“Villa sahibləri dənizə girişi yenidən qapadıblar, siçan-pişik oyunu…” – Ekspertdən narazlıq!
Pirşağıdakı bahalı villa sahibləri yerli sakinlər və istirahətə gələn insanlarla siçan-pişik oyununu davam etdirirlər.Aktor.Az xəbər verir ki, bu sözləri şərhçi Elxan Şahinoğlu deyib.
O, bildirib ki, ərazidəki villa sahibləri dənizə girişi yenidən qapadıblar:
“Villa sahibləri dənizə qədər hasarlar tikmişdilər. İllərdir bu mövzuda yazdım, media da işıqlandırdı. Villa sahibləri məcbur qalıb dəmir hasarları yığışdırdılar, ancaq dözməyərək bir müddət sonra yenə dənizə girişləri betonlarla hasarladılar. Mübarizə davam etdiyindən oliqarxlar beton hasarları sökmək məcburiyyətində qaldılar. Üstəgəl Pirşağıda İctimai çimərlik çalışmaları getdiyindən və prezident də bir neçə ay əvvəl kəndə gələrək yenidərquma işlərinə start verdiyindən düşünmək olardı ki, bahalı villa sahibləri bu dəfə “dənizi hasarlarla bağlayacam” siyasətlərinə son verəcəklər. Ancaq villa sahibləri olan oliqarxlar bu dəfə də “sübut etdilər” ki, onlar hamıdan güclüdürlər. Villa sahibləri dənizə girişi yenə də iki tərəfdən qapatdılar.
Qarabağ yenidən qurulmalı və ağıllı kəndlər həyata vəsiqə qazanmalıdır. İnanmaq istərdim ki, Qarabağ Azərbaycanın başqa bölgələri kimi “daş hasarlara” təslim olmayacaq, ağıllı kəndlərdəki evlər qədimdə olduğu kimi sadə çəpərlərlə bir-birindən ayrılacaq. Sivil dövlətlərin çoxunda heç bu da yoxdur” – deyə E.Şahinoğlu qeyd edib.