiqinə toxunan Xalid Ağəliyev deyib ki, media, jurnalistika hökumətin fəaliyyətinə ictimai nəzarəti həyata keçirir: «Bu qayda imkan verir ki, hökumət onun işinə nəzarətçiləri özü seçsin. İnformasiya əldə etmək, hazırlamaq, yaymaq Konstitusiya ilə, Azərbaycanın tərəfdaş çıxdığı beynəlxalq müqavilələrlə yalnız jurnalistlərə verilən haqq deyil, hər bir vətəndaş bu haqqa sahibdir. Dövlət jurnalistlərin daha effektiv işləyə bilməsi üçün onlara akkreditasiya kimi əlavə imkanlar yaradan tədbirlər görə bilər». Onun sözlərinə görə, vahid vəsiqə qaydasını əlavə imkan yaradılması adı ilə tətbiq etmək doğru deyil: «Qanuna uyğun yaradılan redaksiyalar var, redaksiya siyasəti var, onların vəsiqəsi dövlətin jurnalistika üçün yaradacağı imkanlardan yararlanmaq üçün yetərli olmalıdır».
Televiziya və radiolardakı kimi İnternet televiziyalarının da lisenziya almaq qaydasına tabe etdirilməsini ifadə azadlığı hüququna uyğun saymayan ekspert bütün mediaların vahid reyestrinin yaradılması qaydasından mütərəqqilik qoxusu gəlmədiyini vurğulayıb: «2005-ci ildən bütün dövlət qurumlarının üzərinə vəzifə qoyulub ki, informasiya reyestrlərini yaratsınlar. Məncə, hökumət, Media Agentliyi jurnalistlərə yardımçı olmaq istəyirsə 16 ildir icra edilməyən bu vəzifələrini dövlət orqanlarına xatırlatmalıdılar. Bütün mediaların reyestrinin yaradılması, reyestrə daxil olanların jurnalist sayılması kimi qaydalar çağdaş ifadə azadlığı hüququ baxımından ciddi problemli, ayrı-seçicidir».
O qeyd edib ki, texniki məsələ olaraq, mediaların reyestri onsuz da mövcuddur, hökumətin əlindədir: «Qəzetlər Ədliyyə Nazirliyini bilgiləndirib fəaliyyətə başlayır, sayt vergidən qeydiyyatdan onsuz da keçir və gərəkli bilgiləri təqdim edir. Belə olan halda əlahiddə bir reyestrin yaradılması medianı, jurnalistləri daha rahat kontrol etmək, yönəltmək, sıxma-boğmaya salmaq niyyətindən xəbər verir».